DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ STOLTENBERQ ARASINDA NATO ILƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. “Trend” agentliyinin verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətlərini müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyənin Helsinki və Stokholmun bloka qoşulmaq niyyəti ilə bağlı təhlükəsizlik üzrə narahatlığı ədalətli və hüquqi zəminə əsaslanır.

Eyni zamanda, Türkiyə dövlət başçısı vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları ləğv etmək niyyətində olduqlarını və müttəfiq həmrəyliyinə hazır olduqlarını açıq və aydın şəkildə nümayiş etdirməlidirlər.

NATO-nun baş katibi həmçinin alyansın mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin qarşılanmasının zəruriliyini diqqətə çatdırıb.

Qeyd edilir ki, İsveç və Finlandiya PKK terror təşkilatına açıq dəstək nümayiş etdirirlər. Hər iki ölkədə terrorçulara dəstək aksiyaları keçirilir.

 

ENTONI BLİNKEN: QƏRB UKRAYNADA DÖYÜŞLƏRİ UZATMAĞA MARAQLI DEYIL

“Qərb Ukraynada döyüşləri uzatmağa çalışmır”. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken yazılı açıqlamasında qeyd edib.

“Biz bir daha Rusiya prezidentini müharibəyə və onun səbəb olduğu qlobal təlatümlərə dərhal son qoymağa çağırırıq. Nə ABŞ, nə də müttəfiqlərimiz Rusiyaya zərər vermək üçün bu müharibəni uzatmağa çalışırlar”, - deyə Entoni Blinken vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiya vətəndaşlarına hörmətlə yanaşır və onları düşmən kimi görmür. Eyni zamanda, Blinken ABŞ-ın Ukraynanın hərbi potensialını gücləndirməyə maraqlı olduğunu diqqətə çatdırıb.

“Birləşmiş Ştatlar gələcək təcavüzün qarşısını almaq, eləcə də demokratik, müstəqil, suveren və firavan Ukrayna görmək istəyir”, - deyə bəyanatda bildirilir.

Entoni Blinken əlavə edib ki, ABŞ Ukraynanı dəstəkləyir, ona suverenlik və ərazi bütövlüyünü qorumaqda kömək edəcək.

 

FRANSA PREZIDENTINDƏN SİLAH İSTEHSALINI SÜRƏTLƏNDİRMƏK ÇAĞIRIŞI

Fransanın sənaye şirkətləri ölkənin maraqları naminə silah istehsalını sürətləndirməlidirlər. “Trend” agentliyinin məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Mən sənayeçilərimizdən xahiş etdim ki, ehtiyatlarımızı artırmaq və müstəqilliyimizi möhkəmləndirmək üçün silah istehsalını sürətləndirsinlər”, - deyə E.Makron bildirib.

Eyni zamanda, Ukrayna ətrafında yaranmış vəziyyətdən danışan Emmanuel Makron Fransanın münaqişənin həllində vasitəçi rolunu oynamalı olduğuna əminliyini ifadə edib.

 

DÜNYADA MEYMUNÇİÇƏYİNƏ YOLUXMA HALLARI SÜRƏTLƏ ARTIR

Dünyanın 29 ölkəsində 900-dən çox insanın meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. “Report”un məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında dərc olunan xəbərdə bildirilir.

Verilən xəbərə əsasən, Birləşmiş Ştatlarda daha 24 nəfərdə meymunçiçəyinə yoluxma aşkar edilib.

Rəsmi mənbələrdən əldə edilən məlumatlar əsasında xəstəliyin bütün dünyada yayılmasını göstərən interaktiv xəritəyə əsasən, ümumilikdə 909 meymunçiçəyi xəstəliyi qeydə alınıb.

İnfeksiyaların sayına görə lider 225 nəfərin xəstələndiyi Böyük Britaniyadır. Siyahıda İspaniya 186 yoluxma halı ilə ikinci yerdədir. İlk üçlükdə 143 xəstə ilə Portuqaliya dayanır.

