Xalqın milli iradəsinin, ləyaqətinin təntənəsi
Siyasət

Xalqın milli iradəsinin, ləyaqətinin təntənəsi

8 noyabr Azərbaycan tarixində təkcə Vətənimizin incisi olan Şuşanın düşmən işğalından azad olunduğu gün kimi deyil, həm də ədalətin bərpa olunduğu Zəfər Günü kimi qalacaq. 8 noyabr həm də Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun döyüş ruhunun, xalqımızın milli birliyinin, vətən sevgisinin, mübarizə əzminin, yumruq kimi bir olmağın nümayişi günüdür. Məhz noyabrın 8-də şanlı ordumuzun Şuşa şəhərini işğaldan azad etməsi düşmən üzərində qələbəni təmin etdi. Bundan sonra müharibənin nə ilə nəticələnəcəyi hər kəsə – dosta da, yağı düşmənə də aydın oldu. Odur ki, Şuşanın azad olunmasından heç iki gün keçməmiş Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf edərək Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat - kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Çünki Şuşa böyük strateji əhəmiyyət kəsb edən bir coğrafiyada yerləşir.

İkinci Qarabağ savaşında əldə edilən qələbə heç də asan başa gəlməyib. Odur ki, Zəfər Günü haqqında danışarkən mütləq tarixə nəzər yetirmək və keçmişdən nəticə çıxarmaq lazımdır. İki yüz il əvvəl çar Rusiyası zamanı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq azərbaycanlılara qarşı etnik dözümsüzlük nümayiş etdirən ermənilərin 1905-1907 və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirməsini, 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin  İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymasını, daha sonra 1948-1953-cü illərdə 150 min azərbaycanlının Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmasını, 1988-ci ildə daha 230 min soydaşımızın öz doğma yurdundan qovulmasını heç bir zaman unutmamalıyıq. Çünki unutqanlığımız nəticə etibarilə Qarabağın işğalına, Xocalı və digər ərazilərdə həmvətənlərimizə qarşı misli görünməmiş soyqırımına, minlərlə əsgər və zabitimizin, dinc mülki əhalimizin ölümünə gətirib çıxardı.

Bunları unutmadığımız kimi, ərazilərimizin işğal altında olduğu 30 il ərzində dünya birliyinin buna necə izləyici qismində yanaşdığını, 24 mart 1992-ci ildə təsis olunmuş, əvvəl ATƏM, daha sonra ATƏT adlandırılan təsisatın keçmiş Minsk Qrupunun məsələnin həllinə yox, dondurulmasına çalışdığını, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il kağız üzərində qalmasını  və icra olunması üçün heç bir addım atılmamasını da unutmamalıyıq. Çünki məhz beynəlxalq birliyin işğalçı Ermənistana təzyiq göstərməməsi və bundan ruhlanan ermənilərin yeni ərazilər uğrunda müharibə çağırışları, eləcə də Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistan olması ilə bağlı sərsəm açıqlamaları müharibəni qaçılmaz etdi.

2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistanın təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun bütün cəbhəboyu ərazilərdə sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik ordumuzun nəzarətinə keçdi. Sözsüz ki, bu qələbə yenilməz Azərbaycan xalqının milli iradəsinin, daima qələbəyə köklənən ruhunun, ləyaqətinin təntənəsi idi.

Təbii ki, güclü ordu və effektiv diplomatik fəaliyyət olmadan torpaqlarımızın işğaldan azad olunması üçün əməliyyatlara başlamaq mümkün deyildi. Vətən müharibəsi göstərdi ki, Azərbaycan keçən illər ərzində həm ordu quruculuğu, həm də münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət istiqamətində çox böyük işlər görüb. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Azərbaycan müdafiə potensialının gücləndirilməsinə, ordunun peşəkarlığının artırılmasına külli miqdarda vəsait yatırıb. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti yüksəldilib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. Ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması və inkişafı ilə hərbi qüdrətimiz daha da artıb. Son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunub. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Bunlar olduqca vacib idi. Çünki sirr deyil ki, Azərbaycanın Birinci Qarabağ savaşında məğlub olmasını şərtləndirən amillərdən biri də yaxşı təlim keçmiş, peşəkar hərbi kadrların olmaması idi. Bu boşluğun aradan qaldırılması üçün çox işlər görülüb və nəticəsi də göz qabağındadır. Bu gün Azərbaycan Ordusu peşəkarlığı, gücü, qarşısına qoyulan vəzifələri yerinə yetirmək baxımından bir çox ölkələr üçün nümunəvi orduya çevrilib.

Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək münaqişənin həlli üçün hüquqi baza yaratmağa nail olub. Bu illər ərzində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatların müvafiq qətnamələr qəbul etməsi nəticəsində münaqişənin həlli üçün hüquqi əsaslar əldə olunub. Sözsüz ki, müharibənin gedişində təzyiqlərlə də üzləşdik. Erməni lobbisi bütün maliyyə və siyasi imkanlarını səfərbər edərək müharibəni dayandırmağa və qələbəmizə mane olmağa çalışdı. Lakin erməni diasporunun və Ermənistana bu gün də havadarlıq edən ayrı-ayrı ölkələrin cəhdləri nəticəsiz qaldı və Azərbaycan öz əks-hücumunu məntiqi sonluğa çatdırdı.

Keçən dövr ərzində milli birliyin əldə edilməsi üçün də müvafiq addımlar atılıb. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərin, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi İkinci Qarabağ savaşında qələbəmizin təmin edilməsində xüsusi rol oynayıb.

Bu gün artıq Qələbənin əldə edilməsinin üçüncü ildönümünü qeyd edirik. Qarabağın Azərbaycan olduğu bütün dünya tərəfindən, o cümlədən, Ermənistanın özü tərəfindəndə qəbul olunur. Antiterror tədbirlərinin nəticəsi olaraq suverenliyimiz bərpa olunub. Qarabağdakı separatçı rejim özünü buraxaraq ərazilərimizi tərk edib. Əli Azərbaycan xalqının qanına batmış erməni terrorçuları bir-birinin ardınca həbs olunaraq ədalət məhkəməsi önünə çıxarılır. Azad edilmiş ərazilərimizdə sözün əsl mənasında misli görünməmiş bərpa, quruculuq işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlərimiz yenidən salınır. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər tikilir. Bir sözlə, azad edilmiş torpaqlarımıza həyat qayıdır.

İndi bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə Cənubi Qafqazda yeni reallıqlardan ibarət tamamilə fərqli bir mənzərə yaradıb. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat konyekturunu yenidən tərtib edib. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region dövlətlərinin maraqlarını təmin etdiyi üçün ölkəmizin beynəlxalq nüfuzu da güclənib və proses bu istiqamətdə də davam edir.

Hazırda Azərbaycan xalqı şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı hesabına əldə edilmiş qələbənin sevincini yaşayır. Bu qələbə tarixdə əbədi qalacaq, şəhidlərimiz heç vaxt unudulmayacaq.

Rəşad BAYRAMOV,

siyasi şərhçi.