DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏNİN DAXİLİ İŞLƏRİNƏ QARIŞAN SƏFİRLƏRDƏN GERİ ADDIM

Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar. “Report” agentliyinin “TRT” telekanalına istinadən verdiyi xəbərə görə, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildiriblər.

Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə əsasən, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələrin səfirlərini “arzuolunmaz şəxs” elan edib. Hökumətin oktyabrın 25-də keçirilən toplantısında da bu məsələ müzakirə olunub.

 

ÖZBƏKİSTANDA PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Özbəkistanda oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından hazırki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini toplayaraq qələbə qazanıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,4 faizi deməkdir.

Prezident kürsüsü uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,6 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,5 səslə üçüncü yerdədirlər. Ekoloji Partiyadan Narzulla Oblomuradov 4,1 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov 3,4 faiz səs toplayıb.

Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88,61 faizinin səsini toplayıb. Qeyd edək ki, Özbəkistanda prezident 5 il müddətinə seçilir.

 

MAKRONUN MALİKANƏSİ ÜZƏRİNDƏ NAMƏLUM PUA-LAR PEYDA OLUB

Fransa prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı olan Lantern malikanəsi üzərində səmada iki pilotsuz uçuş aparatı görüntülənib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Bildirilir ki, Makronun özü həmin vaxt iqamətgahda olub.

Qəzetin məlumatına əsasən, insident  yerli vaxtla saat 22:00-dan sonra baş verib. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində yoxa çıxıblar. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

Qeyd edək ki, bu, pilotsuz təyyarələrin Fransa prezidentinin ciddi mühafizə olunan iqamətgahının üzərində uçması ilə bağlı ilk hadisə deyil. 2020-ci ildə 22 yaşlı tələbə malikanənin yaxınlığında pilotsuz uçuş aparatını işə saldığı üçün polis tərəfindən həbs edilib. Məlum olub ki, gənc pis niyyət olmadan hərəkət edib.

Xatırladaq ki, Fransa qanunlarına görə, bu ərazidə bütün uçuşlar qəti qadağandır.

 

SUDANDA HƏRBİ ÇEVRİLİŞ BAŞ VERİB

Sudanda hakimiyyətdə olan Suveren Şuranın rəhbəri, ordu generalı Əbdül Fəttah əl-Burhan ölkədə fövqəladə vəziyyət elan edib. “Trend”in məlumatına görə, həmçinin şuranın və mövcud hökumətin istefaya getdiyi elan edilib.

General ölkədə baş vermiş çevrilişdən sonra xalqa müraciət edərək parlament seçkilərinin keçiriləcəyini və yeni hökumətin formalaşdırılacağını bəyan edib.

Qeyd edək ki, oktyabrın 25-də səhər saatlarında Sudanda hərbi çevriliş baş verib. Baş nazir Abdullah Hamduk və daha dörd nazir saxlanılıb.

Xatırladaq ki, Sudanda 2019-cu ilin aprelində çevriliş baş vermiş, prezident Ömər əl-Bəşir vəzifədən uzaqlaşdırılmışdı. Bu ilin sentyabr ayında isə daha bir çevriliş cəhdinin qarşısı alınmışdı.

 

ÜST-DƏN XƏBƏRDARLIQ: PANDEMİYANIN BİTMƏSİNƏ HƏLƏ ÇOX VAR

Almaniyada oktyabrın 24-də Ümumdünya səhiyyə sammitinin açılış mərasimi keçirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, sammitə qatılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın bitməsinə hələ çox vaxt qaldığını bildirib.

Baş direktorun fikrincə, pandemiyanın bitmə tarixi insanların davranışından asılıdır: “Dünya virusla vidalaşmağı seçəndə pandemiya bitəcək. Bu bizim əlimizdədir. Həftə ərzində dünya üzrə təxminən 50 min insan koronavirusdan vəfat edir... İlin sonuna qədər hər bir ölkənin azı 40 faiz əhalisini peyvəndləməyi qarşımıza məqsəd qoymuşuq”.

Tedros Adhanom Qebreyesus əlavə edib ki, “G20” ölkələri və əhalisinin 40 faizi vaksin olunan ölkələr peyvəndləri digər ölkələrlə paylaşmalıdır. “Yalnız bu şəkildə pandemiyanın öhdəsindən gələ bilərik”, - deyə təşkilatın baş direktoru vurğulayıb.

 

CƏNUBİ KOREYA KXDR-DƏ ÇEVRİLİŞ HAQDA XƏBƏRLƏRƏ AYDINLIQ GƏTİRİB

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti  bəzi kütləvi informasiya vasitələrində Koreya Xalq Demokratik Respublikasında (KXDR) dövlət çevrilişi ilə bağlı yayılan xəbərləri təkzib edib. “Report”un məlumatına görə, bu barədə “Renhap” agentliyi xəbər verib.

Məlumata əsasən, Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon tərəfindən hakimiyyətdən uzaqlaşdırılması barədə xəbərləri təkzib edib.

Daha bir hökumət rəsmisi də agentliyə bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

“Renhap” xatırladıb ki, bir sıra KİV-

lər Amerikanın “Globe” tabloidinə istinadən, Kim Yo Çjonun bir müddət əvvəl dövlət çevrilişi etdiyini və Kim Çen Inı vəzifəsindən uzaqlaşdırdığını yazıb. Nəşrdə iddia edilib ki, KXDR-in son tədbirlərində Şimali Koreya liderinin əvəzinə onun oxşarı iştirak edib.

KİV iddiaları onunla əsaslandırıb ki, Kim Çen Inın xarici görünüşü dəyişib. Belə ki, o ciddi şəkildə arıqlayıb.

 

"TWITTER"IN QURUCUSUNDAN HİPERİNFLYASİYA XƏBƏRDARLIĞI

“Twitter” sosial şəbəkəsinin qurucusu və baş direktoru Cek Dorsi ABŞ və bütün dünyaya təsir edəcək hiperinflyasiyanın baş verəcəyini iddia edib. “Teleqraf.com”un xəbərinə görə, o, bütün dünyada iqtisadi durumun daha da pisləşəcəyini bəyan edib.

İddia ABŞ-da istehlakçı inflyasiyasının son 30 ilin ən yüksək həddinə yaxınlaşması və problemin daha da artacağı ilə bağlı narahatlıqlar fonunda irəli sürülüb.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell də bugünlərdə verdiyi açıqlamada Amerikada iqtisadi canlanmanın qeyri-sabit olduğunu və inflyasiyanın qalıcı ola biləcəyini dilə gətirib. FED rəhbəri bildirib ki, hazırkı yüksək inflyasiya dərəcələri gələcəkdə həddindən artıq yüksək inflyasiya gözləntisinə gətirib çıxara bilər.

Məlumat üçün qeyd edək ki, hiperinflyasiya inflyasiyanın ildə 200 faizdən çox olmasıdır. Dünya tarixində indiyədək 58 hiperinflyasiya dövrü olub. Bu gün bunun ən bariz nümunəsini Venesuelada görmək mümkündür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.