ABŞ Kanada, Almaniya, Fransa və Niderlandı qabaqlayaraq 24 yoluxma ilə səkkizinci yerdədir. İlk onluqda İtaliya və Belçika da var.

 

COZEF BAYDENİN İSRAİLƏ VƏ SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRİ TƏXİRƏ SALINIB

ABŞ prezidenti Cozef Baydenin İsrailə və Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, ABŞ prezidentinin bu ayın sonuna planlaşdırılan İsrailə və Səudiyyə Ərəbistanına səfərləri iyul ayına qədər təxirə salınıb.

Bildirilir ki, rəsmi Vaşinqton prezidentə Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının sammiti də daxil olmaqla, daha əhatəli Yaxın Şərq səfəri planlaşdırır.

Bayden administrasiyasının rəsmisi bildirib ki, ilkin vaxt iyula təyin olunsa da prezidentin səfərlərinin tarixləri yenidən dəyişə bilər.

 

ESTONİYA PREZİDENTİ YEDDI NAZİRİ VƏZİFƏSİNDƏN AZAD EDİB

Estoniya prezidenti Alar Karis Mərkəz Partiyanın üzvü olan yeddi naziri, o cümlədən xarici və daxili işlər nazirlərini vəzifəsindən azad edib. “Report”un xəbərinə görə, dövlət başçısına müvafiq təqdimatı baş nazir Kaya Kallas edib.

“Avropadakı təhlükəsizlik vəziyyəti mənə daxili fikir ayrılıqları qarşısında Estoniyanın maraqlarını öz partiyasının maraqlarından üstün tuta bilməyən Mərkəz Partiyası ilə əməkdaşlığı davam etdirmək imkanı vermir”, - deyə baş nazir vurğulayıb.

Hakim koalisiyada ixtilafın səbəbi iyunun 1-də parlamentdə mərkəzçilərin hökumətin konsensusla təsdiq etdiyi eston dilində ibtidai təhsil haqqında qanun layihəsinə qarşı səs verməsi olub.

Baş nazir həmçinin sağ mərkəzçi İsamaa Partiyası və Sosial Demokrat Partiyasını yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı danışıqlara başlamağa dəvət edib.

 

YAPONİYA BAŞ NAZİRİNIN İLK DƏFƏ NATO SAMMİTİNDƏ İŞTİRAKI GÖZLƏNILIR

Yaponiyanın baş naziri Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi nəzərdən keçirir. “Trend”in verdiyi xəbərə görə, bu barədə mənbələrə istinadən ölkənin “NHK” telekanalı məlumat yayıb.

Fumio Kişida NATO toplantısında iştirak edən ilk Yaponiya baş naziri ola bilər. Eyni zamanda, sammitdə o, təkcə Ukraynadakı vəziyyəti deyil, həm də Çin və Şimali Koreyanın hərəkətlərini müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətini köklü şəkildə gücləndirmək planlarından danışmaq niyyətindədir.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da Madriddə baş tutacaq.

 

UKRAYNADAKI MÜHARİBƏ ALMANIYADA SİQARET QITLIĞINA SƏBƏB OLUB

Ukraynadakı müharibəyə görə Almaniyada siqaret qıtlığı yaranıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Xarkovda siqaret qutuları istehsal edən fabrikin fəaliyyətinin dayandırılması Almaniyada siqaret defisitinə səbəb olub.

Bununla yanaşı, Almaniyanın “Bild” nəş

rinin yazdığına görə, bütün dünyada logistikanın pozulması vəziyyəti daha da gərginləşdirir.

Eyni zamanda, Avropada Rusiyadan ixracın azalması səbəbindən benzin qıtlığı qeydə alınıb.

Həmçinin qeyd olunur ki, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin katibi Nils Annen Ukraynadakı vəziyyətlə əlaqədar ərzaq böhranı səbəbindən ət istehlakını azaltmağa çağırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.