DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“GLOBAL TIMES”: ABŞ MÜNAQİŞƏDƏN HƏRTƏRƏFLİ FAYDA ƏLDƏ ETMƏK İSTƏYİR

Rəsmi Vaşinqton Ukraynadakı münaqişədən hərtərəfli fayda əldə etməyi hədəfləyir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin “Global Times” qəzetində dərc edilmiş məqalədə qeyd olunur.

Bildirilir ki, ABŞ, xüsusilə, Rusiya Federasiyasının qüvvələrini tükəndirməyə və ona qarşı olan ölkələrin sayını artırmağa çalışır. Nəşrə görə, Vaşinqton, həmçinin, enerji və təhlükəsizlik sahələrində Avropanın ABŞ-dan asılılığının artırılmasında maraqlıdır.

Məqalədə vurğulanır ki, bu səbəbdən Amerika hökuməti radikal ritorika ilə “odun üzərinə yağ tökərək” Ukrayna münaqişəsinin dayandırılmasına yol verməməyə çalışır.

“ABŞ münaqişənin gərginləşməsini məmnuniyyətlə müşahidə edir. Bu münaqişənin inkişafı Ukraynanın həqiqətən də son ukraynalıya qədər döyüşməkdə qərarlı olub-olmamasından deyil, ABŞ üçün bunun davam etməsinin lazım olub-olmamasından asılıdır”, - deyə məqalədə qeyd edilir.

 

İRAN YENİDƏN URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİNƏ BAŞLAYIB

İran Natanz şəhərindəki yeraltı obyektdə IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlayıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu, sözügedən obyektdə işə salınan üç kaskaddan sonuncudur. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan başqa IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.

Məlumat üçün qeyd edək ki, kaskadlar nüvə silahının istehsalı üçün yararlı uranın izotoplarının konsentrasiyasını artırmağa icazə verən bir-biri ilə bağlı sentrifuqalardır.

 

ŞOTLANDİYADA MÜSTƏQİLLİK REFERENDUMUNUN TARİXİ MƏLUM OLUB

Şotlandiyada müstəqillik referendumu 2023-cü il oktyabrın 19-da keçiriləcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Şotlandiya Milli Partiyasının rəhbəri Nikola Stercen bildirib.

“Əgər Ali Məhkəmə buna qərar verərsə, gələn il oktyabrın 19-da müstəqillik referendumu keçiriləcək”, - deyə N.Stercen partiyanın qurultayında çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, partiya sədri hesab edir ki, Şotlandiyada əhalinin yarıdan çoxu müstəqillik tərəfdardır.

Məlumat üçün qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk referendum 2014-cü ildə keçirilib. O zaman əhalinin 55,3 faizi müstəqilliyin əleyhinə səs verib.

 

GƏLƏCƏYİN ÜZƏN EKOŞƏHƏRİNIN KONSEPSİYASI TƏQDİM OLUNUB

Dünyada təbii ehtiyatların ilbəil azalması və əhalinin sayının artması alimləri aktual problemlərin həlli üçün yeni yollar - ərzaq mənbələri və insanların yaşaması üçün azad ərazilər axtarmağa vadar edir. “Trend”in məlumatına görə, tanınmış belçikalı memar Vinsent Kallebot tərəfindən suyun səthində tikilə bilən futuristik şəhər konsepsiyası təklif olunub.

Verilən xəbərə görə, şəhərin əsas materialı təkrar emal edilmiş plastik tullantılardan, yosunlardan hazırlanacaq və binalar 3D printerlərində çap ediləcək. Yaşayış strukturları meduza şəklində olacaq. Hər bir yaşayış binasının diametri təxminən 500 metr təşkil edəcək.

Memar yaşayış komplekslərində bitkilərin yetişdirilməsi üçün hibrid təsərrüfatların köməyi ilə şəhərin ərzaqla təmin olunması problemini həll etməyi təklif edir. Su üzərində olan şəhər 20 min sakin üçün nəzərdə tutulub.

