Yeni dövrün başlanğıcı
Sosial həyat

Yeni dövrün başlanğıcı

Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri müasir Azərbaycan tarixində əlamətdar hadisə hesab edilir. Tarixi qərar ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı olacaq. Növbədənkənar prezident seçkilərinin keçirilməsini Azərbaycan və bütün region üçün yaranan yeni tarixi reallıqlar diktə edir.

Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsinin önəmindən qürurla söhbət açmaq olar. Azərbaycan vətəndaşları bir daha sabitliyə və inkişafa səs verəcəklər.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşməklə yanaşı, qarşıya qoyulan hədəflərin reallaşmasına, ölkəmizin inkişafına başlıca zəmin hesab olunur. Sözsüz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla müasir tariximizin ən parlaq səhifəsi açılıb. Şanlı üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandırılması xalqın dövlətə inamını daha da artırır.

Hər yerdə olduğu kimi, 50 saylı Abşeron 3-cü seçki dairəsində də qarşıdakı prezident seçkilərinə geniş hazırlıq işləri aparılır.

Dairə seçki komissiyasının sədri Çingiz Hünbətovla söhbət edərkən o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi:

- Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə sayılı günlər qalır. Prezident seçkiləri milli iradənin təntənəsi, növbəti hədəflərə çatmaq üçün yeni başlanğıclar və Azərbaycan xalqının vahid mövqeyinin ifadəsidir. Seçki keçiriləcək ərazilərdə "7 fevral 2024-cü il prezident seçkiləri günüdür. Hamılıqla səs verək!" sözləri yazılmış plakatlar diqqəti cəlb edir.

Dairə seçki komissiyasında yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunur.

Dairə seçki komissiyasının sədr müavini Vüqar Nəsibov vurğuladı ki, 50 saylı Abşeron 3-cü seçki dairəsində 42 seçki məntəqəsi təşkil edilmişdir. Seçkilərdə 53846 seçici iştirak edəcək.

Qeyd etmək lazımdır ki, məntəqələrdə cari təmir işləri aparılmış, lazımi avadanlıqlar, işıq, rabitə və digər xidmətlərlə təchiz edilmişdir. Həmçinin seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır. Seçkilərin demokratik və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri davam edir.

32 saylı seçki məntəqəsi Digah kənd orta məktəbində yerləşir. Məntəqənin sədri Eyyub Aslanov bildirdi ki, məntəqədə seçkilərə geniş hazırlıq işləri aparılır. 1162 nəfərin seçici siyahısı dəqiqləşdirilərək məntəqədən asılmışdır, veb-kamera quraşdırılmış, müşahidəçilər üçün yer ayrılmışdır.

Əminliklə demək olar ki, abşeronlular seçkilərdə birlik, həmrəylik nümayiş etdirəcək, əmin-amanlığı və inkişafı dəstəkləyəcəklər. Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixinə ən qürurverici seçki kimi əbədi yazılacaqdır.

Qədir ASLAN,

"Respublika".