DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN: ABŞ QOŞUNLARI AVROPADA UZUN MÜDDƏT QALACAQ

ABŞ Avropada əlavə qoşunlarının mövcudluğunu uzun müddət saxlamaq niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib. Prezident xüsusilə, Amerika kontingentinin Polşada və digər NATO ölkələrində uzun müddət qalacağını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatları fevralın əvvəlində Şərqi Avropaya əlavə hərbçilərin göndərilməsini təsdiqləyib. Eyni zamanda, noyabrın 2-də  Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi də ABŞ qoşunlarının ən azı yaxın gələcəkdə Polşada qalacağını bildirib. O əlavə edib ki, ABŞ NATO-nun şərq cinahının təhlükəsizliyinə çox ciddi yanaşır.

Xatırladaq ki, 2022-ci ilin fevralında ABŞ prezidenti Cozef Bayden Polşaya əlavə 3000 amerikalı hərbçi göndərilməsi barədə göstəriş verib. Onlar artıq NATO-nun şərq cinahında hazırlıq vəziyyətində olan 8500 ABŞ əsgəri ilə birlikdə hərbi xidmətə cəlb edilməli idilər.

 

İMRAN XANA QARŞI SUİ-QƏSD CƏHDİ OLUB

Pakistanın sabiq baş naziri İmran Xana qarşı  noyabrın 3-də sui-qəsd cəhdi olub. “Trend” agentliyinin məlumatına görə, Lahor şəhərində etiraz aksiyası zamanı odlu silahdan açılan atəş nəticəsində o, ayağından bin neçə güllə yarası alıb. Qeyd edilir ki, hadisə zamanı daha 4 nəfər xəsarətlər alıb, bir nəfər isə həyatını itirib. İmran Xan, eləcə də digər xəsarət alanların həyati təhlükəsi olmadığı bildirilir. Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Verilən xəbərə görə, hücum edən şəxs  polis tərəfindən saxlanılıb.

Pakistanın baş naziri Şahbaz Şərif İmran Xana qarşı sui-qəsd cəhdini pisləyib: “İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”. Məlumat üçün qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.

 

YAPONİYA QOŞUNLARINI HİPERSƏS RAKETLƏRİ İLƏ TƏCHİZ EDƏCƏK

Yaponiya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin uzaqmənzilli hipersəs raketləri ilə təchiz edilməsi proqramı hazırlayır. Onların təxminən 2030-cu ildə qoşunlara təhvil verilməsi nəzərdə tutulur. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin aparıcı iqtisadi qəzeti “Nikkei” məlumat yayıb.

Bildirilir ki, hipersəs raketləri yüksək sürətinə və kəskin manevr qabiliyyətinə görə ölkə silahlı qüvvələrinin hücum potensialını ciddi şəkildə artırmalıdır. Qəzet qeyd edib ki, bu silahlar Çin və Şimali Koreyaya qarşı strateji çəkindirmə vasitəsi kimi görülür.

Məlumata görə, qoşunların hipersəs raketləri ilə təchiz edilməsi Yaponiya Silahlı Qüvvələrinin zərbə potensialının hazırkı modernləşdirilməsinin yekun mərhələsi kimi qiymətləndirilir.

Eyni zamanda, verilən xəbərə görə, təxminən 2026-cı ildə Yaponiya 1000 kilometrdən çoxmənzilli öz istehsalı olan “Tip-12” yerüstü ballistik raketlərini yerləşdirəcək. Həmçinin 2027-ci ildən 2030-cu ilə qədər hərbi gəmilərin və təyyarələrin təkmilləşdirilmiş versiyaları ilə təchiz edilməsi planlaşdırılır.

 

POLŞADA İLK DƏFƏ ATOM ELEKTRİK STANSİYASI TİKİLƏCƏK

Polşanın Nazirlər Şurası ölkədə iri atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı qərar qəbul edib. İlk AES ABŞ-la birgə şəkildə tikiləcək və onun 2033-cü ildə işə salınacağı planlaşdırılır. “Report”un xəbərinə görə, bu barədə Polşanın İqlim və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın enerji sektorunu çətin vəziyyətə salır, ona görə də Polşanın nüvə enerjisi proqramının həyata keçirilməsi üçün mümkün qədər tez bir şəkildə tərəfdaş seçmək lazım idi. Eyni zamanda, Nazirlər Şurasının qərarında bildirilir ki, Polşada ilk AES ABŞ-ın “AP1000” reaktor texnologiyası əsasında tikiləcək.

