DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ KABIL AEROPORTUNUN FƏALIYYƏTI ÜÇÜN IKI ÖLKƏ ILƏ BIRGƏ IŞLƏYIR

“Kabil hava limanının işlək və açıq qalması mövzusunda Türkiyə və Qətər ilə birgə fəaliyyət göstəririk”. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib.

Vacib tərəfdaşlar olan türklər və qətərlilərlə fəaliyyət göstərməyin xüsusi bir mövzu olduğunu bildirən Cen Psaki, hava limanının açıq qalmasının hər kəsin marağına uyğun olduğunu qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, hava limanı vasitəsilə təkcə insanların evakuasiyası deyil, həm də humanitar yardımların çatdırılması mümkündür.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərakatı Kabil hava limanının idarə olunması üçün Türkiyə və Qətərdən texniki yardım istəyib.

 

“TALIBAN” VƏ MÜQAVIMƏT QÜVVƏLƏRI ARASINDA DANIŞIQLAR BAŞ TUTMADI

Əfqanıstanın Pəncşir əyalətində “Taliban” və Əhməd Məsudun başçılıq etdiyi müqavimət qüvvələri arasında genişmiqyaslı münaqişə ehtimalı artıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Pəncşirdəki müqavimət qüvvələrinin sözçüsü Fəhim Dəşti bölgəni mühasirəyə alan “Taliban”la qarşıdurma yaşandığını açıqlayıb.

Bundan sonra “Taliban”ın Pəncşir ətrafına əlavə qüvvələr göndərdiyi və bir hərbi vertolyotun onları müşayiət etdiyi bildirilib.

“Taliban” liderlərindən biri Əmirxan Müttəki Pəncşirdəki qüvvələrlə sülh danışıqlarında nəticənin olmadığını açıqlayıb.

Pəncşir Əfqanıstanda “Taliban”a təslim olmayan yeganə əyalətdir. Pəncşirdəki qüvvələrə Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh başçılıq edir.

 

NIGERIYADA 100 NƏFƏRDƏN ÇOX MƏKTƏBLINİ SILAHLILAR QAÇIRIB

Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətindəki bir məktəbdən 100-dən çox şagird və bir neçə müəllim qaçırılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Nigeriyanın “Blueprint” xəbər portalı məlumat yayıb. Bildirilir ki, silahlı hücum dərs zamanı baş tutub.

Zamfara əyalətinin qubernatoru bütün ibtidai və orta məktəblərin müvəqqəti bağlanması barədə əmr verib. Eyni zamanda, 13 rayonda saat 18:00-dan 06:00-dək hərəkətə məhdudiyyətlər qoyulub.

Nigeriyada məktəb və universitetlərə hücumlar son aylarda daha tez-tez baş verir. Bu ilin əvvəlindən bəri ölkənin müxtəlif yerlərində məktəb və universitetlərdən 1000-dən çox adam qaçırılıb.

 

AĞ EV BAYDENI XILAS ETMIŞ ƏFQANI ÖLKƏDƏN ÇIXARMAĞA KÖMƏK EDƏCƏK

ABŞ hakimiyyəti bir vaxtlar prezident Cozef Baydenlə işləyən və Amerika qoşunları Əfqanıstandan çıxanadək ölkəni tərk etməyə imkan tapmayan yerli tərcüməçini oradan çıxaracaq. “APA” verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“The Wall Street Journal” nəşri bundan bir qədər əvvəl ABŞ-dan kömək istəyən bir əfqan tərcüməçi haqqında məlumat vermişdi. Qəzetin yazdığına görə, Məhəmməd adlı həmin tərcüməçi 13 il əvvəl Əfqanıstana səfər edən və o vaxtlar ABŞ senatoru olan Cozef Baydenlə birlikdə işləyib. Hətta Baydenin olduğu helikopter qar fırtınasına düşdüyü üçün təcili eniş edən zaman onun köməyinə gedən dəstənin içərisində Məhəmməd də olub.

“Son 20 ildə bizim tərəfimizdən mübarizə apardığınız üçün sizə təşəkkür edirəm. Qar fırtınasında mənim üçün əziz olan bəzi insanlara kömək etdiyiniz üçün təşəkkür edirik. Biz sizi oradan çıxaracağıq, sizin xidmətinizə görə layiq olanı edəcəyik”, - deyə Cen Psaki vurğulayıb.

