Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İlk buxar lokomotivinin ixtirası"nı oxuculara təqdim edirik.

"Respublika".

 

İlk buxar lokomotivinin ixtirası

Bəşəriyyətin yarandığı vaxtdan insanlar gündəlik tələbatlarını ödəmək üçün müxtəlif alət və vasitələrdən istifadə etməyə başlamışlar. Daha sonralar isə əllərində olanlarla kifayətlənməyib həyatlarını asanlaşdıracaq digər axtarışlara baş vurmuşlar.

İnsan təfəkkürünün təkamülü sayəsində gündəlik ehtiyacları ödəmək üçün olan alət və vasitələr inkişaf etdirilərək təbiətin insanlara bəxş etdiyi enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə yönəlmişdir. O dövrün texnikası kimi meydana gəlmiş alət və vasitələr dünyanın hər yerində insanların malik olduqları təbii imkanlara uyğun olaraq inkişaf etdirilmişdir. Texnikanın yaranma mənbələri və səviyyəsi sivilizasiyanın əsas göstəricisi olduğundan, hər bir mədəniyyətin texniki inkişafının əsasında durur. Tarixdən məlum olan muxtəlif dövrlərdə həmin dövrün inkişaf səviyyəsinə uyğun texnikadan istifadə olunmuşdur. Daş dövründə ilkin alət kimi daşdan, sümükdən və ağacdan hazırlanmış iti tilə malik kəsici alətlərdən istifadə olunması insan əqlinin inkişafının əvvəlində baş verən proseslərə dəlalət edir. Texnikanın inkişafı isə artıq mövcud olan müstəvidə hərəkət edərək daha yeni bir səviyyəyə çatmışdır.

Bəzən inkişafın, bəzən isə qəribə təsadüflərin nəticəsində edilən bir çox texnoloji kəşflər həmin dövrdə yaşayan insanlarla yanaşı, əsrlər sonra bizim də həyatımızı dəyişdirmiş və dəyişdirməkdə də davam edir. Əsrlər boyu edilən bir çox kəşf və ixtiralar tarixin gedişatına təsir edərək, bütövlükdə dünyanın düzənini dəyişdirmiş və bugünkü həyatımızın formalaşmasında böyük rol oynamışdır. Od, təkər, işıq, günəş enerjisi kimi bir çox mühüm kəşflərin bəşəriyyətin təkamülü prosesinə nə qədər təsir etdiyini demək olar ki, hər kəs dərk edir. Belə kəşflərdən biri də sonralar maşınların inkişafına yol açacaq ilk buxar lokomotivinin kəşfidir. XVIII-XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsalı Avropada sənaye inqilabına səbəb olmuşdur. İlkin olaraq Birləşmiş Krallıqda meydana gəlmiş sənaye inqilabı, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya da başda olmaqla bütün dünyaya yayılmışdır.

Məlumdur ki, insan fəaliyyətinin inkişaf tarixi onun ətraf mühitlə fəal qarşılıqlı əlaqəsini və bir sıra texnoloji vasitələrin yaradılması cəhdlərinin təkamülünü özündə əks etdirir. Bu vasitələrdən ən əhəmiyyətlisi isə texnikadır. Müasir insanın fəaliyyətinin elə sahəsi yoxdur ki, orada texnikadan istifadə edilməsin. Texnika sayəsində insan öz tələbatını ödəmək istiqamətində imkanlarını xeyli genişləndirmiş, əqli və fiziki əməyinin böyük bir hissəsini maşınlara həvalə edə bilmişdir. Maşınların kəşfi insan fəaliyyətinin inkişaf tarixi ilə vəhdətdə olub, onun bütün sahələrində, mədəniyyət, siyasət, sosial və iqtisadi münasibətlərdə təzahür edir.

XVIII əsrin sonlarında buxar mühərriklərinin və polad relslərin ixtirası dəmir yolu dövrünün başlamasına və bununla da sənayedə inqilaba yol açmışdır. O vaxtlar bir çoxları elə hesab edirdilər ki, dörd nalla çapan atdan sürətli gedən hər hansı bir nəqliyyat vasitəsi təhlükəli ola bilər. Məhz bu səbəbdən də onlar lokomotivlərin düzəldilməsinə qarşı çıxırdılar.

Əslində, istilik enerjisini qismən mexaniki enerjiyə çevirən ilk buxar maşınının tarixi antik dövrə qədər gedib çıxır. Belə ki, ilk buxar maşınının ixtirası isgəndəriyyəli mühəndis Herona məxsusdur. Onun düzəltdiyi "Aeolipile" adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Lakin ondan sonra XVII əsrin sonunda Denis Papin və Tomas Savery bu istiqamətdə bir sıra sınaqlar aparmışlar.

Ancaq ilk dəfə praktikada tətbiq oluna biləcək buxar maşını XVIII əsrin əvvəlində, 1700-cü ildə ingilis mühəndisi Tomas Nyukomen tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanırdı. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir. Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir. Kolba üst tərəfdə yerləşdirilmiş mancanağın qoluna bərkidilir. Kolba yuxarı-aşağı hərəkət etdikdə o, mancanaq vasitəsilə quyuda yerləşdirilmiş su nasosunu hərəkətə gətirir.

