Zəngəzur dəhlizi açılmalıdır
Siyasət

Zəngəzur dəhlizi açılmalıdır

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə və 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi Cənubi Qafqaz regionunda yeni geostrateji reallıqların yaranmasına səbəb olub.

Həmçinin bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühiti formalaşıb. Dövlətimizin təşəbbüsləri ilə kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizlərinin yaradılması gələcək üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir. Hazırda ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri  də Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. Böyük güclərin əksəriyyəti də Asiyadan Avropaya doğru uzanan, geniş coğrafiyada yerləşən bu layihənin reallaşmasında maraqlıdır. Zəngəzur dəhlizinin imkanlarından yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq vacibdir.

Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu, eyni zamanda rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. İrəvan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar heç bir müsbət addım atmaq niyyətində deyil, əksinə prosesi ləngitməyə, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışır. Bütün bunlara baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizini reallığa çevirməkdə israrlıdır. Xüsusi vurğulamaq lazımdır ki, dəhliz həm regional, həm də beynəlxalq aləmdə mühüm əhəmiyyətə malikdir. Bəzi analitiklərin fikrincə, Zəngəzur dəhlizinin açılması Çinin iqtisadiyyatına da müsbət təsir edəcək. Bu layihə, eyni zamanda regional və beynəlxalq yükdaşımalarda əsas "həlqə" statusunu qazanacaq.

 Bu gün Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Ermənistan da bu platformalarda təmsil olunmaq istəyirsə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yeri gəlmişkən, Zəngəzur dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Sonuncu bəyanatda dəhlizin bərpasının 2021-ci ilin 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Məhz həmin bəyanatlar və qəbul edilən sənədlər Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə legitimliyi üçün siyasi, hüquqi cəhətdən əsas yaradıb. Əfsuslar olsun ki, Nikol Paşinyanın bu məsələdə göstərdiyi destruktiv mövqe, eyni zamanda prosesə üçüncü tərəflərin müdaxiləsi Zəngəzur dəhlizinin açılmasına əngəl törədir.

Bir məqamı da qeyd edək ki, bu gün sözügedən layihənin reallaşmasından Ermənistanla yanaşı, İran da narahatdır. Rəsmi Tehran iddia edir ki, Zəngəzur dəhlizi açılarsa İran-Ermənistan sərhədi aradan qalxacaq, İranın Avropa ilə bağlantısı kəsiləcək. Bununla yanaşı, rəsmi Tehran hesab edir ki, Zəngəzur dəhlizi açılarsa İran Azərbaycanı Naxçıvana bağlayan tranzit ölkə olma özəlliyini itirəcək. Dəhlizin reallaşması fonunda İrana ehtiyac olmadan Bakı ilə Naxçıvanı bir-birinə bağlamaq mümkün olduğu kimi, türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasının da qarşısı açılacaq. Sözsüz ki, İranın Cənubi Qafqazdan çıxarılacağı, eləcə də ölkənin "Bir kəmər, bir yol" ilə Çindən Avropaya və Asiyaya gedən yollardan təcrid olunacağı barədə düşüncələri absurddur. Zəngəzur dəhlizinin açılması region ölkələri arasında ticari-iqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. İlk olaraq Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Layihə iki dövlət arasında turizm və iqtisadi sahədə qarşılıqlı əlaqələrin inkişafına da töhfə verəcək. Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq, Rəsmi Ankaranın türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Hazırda qardaş ölkə Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində iş aparır və həmin layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə isə dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına təkan verəcək.

Bütün bunlar Zəngəzur dəhlizinin açılmasının vacibliyini göstərir. Ermənistan mövcud reallıqları nəzərə alaraq addımlar atsa və üzərinə düşən öhdəlikləri yerinə yetirsə gələcəkdə bu layihədən faydalana bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".