Xunta,
Siyasət

Xunta, "qansoran zəlilər" tamamilə ifşa olundu

"Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  sentyabrın 20-də xalqa müraciətində deyib.

Ölkəmiz həmişə humanist mövqedən çıxış edərək, öz prinsiplərinə sadiq qalıb və erməni əsilli şəxslərin rifahı üçün bütün vacib fəaliyyətləri həyata keçirməyə hazır olduğunu dəfələrlə bildirib. Ancaq Xankəndidəki xunta rejimi Azərbaycanın reinteqrasiya çağırışlarına məhəl qoymayıb. Sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, mina terrorunun qurbanı olub. Bu minaların 2021-ci ildə Ermənistanda istehsal olunması göstərir ki, Ermənistan  məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirməyə hazırlaşır. Bu kimi təxribatlara cavab olaraq, Azərbaycan dərhal lazımi addımlar atıb və lokal xarakterli antiterror tədbirlərinə başlanılıb və qarşıda duran bütün vəzifələr bir gün ərzində yerinə yetirilib. Ölkəmizin ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış silahlı birləşmələrin böyük hissəsi, həmçinin hərbi texnika tamamilə məhv edilib. Onu da qeyd etmək lazımdır ki, antiterror tədbirləri nəticəsində sadəcə hərbi infrastruktur sıradan çıxarılıb. Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı sayəsində mülki vətəndaşlar heç bir zərər görməyib.

Xunta rejiminin təslim olması və döyüş mövqelərini tərk etməsi ilə yanaşı, silah-sursat anbarı da  aşkar olunub. Ərazilərdə yerləşən tikililər bu məqsədlə istifadə edilib və burada raket, artilleriya mərmiləri, minalar kimi müxtəlif çaplı döyüş sursatları mövcud olub. Bölgədəki erməni əhalinin ac olduğunu, buraya ərzaq yardımı gəlmədiyini deyən xunta rejiminin yalanları bununla bir daha ifşa olunub.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzalarını alıblar, bəziləri də alacaqlar.

Qərbdəki bəzi güclərin bölgəyə müdaxiləsinə, buradakı məsələləri süni şəkildə alovlandırma cəhdlərinə rəğmən, Cənubi Qafqaz əhalisi artıq sülh istəyir. Erməni xalqının əli ilə regionda söz sahibi olmaq istəyənlər anlamalıdırlar ki, Qarabağ Azərbaycanın öz daxili məsələsidir və ölkəmiz bunu öz siyasəti ilə həll etməyə qadirdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İndi Qarabağda elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər tikilir. Bölgədə artıq yeni vəziyyət yaranır, kriminal xunta rejiminin yaratdığı gərginlik, "boz zona" tarixə qovuşur.

 

Nurcan SÜLEYMANOVA,

"Respublika".