Yaddaşlarda həm də nəğmələri ilə yaşayanlar
Digər xəbərlər

Yaddaşlarda həm də nəğmələri ilə yaşayanlar

Notlara həyat verən polisin Vətən musiqisi

Xalqımız döyüş əzmini Vətən müharibəsində bir daha nümayiş etdirdi. İllər öncə məcburi köçkün həyatının məngənəsində sıxılan, çadır şəhərciklərində doğulan uşaqlar həsrətdən beli bükülən, saçı ağaran ata-analarından öncə görmədikləri, bələd olmadıqları yurd yerlərinə qovuşmağın sevincini yaşadılar.

Sevincini, yanğısını, səsinin şirinliyinə qatanlar müharibə bitdikdən sonra Azərbaycan musiqisinin də Vətən müharibəsində döyüşdüyünü minlərə, milyonlara çatdırmağı xəyal etsələr də, arzusuna çatanlar çox az oldu. Düşmən gülləsi onları sıramızdan ayırsa da səsləri, ifaları yaddaşımızda qaldı.

Məsələn, Xudayarın "Vətən yaxşıdır" təsnifini oxuması ilə sıradan bir müğənninin ifası arasındakı fərq hər mənada özünü göstərir. Vətən andı içmiş, əyninə müqəddəs uniforma geyinmiş əsgərin, gizirin, zabitin Vətən yaxşıdır deməsinin təsir gücü daha böyükdür. Dinləyici Vətən keşikçisinin Vətən yaxşıdır fikrinə ona görə inanır ki, Vətənin bütövlüyü uğrunda hər an canından keçməyə hazır olan biri bunu deyir...

Vətən müharibəsi iştirakçısı, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən polis kiçik serjantı Əzizbəy Muradovla Xudayar Yusifzadə Vətən müharibəsində ayrı-ayrı cəbhədə döyüşsələr də, onları birləşdirən bir arzu, bir amal idi: Vətənin azadlığı. Çünki bu azadlıqda hər şey vardı: buludsuz göylər, aydın səma, yerlə-yeksan olunan ocaqlara tarixi qayıdış və bir də dalğa-dalğa ucsuz-bucaqsız çöllərə yayılan Vətən musiqisi...

Əzizbəy şirmayi dillərini əzizləyə-əzizləyə "İncəbellim"i ifa etdiyi pianonun yaddaşında bəlkə də qalmayacaq. Ancaq bizim yaddaşımızda o bir qəhrəman kimi qalacaq. Müharibə bitdikdən sonra Vətənə xidmətini davam etdirmək istəyi onu daxili işlər orqanlarının sırasına gətirmişdi. DİN Əlahiddə Çevik Polis Alayının əməkdaşı kimi asayişi qorudu, sabitliyin keşiyində dayandı...

Lokal antiterror tədbirlərində Azərbaycan əsgərinə dayaq olmaq, təhlükəsizliyi təmin etmək üçün səfərbər olunan Azərbaycan Polisinin ön sırasında musiqiçi, Vətən müharibəsi iştirakçısı və polis kiçik serjantı Əzizbəy Muradov da vardı. Can qurtarmağa gedərkən düşmən məkri onunla birlikdə qardaşlarımızın canını aldı. Bu dəfə "Adını mən qoydum, ömrünü tanrı versin" deyən dədəmiz Qorqudu göylər eşitmədi. "İncəbellim" Əzizbəysiz qalsa da, o Vətən tarixinə, musiqi dünyamıza əbədi həkk olundu.

Hafiz TƏMİROV,

polis polkovnik-leytenantı.