DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BÖYÜK BRİTANİYANIN YENİ BAŞ NAZİRİNİN ADI MƏLUM OLDU

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni rəhbərinin adı məlum olub. “Trend” agentliyinin verdiyi xəbərə görə, ölkənin keçmiş maliyyə naziri Rişi Sunak partiyaya rəhbərlik edəcək. Rişi Sunakın yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib. Nəticədə Rişi Sunak avtomatik olaraq Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.

Beləliklə, R.Sunak yaxın günlərdə Mühafizəkarlar partiyasının sədri və Böyük Britaniyanın baş naziri qismində fəaliyyətə başlayacaq. Bununla da 42 yaşlı siyasətçi Böyük Britaniya tarixində son 200 ilin ən gənc baş naziri olub.

Məlumat üçün qeyd edək ki, Hindistan əsilli Rişi Sunak 1980-ci ildə Böyük Britaniyada doğulub. O, sabiq baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun dövründə isə maliyyə naziri işləyib.

Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.

 

LİVANDA PREZİDENT SEÇKİLƏRİ YENİDƏN NƏTİCƏSİZ BAŞA ÇATIB

Livanın 14-cü prezidentini seçmək üçün parlamentin 4-cü iclasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Səlahiyyət müddəti oktyabrın 31-də başa çatacaq prezident Mişel Aunun yerinə yeni prezidentin seçilməsi üçün Nebih Berrinin sədrliyi ilə keçirilən iclasda 128 deputatdan 110-u iştirak edib. Mişel Muavvəd 39, İsam Xəlifə 10 səs topladığı halda, 61 səs etibarsız sayılıb.

Livan parlamentinin spikeri Nabih Berri heç bir namizədin seçilmək üçün lazım olan səslərin üçdə iki hissəsini toplamadığından yeni sessiyanın tarixi barədə sonra qərar verəcəklərini açıqlayıb.

Bildirilir ki, ölkə parlamenti yeni prezidenti seçmək üçün sentyabrın 29-da birinci, oktyabrın 13-də ikinci, oktyabrın 20-də isə üçüncü iclasını keçirib.

Qeyd edək ki, hazırkı prezident Mişel Aun 31 oktyabr 2016-cı ildə parlamentdə keçirilən 46-cı sessiyanın sonunda seçilib.

 

AVROPA İTTİFAQINDA ENERJİ QİYMƏTLƏRİ İLƏ BAĞLI YENİ SAMMİT ÇAĞIRILA BİLƏR

“Enerji xərclərinin azaldılması ilə bağlı tədbirləri təsdiqləmək üçün Avropa İttifaqının yeni sammiti çağırıla bilər”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edib.

“Söhbət ondan gedir ki, noyabrda biz artıq tədbirləri razılaşdıracağıq. Mən şəxsən nazirlərin işini yaxından izləməyə söz vermişəm. Lazım gələrsə, yenidən yüksək səviyyəli görüş keçirəcəyik”, - deyə Şarl Mişel vurğulayıb.

Avropa İttifaqı Şurasının prezidentinin sözlərinə görə, Aİ-yə üzv ölkələr maksimum qiymət həddi barədə razılığa gəliblər, lakin müvafiq qurumların nazirləri məhdudiyyətlərlə bağlı müfəssəl razılaşmalar hazırlamalıdırlar.

Xatırladaq ki, Aİ ölkələrinin energetika nazirlərinin ilk iclası oktyabrın 25-də keçiriləcək.

Qeyd olunub ki, son vaxtlara qədər Avropa İttifaqına enerji resurslarının ən böyük tədarükçüsü olan Rusiyadan təbii qaz idxalı praktiki olaraq dayandırıldığı üçün qitə enerji böhranına sürüklənib.

 

ŞİFRƏLƏRİN “ZƏİF” OLMASI TƏNBƏLLIKDƏN IRƏLI GƏLIR

İnternet istifadəçilərinin böyük əksəriyyəti bir şifrədən istifadə edir və onu bir neçə hesabda təyin edir. “Sputnik” informasiya agentliyinin verdiy xəbərə görə, bu barədə "TechRadar" nəşri məlumat yayıb.

Jurnalistlər şifrələrin yaradılması və saxlanması xidmətlərinin tərtibatçıları, eləcə də istifadəçiləri ilə müsahibə aparıb və internet ziyarətçiləri tərəfindən mürəkkəb parolların necə təyin olunduğunu öyrəniblər. Məlum olub ki, istehlakçıların 60 faizi bir şifrədən istifadə etməklə, onu bir neçə hesaba qoyur. Onların 40 faizi bu yanaşmanı insanın tənbəlliyi ilə izah edib, çünki onlar üçün bir neçə şifrədən ibarət kombinasiyanı yadda saxlamaq çətindir. Həmçinin respondentlərin 27 faizi haker hücumundan qorxmadıqlarını qeyd edib. İstifadəçilərin yalnız 33 faizi bir neçə şifrədən istifadə etdiyini bildirib.

