Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Kişilər ağlamaz" tezisi təkzib edildi

İnsanlar arasında qəribə bir tendensiya mövcuddur. Kövrələn oğlan uşaqlarına  kiçik yaşlardan valideynləri tərəfindən  "ağlama, kişilər ağlamaz" fikri aşılanır. Amma ABŞ-ın Miçiqan Universitetində aparılan yeni araşdırma bu tezisi təkzib edib. Belə ki, elm adamları kişilərin də ən az qadınlar qədər emosional dəyişikliklər yaşadıqlarını və neqativ hallardan təsirləndiklərini aşkar ediblər.

Film, roman və mahnılarda adətən qadın obrazı daha emosional göstərilsə də, aparılan yeni araşdırma bunun, əslində belə olmadığını göstərir. Duyğusallıq, əhvali-ruhiyyə dəyişkənliyi və göz yaşlarına meyilli olmaq kimi xarakterlərin qadınlara xas olduğu qəbul edilsə də, yeni araşdırma əslində kişilərin də qadınlar kimi emosional olduğunu ortaya qoyub.

Sınaqlara cəlb edilmiş 142 kişi və qadınlardan ibarət qrup iki ay müddətində izlənilib. Hər iki cinsin nümayəndələri  günün sonunda  anketə cavab verməli olub. Bu müddət ərzində subyektlərin həyəcan, emosiya səviyyələri qiymətləndirilib. 75 gün ərzində kişilərin əhvali-ruhiyyələrinin  ən az qadınlarınkı qədər dəyişdiyi və  mənfi emosiyalar yaşadıqları müəyyən edilib.

"Hormonlardan başqa yuxusuzluq, hava, idman və kədərli filmə baxmaq kimi bir çox faktorların da  insanların emosiyalarına təsir edə biləcəyinə dair sübutlar var", - deyə araşdırma müəllifi Adriene Beltz qeyd edib. Qadınların yaşadığı duyğuların, hisslərin bilavasitə kişilərdə də  olduğunu ifadə edən Beltz, deyib ki, hər iki cins oxşar emosional xüsusiyyətlərə malikdir.

 

Gözlərimiz haqda bilmədiklərimiz

Gözlər yalnız qəlbin aynası deyil. Bu orqanda, eyni zamanda,  bir çox maraqlı faktlar cəmlənir. Aramızda bu vacib orqanın xüsusiyyətləri və özəlliklərindən xəbərdar olan çox az adam var. Vücudumuzun ən sürətli əzələlərinə sahib olan gözlərimizlə bağlı ən maraqlı elmi faktları öyrənmək istərdinizmi?

Məsələn, yeni doğulmuş körpələrin ağlayarkən göz yaşı tökə bilmədiyini bilirdinizmi? Çünki təzəcə dünyaya göz açan uşaqların gözünün xarici, yuxarı hissəsində yerləşən göz yaşı vəzisinin əmələ gəlməsi prosesi 1-ci aydan  3-cü aya qədər formalaşır. Bundan əlavə, yeni doğulmuş körpələrin görmə koordinasiyası inkişaf etmədiyi üçün onlar yaxını görə bilmirlər. Üstəlik, bu müddət ərzində onlarda rəng korluğu da olur.

Əslində, hər şeyi tərs gördüyümüz halda görüntünü doğru şəkildə bizə təqdim edən orqan beynimizdir.

İşıq göz bəbəyindən keçərək lensə çatır. Lensdə ikinci dəfə sınır, daha sonra isə  şüşəvari nöqtədən keçərək retinada görmə nöqtəsinə düşür və burada tərs görüntü meydana gəlir. Tərs görüntü beyində sinirlər vasitəsilə düz bir şəkildə qəbul edilir və beləliklə, görmə hadisəsi baş verir.

Vücudumuzun ən sürətli əzələləri göz əzələləridir. Ona görə də bir şey tez zamanda baş verəndə "bir göz qırpımında" deyirik. Hesablamalara görə, bir il ərzində orta hesabla 4 milyon 200 min dəfə göz qırpırıq. İstirahətə ehtiyac duymadan işləyən gözlərimizlə bağlı daha bir maraqlı fakt: əgər onlar rəqəmsal  bir kamera olsaydı 576 meqapiksellik effekt verərdi.