 

ƏRDOĞAN: SON HADİSƏLƏR TÜRKİYƏNİN AVROPA ÜÇÜN ƏVƏZOLUNMAZLIĞINI GÖSTƏRDİ

Dünyada baş verən son hadisələr Türkiyənin Avropa qitəsi üçün əvəzolunmazlığını göstərir. “Report”un verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bəyan edib.

“Dünyada baş verən hadisələr göstərir ki, Türkiyə Avropa İttifaqı və Avropa regionu üçün əvəzolunmazdır”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Ərdoğan Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitinin iştirakçılarının Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Ankaranın vasitəçilik rolunu yüksək qiymətləndirdiklərini bildirib.

Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginliyinə toxunan Ərdoğan bu məsələdə Brüsselin mövqeyini tənqid edib.

Bununla yanaşı, Türkiyənin dövlət başçısı Avropa İttifaqını Yunanıstanı rəsmi Ankara ilə ikitərəfli əsasda dialoqa dəvət etməyə, Afinanın Avropa birliyi və həmrəyliyi bəhanəsi ilə qeyri-qanuni təşəbbüslərini dəstəkləməməyə çağırıb.

 

POLŞA XİN-i VƏTƏNDAŞLARINI TƏCİLİ BELARUSU TƏRK ETMƏYƏ ÇAĞIRIB

Polşanın Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Belarusu təcili tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib. “Teleqraf.com”un xəbərinə görə, müvafiq məlumat nazirliyin rəsmi saytında yayılıb.

“Gərginliyin artması, regiondakı hərbi hadisələr və Polşa vətəndaşlarının təkrar həbs halları ilə əlaqədar XİN Polşa vətəndaşlarına Belarus Respublikasına getməməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Nazirlikdən qeyd olunub ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz vəziyyətlər zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.

 

ÜST RƏHBƏRİNDƏN KORONAVİRUS PEYVƏNDİ ilƏ bağlı xƏbƏrdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, bir neçə həftədir dünyada yoluxma və ölüm hallarının azalmasına baxmayaraq, ölkələr koronavirusa qarşı peyvəndləri davam etdirməlidir. “Report”un  xəbərinə görə, o, bunu təşkilatın Şərqi Aralıq Dənizi Ölkələri üzrə Komitəsinin 69-cu sessiyasında çıxışı zamanı bildirib.

“Biz bütün ölkələri “COVID-19” peyvəndi ilə 70 faiz əhatə olunması hədəfinə doğru irəliləyərkən ÜST-ə üzv ölkələri prioritet məsələ olaraq bütün səhiyyə işçilərini və yaşlı insanları peyvənd etməyə çağırmağa davam edirik”, - deyə Qebreyesus vurğulayıb.

ÜST rəhbərinin sözlərinə görə, onlar heç vaxt indiki kimi koronavirus pandemiyasına son qoyacaq qədər yaxşı mövqedə olmayıblar: “İki il yarımdan sonra biz tunelin sonunda işıltını görməyə başlayırıq. Lakin hələ sona çatmamışıq, hələ də tuneldəyik və ehtiyatlı davranmasaq, işimizi çətinləşdirə biləcək çoxlu maneələrlə rastlaşa bilərik”.

 

YAPONİYADA BİR SIRA SƏYAHƏT MƏHDUDİYYƏTLƏRİ ARADAN QALDIRILIB

Yaponiya hökumətinin fərdi turistlər üçün giriş məhdudiyyətlərini aradan qaldırmaq qərarı qüvvəyə minib və qısamüddətli vizaların verilməsinə qadağa sona çatıb. “Trend”in xəbərinə görə, bütün bu tədbirlər ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunmuşdu.

Bununla yanaşı, ölkəyə daxil olan insanların gündəlik sayına qoyulan məhdudiyyət aradan qaldırılıb.

Qeyd edək ki, sentyabrın 22-də Yaponiyanın baş naziri Fumio Kişida müvafiq qadağaların dayandırıldığını elan edib.

Baş nazir oktyabrın 11-dən ölkədə daxili turizmin stimullaşdırılması kampaniyalarına başlanılacağını vurğulamışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.