Sərhəddə növbəti təxribat cəhdi
Siyasət

Sərhəddə növbəti təxribat cəhdi

Cənubi Qafqazın "cığal uşağı" görünür Ermənistandır. Davamlı olaraq öz "ağalarından" nə isə tələb edir. Azərbaycanla şərti sərhəddə, xüsusən də Naxçıvan istiqamətində yeni hərbi infrastrukturun yaradılması üçün intensiv işlər aparması, növbəti hərbi təxribatın hazırlanması istiqamətində cəhdləri onun “ərköyün” hərəkətlərinə olduqca uyğun gəlir.

Xatırladaq ki, bu kimi hərəkətlə düşmən ölkə ötən ilin yay aylarında şərti sərhəddə daha da intensivləşmişdi. "Sisakan" dəstəsinin döyüşçüsü Aşor Avaqyan bildirib ki, ermənilər Azərbaycan sərhədinə ordu yığır. O, həmçinin qeyd edib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib: "Gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir".

Budur Ermənistanın "sülh gündəliyi"nin icmalı. Bütün bunlar hayların sülh prosesində əsla maraqlı olmadığını sübut edir. Vəziyyət göz qabağındadır. Xarici güc faktorları bölgədə təxribat üçün Ermənistandan kukla kimi istifadə edirlər. Ümumiyyətlə, Qərb qonşumuz hər zaman sülh danışıqları olan zaman ölkəmizin əleyhinə müxtəlif təxribatlar törədib. Bundan öncəki Brüssel və Vaşinqton görüşlərində də haylar bu təxribatlara əl atıb. Ermənistan hakimiyyəti bu cür addım atmaqla müasir geosiyasi reallıqları dəyişməkdən başqa məqsəd güdmür. Hazırda məhz hərbi seqmentin işə düşməsi, Azərbaycanla sərhəddə ordunun yüksək döyüş hazırlığına gətirilməsi, hərəkətliliyin artması Ermənistanın məkrli niyyətindən xəbər verir.

Bundan başqa, yayılan bu xəbərlərdən sonra bölgədə olan "xoşməramlı" Aİ missiyası və ABŞ açıqlama verərək, onun yalan olduğunu bildirib, Ermənistan Müdafiə Nazirliyi isə yayılan videogörüntüləri və ittihamları təkzib edərək bunu "dezinformasiya" adlandırıb. "Azərbaycan Müdafiə Nazirliyi, həmçinin son aylarda Ermənistan Respublikası silahlı qüvvələri üçün arxa cəbhələrdə aparılan mühəndis-istehkam və ümumilikdə müdafiə infrastrukturunun tikintisi işlərinin montaj edilmiş kadrlarını yayıb və onları son bir neçə gündə cəbhə xəttində aktiv iş və cəmləşmələr kimi təqdim edib". Qurum açıqlayıb ki, suveren ərazisi daxilində mühəndislik işləri aparmaq Ermənistanın "müstəsna suveren hüququdur". Bu fəaliyyətlər sırf "müdafiə" xarakteri daşıyır və Ermənistanın ərazi bütövlüyünün "qorunmasına" yönəlib. Nədənsə ərazidə "iş" aparmaq hayların indi yadına düşüb. Hansı ki, Ermənistanın bir sıra ölkələrdən silah-sursat aldığı xəbərləri bütün dünyanı dolaşır. Məramı bəlli olmayan Aİ missiyası isə "hər hansı qeyri-adi hərbi hərəkət" müşahidə etmədiklərini bəyan edib. Belə deyirlər: kor-kor, gör-gör. Bütün görüntülər yeni çəkilib və davamlı olaraq hərbi təchizat daşınır, sərhəd mövqeləri gücləndirilir.

İstənilən sahədə, hərbi də daxil olmaqla Azərbaycan olduqca güclü və qətiyyətlidir. Şübhəsiz ki, ordumuz Ermənistanla şərti sərhəddə üstünlük təşkil edir. Lakin haylar onlara dəstək olan havadarlarının köməkliyi ilə və verilən silahlardan istifadə edərək sərhəddə ciddi təxribat törətmək niyyətindədirlər. Bu isə qəbuledilməzdir. Hər bir halda Paşinyan administrasiyası həm bölgədə əmin-amanlığın, həm də xalqının rifahının təmin olunması yönündə addım atmalıdır. Buna nail olmaq isə həddindən artıq sadədir. Sərhədlərin delimitasiyası ilə bağlı işlər başa çatdırılmalıdır. Həm də Ermənistan mina və digər humanitar problemlərin və böhranların həlli üçün səmimi niyyət ortaya qoyarsa, sülh müqaviləsinin bağlanmasına səyləri məqbul hesab edilə bilər.

Töhfə SƏMƏDOVA,

"Respublika".