Məqalədə qeyd olunur ki, hazırda tərcüməçi “Taliban”dan gizlənmək məcburiyyətindədir.

 

“TÜRKIYƏNIN PENTAQONU” AY ULDUZ FORMASINDA OLACAQ

Təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan Ay-Ulduz kompleksini ABŞ Müdafiə Nazirliyinin binası ilə müqayisə edilib. “Teleqraf.com”un məlumatına görə bu barədə “Business Insider” saytı xəbər verib. Sayt hərbi kompleksin Pentaqondan daha böyük olacağını yazıb.

Bildirilir ki, nəhəng hərbi kompleks Ankarada inşa edilir. Proyekt çərçivəsində ay və ulduz şəklində yeni binalar inşa ediləcək. Milli Müdafiə Nazirliyi və bütün digər hərbi qüvvə komandanlıqları yeni kompleksdə yerləşəcək.

Layihə çərçivəsində bütün bölmələr bir dam altında toplanacaq. Prezident Ərdoğanın açıqlamasına görə, Ay-Ulduz kompleksi 2023-cü il mayın 19-da istifadəyə veriləcək.

Kompleks təxminən 12,6 milyon kvadrat metrlik ərazidə inşa edilir. Ay-Ulduz kompleksində 15 min personal xidmət edə biləcək.

 

AVROPA ITTIFAQI RƏSMISI: ƏFQANISTANDA MƏĞLUB OLDUQ

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə bağlı yaranmış böhranı “Qərbin açıq-aşkar məğlubiyyəti” kimi xarakterizə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ali nümayəndə, İspaniyanın “Onda Cero” radiostansiyasına müsahibəsində bildirib.

“Əfqanıstanda baş verənlər dəqiq olaraq Qərbin qələbəsi deyil, bu, Qərb üçün açıq-aşkar bir məğlubiyyətdir”, - deyə Jozep Borrell vurğulayıb. Onun sözlərinə görə, bu ölkədəki böhran “beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə” səbəb olacaq. Ali nümayəndə həmçinin Əfqanıstanda baş verənlərin əfqan xalqı üçün “faciə və fəlakət” olduğunu da dilə gətirib.

 

QLOBAL SƏRNIŞIN AVIADAŞIMALARI 53 FAIZ AZALIB

İyul ayında dünya miqyasında sərnişin aviadaşımalarının həcmi böhrandan əvvəlki səviyyəyə nisbətən 53,1 faiz azalıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində bildirilir.

“Vaksinasiya prosesi və şimal yarımkürəsində yay dövründə ənənəvi olaraq çox olan səyahət sayəsində iyul ayında aviadaşımaların qlobal bərpası yaxşılaşıb”, - deyə məlumatda vurğulanır.

Beynəlxalq sərnişin aviadaşımalarının həcmi iyul ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 73,6 faiz, daxili sərnişin daşımaların həcmi isə 15,6 fəiz azalıb.

IATA-nın məlumatına əsasən, böhran öncəsi səviyyə ilə müqayisədə ən böyük azalma Yaxın Şərq ölkələrində (-73,2 faiz) və Asiya-Sakit okean regionunda (-62,7 faiz) qeydə alınıb. Avropada azalma 56,5 faiz, Latın Amerikasında isə 44,5 faiz olub.

 

GÜNDƏ ÜÇ FINCAN QƏHVƏ INFARKT RISKINI AZALDIR

Macarıstanın Zemmelvels Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. Məlum olub ki, gündə üç fincan qəhvə içmək infarkt riskini 21 faiz azaldır. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, 11 il ərzində 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb və “qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır” nəticəsinə gəlinib.

Araşdırmaya əsasən, gündə üç fincan qəhvə içmək ürək xəstəliklərindən yaranan ölüm riskini 17, infarktı isə 21 faiz azaldır.

Amerika Milli Xərçəng İnstitutu da 2020-ci ildə gündə 6-7 fincan qəhvə içmənin xəstəlikdən ölüm ehtimalını 16 faiz azaltdığını araşdırmışdı.

Bundan başqa, qəhvə depressiyanı 20 faiz, şəkəri isə 27 faiz azaldır. Mütəxəssislər içərisindəki qatqılara görə qəhvənin sağlığa zərərli ola biləcəyi barəsində də ehtiyatlı olmağı diqqətə çatdırıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.