İşçi qüvvəni yaratmaq üçün buxar çənindən silindrə buxar verilir. Silindrə daxil olan buxar kolbanı yuxarı itələyir. Sonra silindrə başqa borudan soyuq su püskürdülür. Bu zaman işçi kamerada olan isti buxar soyuyaraq kondensə olunur. Silindrdə buxarın soyuması nəticəsində "qismi vakuum" yaranır. Xaricdəki atmosfer təzyiqi ilə silindrdəki təzyiq fərqi nəticəsində kolba aşağıya itələnir. Nəticədə silindrdə əmələ gəlmiş su işçi kameradan başqa boru ilə xaric edilir. Sonradan kameraya yenidən buxar vurulur və proses təkrar olunur. Bu maşının işləmə taktı dəqiqədə 10 dəfə idi. Papinin konstruksiyasından fərqli olaraq Nyukomenin maşını praktikada tətbiq edilmişdir. Bir əsrdən artıq o, torpaqların suvarılmasında su nasoslarının işlədilməsi üçün istifadə olunmuşdur. Ancaq bu maşının faydalı iş əmsalı az olduğundan onun tətbiqi iqtisadi cəhətdən səmərəli deyildi.

1764-cü ildə isə Nyukomenin düzəltdiyi buxar maşınını təmir edən Ceyms Vatt onu təkmilləşdirərək, daha yeni tərkibdə maşın ixtira edir. Vatt buxar maşınının işləmə prinsipinin elmi əsaslarına yiyələnərək orada köklü dəyişiklik aparır. Nyukomen buxarı silindrdə soyutmaq üçün oraya əlavə su püskürdürdü. Silindrin soyuması nəticəsində enerji itkisi baş verirdi. Bu nöqsanı aradan qaldırmaq üçün Vattın buxar maşınında etdiyi yenilik kondensatorun tətbiqi ilə bağlı idi. Buxarın kondensasiyası kənarda, daim soyuq saxlanılan çəndə baş verirdi. Bununla silindrin qızıb soyuması aradan götürüldüyündən buxar maşınının effektivliyini artırmaq mümkün olmuşdur. Bundan əlavə, Vatt kondensatora daxil olan havanı və isti suyu xaric etmək üçün bir nasos qoşur. Bunun köməyi ilə kondensatorda həmişə aşağı təzyiq mövcud idi. Nəticədə maşının işləmə qabiliyyəti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Silindrin xüsusi, istilik keçirməyən materialla bürünməsi enerji itkisini minimuma endirmişdir. Silindr kondensatorla boru vasitəsilə birləşdirilir və onların arasında ventil qoyulur.

Burada silindr atmosfer maşınından fərqli olaraq hər iki tərəfdən qapalı hazırlanır. Yuxarıdan silindrə buxar verilir. Bunun nəticəsində kolba aşağı itələnir və özü ilə mancanağın ştokunu dartır. Kolbanın altında olan soyumuş hava kondensatora verilir. Sonra silindrə qoşulan borular yuxarıdan və aşağıdan qapanır. Nəticədə oraya verilən buxar və oradan axan hava kəsilir. Növbəti addımda silindrin yuxarı və aşağı kameralarını birləşdirən borunun ventili açılır. Yuxarı hissədə olan buxar bu yolla kolbanın aşağı hissəsinə daxil olur və kolbanı taraz vəziyyətə gətirməyə çalışır. Amma kolba ucunda ağırlıq olan mancanaqla əlaqədə olduğundan yuxarıya dartılır. Bu taktın sonunda silindrə yenidən buxar verilir. Beləliklə, proses davam edir. Vattın ixtirası ilə buxar maşınlarının məhsuldarlığı artırılır ki, bu da onların sənayedə geniş tətbiqinə imkan verir. Buxar maşınları sonralar İngiltərədə baş verən sənaye inqilabının əsasında durmuşdur.

Bir müddət sonra isə Riçard Trevitik adlı ingilis mühəndisi 1804-cü ildə "Nyu Kastil" adlandırdığı lokomotivi hazırlayır. Buxar mühərrikli bu lokomotiv 70 nəfər sərnişinin əyləşdiyi 10 yük vaqonunu dartıb apara bilirdi. Onun maksimal sürəti saatda 8 kilometrə bərabər idi.

İlk dəmir yolu mühəndislərindən biri hesab edilən ingilis mənşəli Corc Stefanson isə 1814-cü ildə "Bluşer" adlandırdığı lokomotivi düzəltdi. Bu lokomotiv 30 tonluq yükü saatda 6,5 kilometr sürətlə aparmaq gücünə malik idi. Lakin onun da qüsurları az deyildi. Belə ki, lazım olan sürəti almaq üçün kifayət qədər vaxt sərf olunurdu. Sonralar Stefanson səylə çalışaraq, lokomotivi daha da təkmilləşdirdi. Beləliklə, 1825-ci ildə İngiltərədə dünyada ilk dəmir yolu çəkildi. Lokomotivli dəmir yolu qısa zamanda çox əhəmiyyətli bir nəqliyyat növünə çevrildi. 1826-cı ildə isə ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verildi.

Bu nailiyyətin üzərindən uzun müddət keçdikdən sonra almaniyalı elektrik mühəndisi Ernst 274 metr uzunluğunda elektrikləşdirilmiş dəmir yol xətti üzərində ilk elektrik lokomotivini nümayiş etdirdi. Elektrolokomotiv buxarla işləyən lokomotivlə müqayisədə daha səssiz və təhlükəsiz olmaqla yanaşı, həm də ətraf mühitə az zərər vururdu. Qeyd edək ki, o, dünyada ilk tramvay hesab edilir.

İlk dəmir yolunun çəkilməsindən müasir zamanadək məlum sahədə xeyli irəliləyişlər olub ki, bunlar da istər sərnişin, istərsə də yükdaşımalarında işi xeyli asanlaşdırıb. Bu gün dəmiryolu nəqliyyatının insanların və daşınacaq yükün mənzil başına təhlükəsiz, rahat və ən əsası daha tez çatması üçün rolu kifayət qədər artıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".