“Qrafik üzrə işləyirik. Polşanın ilk AES-inin tikintisinə 2026-cı ildə başlanılacaq, 2033-cü ildə isə AES-in birinci bloku istifadəyə veriləcək”, - deyə Anna Moskva vurğulayıb.

 

BRITANIYA MƏTBUATINDAN TÜRKİYƏ İLƏ BAĞLI DİQQƏTÇƏKƏN TƏHLİL

Böyük Britaniyanın “Middle East Eye” xəbər saytında Türkiyə ilə bağlı diqqətçəkən təhlil dərc olunub. “Teleqraf.com” xəbər verir ki, məqalədə Türkiyənin Rusiya ilə Avropa arasında əsas vasitəçi kimi önə çıxa biləcəyi vurğulanıb. Bununla yanaşı, təhlildə Rusiyanın Türkiyədə qazpaylama mərkəzi yaratmaq təklifinin Ankara tərəfindən müsbət qarşılandığı bildirilib və Türkiyənin tezliklə güclü qaz ticarət mərkəzinə və Rusiya ilə Avropa arasında həyati enerji vasitəçisinə çevrilə biləcəyi qeyd olunub. Rusiya və Ukrayna arasında davam edən müharibənin enerji qiymətlərinə ciddi şəkildə təsir etdiyinə diqqət çəkilir. Həmçinin Avropa ölkələrinin təbii qaz, neft və kömür idxalında böyük ölçüdə Rusiyadan asılı olduğu xatırladılıb.

“Rusiya son 20 ildə Avropanın enerji bazarında liderliyini qoruyub saxlayarkən, Türkiyə özünü qaz ticarət mərkəzinə çevirmək üçün önəmli həmlələr edir”, - deyə təhlildə bildirilir.

Eyni zamanda, təhlildə Türkiyənin yüksək təbii qaz istehlakı və idxal həcminə, eləcə də inkişaf etmiş bazara və yaxşı fiziki infrastruktura malik olduğu qeyd edilib. Məqalədə vurğulanır ki, bütün bunlar Türkiyənin hər iki tərəfi məmnun edəcək bir aktor kimi meydana çıxması deməkdir.

 

İRAN VƏ Aİ ARASINDA NÜVƏ SAZİŞİNİN BƏRPASI MÜZAKİRƏ EDİLİB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı həyata keçirib. “Trend”in verdiyi xəbərə görə, bu barədə İran XİN-in saytında yerləşdirilən açıqlamada qeyd olunur. Məlumata əsasən, İranın xarici işlər naziri Avropa diplomatiyasının rəhbərini əmin edib ki, Tehran konstruktiv danışıqlara hazırdır və Vaşinqtonla razılığa gəlməkdə maraqlıdır. Eyni zamanda, nazir bildirib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq sazişləri üzrə öhdəliklərini yerinə yetirməyə davam edir.

Jozep Borrell, öz növbəsində, Vyana danışıqlarının iştirakçılarının yekun razılığa gəlməsinə qədər Aİ-nin lazımi səyləri göstərəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, İranın nüvə sazişinin bərpası perspektivlərinə nikbinliklə yanaşır.

 

FİLİPPİNDƏ ŞIDDƏTLI QASIRĞA ZAMANI ÖLƏNLƏRİN SAYI 150 NƏFƏRƏ ÇATIB

Filippində tüğyan edən “Nalji” tropik qasırğası 3,96 milyondan çox insana zərər vurub. “Report” agentliyinin verdiyi xəbərə əsasən, ölkənin Risklər Barədə Xəbərdarlıq və Təbii fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şurasının məlumatına görə, qasırğanın qurbanlarının sayı artıq 150 nəfərə çatıb. Bildirilir ki, evlərindən köçürülən 1,21 milyon insan 2094 təxliyyə mərkəzində yerləşdirilib. Məlumata əsasən, qasırğa 12,9 min evə ziyan vurub ki, onlardan da 2,19 mini dağılıb. Eyni zamanda 367 infrastruktur obyektinə dəyən ziyan 2,83 milyard peso (48,18 milyon dollar) məbləğində qiymətləndirilir.

Kənd təsərrüfatına dəyən zərər 2,44 milyard peso (41,53 milyon dollar) həcmində dəyərləndirilir. Hökumət yardım üçün artıq 136,84 milyon peso (2,32 milyon dollar)  vəsait ayırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.