 

Stonehengenin sirrinə biri də əlavə olundu

Dünyanın ən müəmmalı tikililərindən biri hesab edilən  Stonehengenin sirləri bitib tükənmək bilmir. Zaman keçdikcə  bu abidə ilə bağlı yeni məlumatlar öyrənməyə davam edirik. Bu dəfə də strukturun ətrafındakı ərazidə daha bir yeniliyə imza atılıb. Belə ki, tikilinin əhatəsindən tapılan 10 minillik  yaşı olan nəhəng çuxurlar, onun  haqqında nə qədər azməlumatlı olduğumuzu bir daha sübut edir.

Araşdırmalara görə,  sirlərlə dolu bu abidənin yaşı təxminən 10 min ildir. Hər birinin hündürlüyü 4,1, eni 2,1 metr, çəkisi isə təxminən 25 ton olan dayanıqlı daşlardan ibarət olan Stonehengenin sirri bu günə qədər tam olaraq çözülməyib. Alimlərin yeni hesabatlarına görə, onun yerləşdiyi ərazinin sirri təkcə abidənin özü ilə məhdudlaşmır.

Belçikanın Birmingem və Gent Universitetinin  arxeoloqları  Stonehenge ətrafında apardıqları araşdırmalar nəticəsində  ərazinin müxtəlif nöqtələrində ov məqsədilə istifadə edilən çuxurlar aşkar ediblər. Eni 4 metr, dərinliyi  isə 2 metr olan  400  nəhəng çuxurun erkən mezolit dövründən (e.ə. 8000) orta tunc dövrünə (e.ə. 1300) qədər zaman kəsiyinə aid olduğu ehtimal edilir.

"Şimal-Qərbi Avropada bilinən ən böyük erkən mezolit çuxurunun kəşfi buradakı ilk daşların tikilməsindən minillər əvvəl ovçuluqla məşğul olan icmalar üçün xüsusi yer olduğunu göstərir. Bu  araşdırma, eyni zamanda, Stonehengenin yerləşdiyi bölgənin indiyə qədər bildiyimiz kimi, yalnız mərasimlərin qeyd  edildiyi məkan deyil, həm də min illər boyu  müxtəlif funksiyaları yerinə yetirmək üçün istifadə edildiyini göstərir", - deyə arxeoloqlardan  biri Nick Snashall vurğulayıb.

 

Qısqanclıq hissi təkcə insanlara aid deyilmiş...

Yəqin ki, itsaxlayanlar  sadiq dostlarının  bəzən onlara qısqanc davranışlar nümayiş etdirdiyinin şahidi  olublar. Yəni bu heyvanlarda  həqiqətənmi qısqanclıq hissi var? Bu yaxınlarda edilən araşdırma bu ehtimalın yanlış olmadığını göstərir. Belə ki, yeni araşdırmalarda itlərin qəribə emosiyalara sahib olduğu üzə çıxıb.

İtsaxlayanların çoxu bu heyvanların bəzən onları qane etməyən  vəziyyətlərdə   qısqanclıq nümayiş etdirdiyini bilirlər. Bu cür davranışlar isə onlarda adətən sahiblərinin  başqa birinin  itinə və ya yad bir insana həddən artıq nəvaziş göstərdiyi zaman baş verir. Bəs bu hiss nə dərəcədə realdır? İtlər doğrudanmı qısqanır?

San Dieqonun Kaliforniya Universitetinin alimləri  müxtəlif cins itlər üzərində araşdırma aparıblar. İtlərin həqiqətən qısqanclıq əlamətləri göstərib-göstərmədiyini qiymətləndirmək məqsədilə ilk olaraq  onlar ev şəraitində sınaqdan keçirilib.

Təcrübə zamanı itə məxsus hərəkətlər edən animatronik (robot) itdən istifadə edilib. İt sahiblərindən robot itə  qarşı daha çox nəvaziş göstərmələri  istənilib. İtlər sahiblərinin "robot" itə yaxınlaşmasına və ya onunla əlaqə saxlamasına mane olmaq  üçün əllərindən gələni ediblər. Hətta robot iti dişləməyə belə cəhd ediblər.

Tədqiqatçılar it sahiblərindən cansız əşyalara qarşı maraq göstərməsini xahiş etdikdə isə itlər buna məhəl qoymayıb. Məlum olub ki, itlərdəki qısqanclıq hissi yalnız canlılara qarşıdır.

Araşdırmaların nəticələri eynilə valideynlərin övladlarına göstərdikləri nəvaziş qarşısında  uşaqların bir-birini qısqanmasına bənzəyir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".