DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN İRANDAKI ETİRAZLARA MÜNASİBƏT BİLDİRİB

“İranda etirazlar hələ uzun müddət davam edəcək”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

Eyni zamanda, dövlət başçısı əlavə edib ki, ABŞ etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinin əleyhinədir. “İran vətəndaşlarını və cəsur qadınlarını dəstəkləyirik” - deyə Bayden vurğulayıb.

Prezidentin sözlərinə görə, həm qadınların, həm də kişilərin söz azadlığı və toplaşmaq hüquqları olmalıdır: “Bütün dünyada qadınlar müxtəlif təqiblərə məruz qalırlar, heç kim onlara necə geyinmək göstərişi verməməlidir”.

Bununla yanaşı, Cozef Bayden İran hakimiyyətini sadə hüquqlardan istifadə edən vətəndaşlara qarşı zorakılığı dayandırmağa çağırıb. Onun sözlərinə görə, səhvən hicab qaydalarını pozduğu üçün həbs edilən Məhsa Əmininin ölümündən sonra İranda yaranan etiraz dalğasına heyrət edib. “Buna görə uzun müddət sakitləşməyəcəyini düşündüyüm oyanış baş verdi”, - deyə Bayden qeyd edib.

 

UKRAYNA ORTA MƏNZİLLİ ZENİT-RAKET KOMPLEKSLƏRİ İLƏ TƏMİN EDİLƏ BİLƏR

İtaliyanın Ukraynanı orta mənzilli “Spada” zenit-raket kompleksləri ilə təmin edəcəyi gözlənilir. “Report”un verdiyi xəbərə görə, bu barədə şənbə günü İtaliyanın “La Repubblica” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb. Bu hazırlıq barədə hələ çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirilib.

Nəşr iddia edir ki, İtaliya Hərbi Hava Qüvvələrinin Rivoltodakı bazasında artıq anqarlarda saxlanılan komplekslərin vəziyyətinin yoxlanılmasına başlanılıb.

Məlumata əsasən, “Spada”ların bir neçə ay əvvəl İtaliya və İspaniyada arsenaldan çıxarıldığı bildirilib. Qəzet yazıb ki, zenit-raket komplekslərinin tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.

Eyni zamanda, qəzet İtaliya və İspaniyanın Kiyevi qısa mənzilli “Aspide” zenit raketləri ilə təchiz edə biləcəyini də istisna etməyib. Bu raketlərin Ukrayna daha müasir və güclü silahlarla təchiz olunana qədər müvəqqəti həll yolu ola biləcəyi qeyd olunur.

 

MACARISTAN RUSİYAYA QARŞI SANKSİYALARIN TƏTBİQİNƏ HAZIRLAŞIR

Macarıstan sakinlərinin poçt qutularına Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ümummilli məsləhətləşmələrdə iştirak üçün sorğu vərəqələri göndərilib. “Teleqraf.com”un verdiyi xəbərə əsasən, sorğu vərəqəsində vətəndaşların cavab verməli olduqları yeddi sual əks olunub.

Məlumata görə, ölkə sakinlərindən ərzaq məhsullarının bahalaşmasına səbəb olan Brüsselin neft, qaz, digər yanacaq növləri, eləcə də turizm sahəsində Rusiyaya qarşı sanksiyaları ilə razı olub-olmadıqları soruşulur.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban sentyabrın 26-da ölkə parlamentindəki çıxışında anti-Rusiya sanksiyaları ilə bağlı ümummilli məsləhətləşmələr keçirmək niyyətində olduğunu açıqlayıb.

Baş nazir vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar qeyri-demokratik şəkildə tətbiq edilib. Onun sözlərinə görə, qərarı “Brüsseldəki bürokratlar” versələr də, bunun əvəzini Avropa xalqları ödəyir.

 

“DEUTSCHE BANK”: ALMAN İQTİSADİYYATI TƏNƏZZÜLDƏN YAYINA BİLMƏYƏCƏK

“Almaniya iqtisadiyyatı gələn il tənəzzüldən qaça bilməyəcək. Lakin bu o demək deyil ki, ölkə dərin maliyyə böhranına düşəcək”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniyanın ən böyük maliyyə qurumu - “Deutsche Bank”ın rəhbəri Kristian Zevinq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantısı çərçivəsində bəyan edib.

