ABADLIQ-QURUCULUQ İŞLƏRİ
Region

ABADLIQ-QURUCULUQ İŞLƏRİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Mingəçevir şəhərində də uğurlu layihələr icra olunmuşdur. Belə ki, şəhərdə vətəndaşların istirahəti, firavanlığı, asudə vaxtının səmərəli keçməsi üçün yeni park və istirahət məskənləri salınıb, yaşıllıq zolaqları genişləndirilib. Çoxmənzilli yaşayış binalarının bir çoxunda əsaslı təmir işləri yekunlaşıb, nümunəvi məhəllələr yaradılıb, işıq, qaz, su xətlərində mövcud olan problemlərin həlli istiqamətində xeyli işlər görülüb.

Hazırda havaların soyuq keçməsinə baxmayaraq, abadlıq işləri davam etməkdədir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin növbəti layihəsinin N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişdiyi məhəllədə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun həmin məhəllədə növbəti görüşü keçirilib. Şəhərin idarə-müəssisə rəhbərləri və işçilərinin, ictimaiyyət nümayəndələrinin, KİV əməkdaşlarının iştirak etdiyi görüşdə şəhər rəhbəri ötən illərdə Mingəçevirdə görülən quruculuq işləri haqqında geniş məlumat verərək bu cür işlərin cari ildə də şəhərin bir çox ərazilərində davam etdiriləcəyini vurğulayıb.

Şəhərin N.Nərimanov küçəsindəki 3, 5, 7, 9/29 nömrəli və 20 Yanvar küçəsindəki 31 nömrəli binaların qarşısında yeni nümunəvi məhəllənin yaradılması işlərinə başlanılır. Binaların hər birində ümumi istifadə sahələri, giriş dəhlizləri əsaslı təmir edilərək müasir formalı giriş qapıları və pəncərə çərçivələri qoyulacaq, şüşəbəndlər salınacaq, suvaq və rənglənmə işləri aparılacaqdır. Məhəllədə müasir oturacaqlar qoyulacaq, yaraşıqlı söhbətgahlar yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

Görüşdə icra hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciət və şikayətlərinə aydınlıq gətirərək, aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.

Zabit XƏLİLOV,

"Respublika".