 

TÜRKİYƏNİN YENİ HƏRBİ LAYİHƏSİ YUNANISTANDA TƏŞVİŞ YARADIB

Türkiyə müdafiə sənayesinin sürətli yüksəlişi və silah sistemlərində yerli istehsalın nisbətinin artması Yunanıstanı təşvişə salıb. “Teleqraf.com”un xəbərinə görə, yunan mətbuatı son illərdə davam edən satınalma və silah proqramına baxmayaraq, Yunanıstanın müdafiə sənayesində Türkiyədən kəskin şəkildə geri qaldığını bildirir. Türkiyədə istehsal edilən yeni silahları gündəmə gətirən yunan nəşrləri bu ölkənin müdafiə sənayesinin sürətli inkişafının Yunanıstan üçün problemə çevrildiyini vurğulayırlar. Eyni zamanda, yunan mətbuatı Türkiyənin hərbi sistemlərində yerli istehsal nisbətinin 80-85 faizə çatdığına və türk müdafiə sənayesinin artıq hücum və müdafiə silahları, hərbi texnika və proqram təminatı da daxil olmaqla 700-dən çox müxtəlif hərbi layihə üzərində işlədiyinə diqqət çəkir.

“Tayfun” ballistik raketinin son sınağını böyük mənzərə fonunda kiçik bir detal olduğunu bildirən yunan nəşrləri Türkiyənin 1000 kilometri keçəcək daha uzaqmənzilli raketlər üzərində işlədiyini iddia edirlər.

Türkiyədə istehsal olunan yerli silahlar arasında döyüş sistemləri, sualtı gəmilərə qarşı döyüş aparatları, zirehli texnika, hücum helikopterləri və yer-hava raket sistemləri olduğunu yazan yunan mətbuatı türk PUA-larının dünyada məşhur olduqlarını vurğulayır.

 

COVID-19”UN SÜNI ŞƏKILDƏ YARADILMASINA DAİR SÜBUTLAR AŞKARLANIB

Alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər. Onların fikrincə koronavirus 99,9 faiz təbii virusun süni surətidir. “Report” xəbər verir ki, bu barədə Almaniyanın “N-TV” telekanalı məlumat yayıb. İmmunologiya üzrə doktorluq dərəcəsi alan V.Bruttel telekanala bildirib ki, 2021-ci ilin yayında “Sars-CoV-2” genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib və tədqiqatlar aparmağa başlayıb. “Digər molekulyar məlumatlarla birlikdə, nəticələrimiz göstərir ki, bu virus 99,9 faiz süni, ola bilsin ki, təbii virusun manipulyasiya edilmiş surətidir”, - deyə alim vurğulayıb. Onun sözlərinə görə, bunun üçün istifadə edilən üsullar sintetik virusların istehsalı üçün fərdi virusoloji laboratoriyalar tərəfindən çox oxşar şəkildə istifadə olunur.

Alim izah edib ki, virusun genomunda daim təkrarlanan nümunə “izi” mövcuddur. “Sars-CoV-2” kimi RNT viruslarını genetik cəhətdən dəyişdirən laboratoriyalar fərdi DNT elementlərindən genetik material toplayır.  “Təbii viruslarda “tanınma yerləri” olduqca təsadüfi şəkildə paylanır. Süni olanlarda bu yerlər həmişə müəyyən ardıcıllıqla yaranır. “Sars-CoV-2” vəziyyətində isə bu nümunəyə rast gəlmək olar”, - deyə alim əlavə edib.

 

ALMANİYANIN ƏN BÖYÜK ŞİRKƏTLƏRİNİN BORCU PİK HƏDDƏ ÇATIB

Almaniyanın 150-yə yaxın ən böyük şirkətinin xalis maliyyə borcu indiyədək ən yüksək səviyyəyə çatıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Handelsblatt” qəzeti öz hesablamalarına istinadən yazıb. Nəşrin məlumatına görə, cəmi bir il ərzində Almaniya konsernlərinin borcu 20 faiz artaraq 533 milyard avroya çatıb. Bundan başqa, 25 şirkətin öz kapitalından daha çox borcu yaranıb.

Qeyd olunub ki, bu, risklərlə doludur, çünki mərkəzi banklar tərəfindən faiz dərəcələrində dəyişikliklər fonunda yeni kreditlər bahalaşır. Borcu azaltmaq üçün isə bir çox alman firması indi öz səhmlərini satmağı planlaşdırır.

Bildirilir ki, “DAX” indeksinə daxil olan telekommunikasiya nəhəngi “Deutsche Telekom” alman şirkətləri arasında ən böyük xalis borca malikdir - 145,8 milyard avro.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.