“2023-cü ildə tənəzzüldən qaça bilməyəcəyik. Lakin tənəzzül depressiya demək deyil. Ən əsası Almaniyanın bu tənəzzüldən tez bir zamanda çıxmasıdır”, - deyə bankın rəhbəri vurğulayıb.

Eyni zamanda, Kristian Zevinq bildirib  ki, iqtisadi tənəzzülün nə qədər ciddi olacağı yardım paketlərinin necə işləməsindən asılı olacaq. Onun fikrincə, Almaniya dayanıqlı şirkətlərlə güclü iqtisadiyyata malikdir.

“Buna baxmayaraq, yaxın on iki ayda müflisləşmələrin sayı xeyli artacaq. Alman və Avropa banklarının etibarlılığı mütləqdir. Lakin indi ilk növbədə inflyasiyanın nəzarət altına alınması vacibdir. Ona görə də hazırda mərkəzi bankların faiz dərəcələrini artırması da düzgündür, - “Deutsche Bank”ın rəhbəri əlavə edib.

 

ƏRDOĞAN: BARTINDAKI HADİSƏ ƏN XIRDA DETALINA KİMİ ARAŞDIRILACAQ

“Bartındakı hadisəni detallı şəkildə araşdıracaq, ən xırda ehtimalı da nəzərdən qaçırmayacağıq”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlmasında bəyan edib.

Dövlət başçısı qeyd edib ki, müxtəlif nazirliklərin partlayışla bağlı işləri davam edir. Ədoğan, həmçinin həlak olan şəxslərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.

Türkiyə prezidenti bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq: “İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq”.

Eyni zamanda, Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin Bartın vilayətində kömür mədənində oktyabrın 14-də baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıq 41 nəfərə çatıb. Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Partlayışdan dərhal sonra 58 mədənçinin xilas edildiyi açıqlanıb.

 

İLON MASKIN ŞİRKƏTİ UKRAYNANIN İNTERNETİNİ DAYANDIRA BİLƏR

“SpaceX” şirkəti ABŞ-ın Müdafiə Nazirliyinə Ukraynada “Starlink” peyk internetinin maliyyələşdirilməsi üçün müraciət edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Assoşieyted Press” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, “SpaceX” şirkəti Ukraynada "Starlink" peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb. Hazırda Pentaqon Ukrayna Silahlı Qüvvələrinin peyk rabitəsindən istifadəni davam etdirə bilməsi variantlarını nəzərdən keçirir.

Şirkətin rəhbəri İlon Mask “Twitter” hesabında qeyd edib ki, “SpaceX” şirkəti indiyədək yaranan xərcləri tələb etmir, lakin o mövcud sistemi sonadək maliyyələşdirə və əlavə minlərlə terminal tədarük edə bilməz. Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur.

Ukraynada münaqişə başlayandan bir neçə gün sonra “SpaceX” şirkəti ölkəni “Starlink” peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində Ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.

 

RUSİYADA “HONKONQ” QRİPİ AŞKARLANIB

Rusiyada “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu aşkar edilib. “Report” agentliyinin məlumatına görə, bu barədə Rusiya İstehlakçılarının Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin rəisi Anna Popova idarənin kollegiya iclasında bildirib.

Xidmət rəisinin sözlərinə görə, virus ötən həftə Misirdən gələn şəxsdə aşkarlanıb: “Hələlik Rusiya ərazisində başqa qrip virusu yoxdur. Buna görə də diqqətlə fəaliyyət planı hazırlamaq üçün vaxtımız var”.

Məlumat üçün qeyd edək ki, “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu 1968-ci ildə yayılıb. Pandemiya dönəmində sərt karantin tədbirləri seçilməyib. Bəzi ölkələrdə yoluxmanı önləmək üçün üz maskaları istifadə edilib. Ümumilikdə, bu virusdan 1 milyondan çox insanın öldüyü bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.