İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Stolüstü tennisçimiz üçüncü olub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən "Avropa Gənclər Seriyası" turnirində iştirak edib. O, turnirdə bürünc medal qazanıb. Təmsilçimiz Xorvatiya, Macarıstan və Avstriya idmançıları ilə qrup mübarizəsində birinci olub. Son qarşılaşmada isə almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.

Atıcılarımızın uğurlu çıxışı

Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında və Qətərin paytaxtı Dohada təşkil olunan Əmir Qran-Prisində çıxış edən Azərbaycan atıcıları uğurlu nəticə əldə ediblər. Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 10 metr məsafəyə güllə atmada 3-cü yeri tutublar. Aylin Quliyeva isə Qran-Pri turnirində səngər stendi üzrə yarışda gümüş medala layiq görülüb.

Gimnastlarımız gümüş medal qazanıblar

Rumıniyanın Ployeşti şəhərində keçirilən XXIII "Irina Deleanu Cup" beynəlxalq turniri başa çatıb. Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi yarışda gümüş medal qazanıb. Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıb. Həmçinin yarışda çoxnövçülük proqramında iştirak edən yığmanın üzvü İlona Zeynalova bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".