Şuşa şəhəri İƏT Gənclər Forumu tərəfindən 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib
Digər xəbərlər

Şuşa şəhəri İƏT Gənclər Forumu tərəfindən 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib

Qarabağın incisi - Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib.

"Respublika" xəbər verir ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında qəbul olunub. İclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi “Gənclər paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova iştirak ediblər.

İclasdan sonra mediaya açıqlama verən Fərhad Hacıyev İstanbulda başlayan bu layihə çərçivəsində onuncu “Gənclər paytaxtı” kimi Şuşanın seçilməsinin qürurverici olduğunu deyib. Bildirilib ki, bu layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. Müxtəlif ölkələrdən gənclər gələn il təşkil ediləcək tədbirlərdə iştirak edəcək, tarixi Şuşa şəhərimiz və şuşalı gənclərimizlə yaxından tanış olacaqlar.