Ağdamın tarixi incisi İMARƏT KOMPLEKSİ
Sosial həyat

Ağdamın tarixi incisi İMARƏT KOMPLEKSİ

Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Ağdam Qarabağın mərkəzində yerləşir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada, "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsi, Qutlu Musa oğlu günbəzi (1314-cü il), türbə və daş abidələr (XIV əsr), Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri Ağdamın keçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq verir.

Ağdamın gözəlliyi, təbiəti onu görən hər kəsi hər zaman valeh edib. Lakin mənfur qonşularımız 1993-cü il iyulun 23-də Ağdamın böyük hissəsini işğal edərək bizi bu gözəllikdən məhrum etdilər. 27 il sonra Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan kəndbəkənd, qarışbaqarış düşmən tapdağından azad olundu. Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olaraq orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və açılış mərasimlərində iştirak ediblər. Onlar şəhərin keçmişində "İmarət" adı ilə tanınan tarixi kompleksə də baş çəkib, burada aparılan elmi-tədqiqat və bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd etmək lazımdır ki, dövlət başçımız işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağımızı ucaldarkən ilk baş çəkdiyi ünvanlardan biri Qarabağ xanlarının ata-baba mülkü və axirət evi olan "İmarət" tarixi kompleksi olub. Prezident o zaman Qarabağın keçmişi ilə bağlı bu önəmli tarixi məkanın tədqiq edilməsi və layiqincə bərpa olunması barədə göstəriş və tövsiyələrini verib.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarixi-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq həm də dəbdəbəli yaşayış evidir. Buna görə də Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, "İmarət" kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşdıqdan sonra ikinci mərhələ başlanılacaq.

30 illik işğal dövründə erməni vandallarının darmadağın etdikləri, tövləyə çevirdikləri bu tarixi məkan bərpa edilərək yenidən həyata qaytarılır.

Röya RÜSTƏMLİ,

"Respublika".