9 İYUN Beynəlxalq Arxivlər Günüdür
Beynəlxalq Arxivlər Şurasının (BAŞ) 2007-ci ildə qəbul etdiyi qərarla - 9 iyun hər il dünyanın 200-ə yaxın ölkəsində, o cümlədən bizim respublikamızda Beynəlxalq Arxivlər Günü kimi qeyd edilir. Bəşəriyyətin arxiv irsinin qorunması, inkişafı və istifadəsinə xidmət edən BAŞ-ın cari ildə 75 ili tamam olur. Dünya arxiv təşkilatlarının, cəmiyyətlərinin peşəkar təşkilatı olaraq BAŞ öz fəaliyyətini arxivlərin effektiv idarə olunması, bəşəriyyətin mədəni irsi olan arxiv sənədlərinin mühafizəsi, qaydaya salınması və istifadəsi sahəsində yeni norma və standartların müəyyən edilməsinə, arxivçilərin peşəkarlığının yüksəldilməsinə töhfə verən mötəbər qurumdur.
Azərbaycan arxivçiləri də dünyada arxiv işi sahəsindəki yeniliklərin öyrənilməsində bu beynəlxalq təşkilatın təcrübəsindən bəhrələnir. Əlamətdar günlə bağlı hər il müzakirələr, ekskursiyalar, açıq qapı günləri təşkil olunur və digər maarifləndirici tədbirlər həyata keçirilir.
Cəmiyyət üçün vacib sosial institut rolunu oynayan arxivlər həm də çoxsahəli və universal informasiyanın saxlanıldığı elmi mərkəzlər olaraq dövlətin, vətəndaşların retrospektiv informasiyaya əlçatanlığını təmin edir, ölkənin siyasi, ictimai-iqtisadi və mədəni inkişafına təsir göstərir, idarəetmənin effektivliyini artırır, sosial hüquqların təminatçısı rolunu oynayırlar. Arxiv sənədləri insanın mənəvi zənginliyinin, dünyagörüşünün genişlənməsində, tarixi şüurun, milli özünüdərkin, milli qürurun formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası rolunu daşıyır. Arxivlərdə təkcə ciddi mədəni və tarixi informasiya resursları mühafizə olunmur, həm də hər birimizin həyatında bu və ya digər dərəcədə rolu olan çeşid-çeşid informasiya mühafizə edilir. Burada fərdi xarakterli məlumatlar, doğum, ölüm, nikah, boşanma, təhsil, əmək fəaliyyəti, əmlak münasibətləri, təltif və digər əməliyyatlara dair məlumatlar da saxlanılır.
Arxivlərin bütövlükdə cəmiyyətin sosial-mədəni fəaliyyət sahələrinin inkişafındakı rolunu nəzərə alaraq qeyd edə bilərik ki, Beynəlxalq Arxivlər Günü təkcə bu sahədə çalışanların peşə bayramı deyil, həm də arxiv işinin inkişafına töhfə verən, ondan faydalanan və onu qiymətləndirə bilən hər bir fərdin, vətəndaşın bayramıdır.
Qeyd olunduğu kimi, xalqın hafizəsi və yazılı yaddaşı olan arxiv sənədləri və arxivlər millətin mədəni dəyərlər toplusudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, mədəni irsin tərkib hissəsi olan arxiv sənədləri xalqımızın tarixini əks etdirən yeganə mənbə, həm də tariximizi təhrif edənlərin qarşısının alınması üçün mühüm vasitədir. Bu gün Milli arxivlərimiz cəmiyyətin intellektual inkişafının məhsulu olan mədəni irsin qorunmasını və onun elmi məqsədlər üçün istifadəsi missiyasını ləyaqətlə həyata keçirən mühüm dövlət təşkilatlarıdır.
102 illik inkişaf yolu keçmiş Azərbaycan arxivləri xalqımızın dövlətçilik tarixinin, onun sosial-mədəni inkişafının öyrənilməsi üçün qiymətli arxiv materiallarının saxlanıldığı xəzinədir. Çoxsaylı arxiv sənədləri təsdiq edir ki, tarixi torpaqlarımıza göz dikmiş yadelli qüvvələr təkcə ölkəmizin maddi resurslarını istismar etməklə kifayətlənməmiş, həm də mədəni sərvətlərimizə göz dikmişlər.
Belə faktlardan birini respublikamızın Dövlət Tarix Arxivində (DTA) mühafizə olunan tarixi "Türkmənçay" müqaviləsinin 3-cü bəndi təsdiq edir. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya ilə İran arasında imzalanmış müqavilə təkcə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə nəticələnməmiş, İran tərəfi Azərbaycan xanlıqlarına məxsus arxiv sənədlərinin 6 ay müddətində Rusiyaya təhvil verilməsini öhdəlik götürmüşdür. Bu faktın özü arxiv sənədlərinin dövlətlər üçün nə qədər əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir. Vaxtilə talan edilərək ölkədən çıxarılmış Azərbaycanla bağlı arxiv materiallarına bu gün dünyanın bir çox ölkələrinin arxivlərində rast gəlmək mümkündür. Respublikamızın dövlət arxiv xidməti təşkilatları əməkdaşlıq etdikləri ölkələrin dövlət arxivlərində mühafizə olunan Azərbaycanla bağlı sənədlərin müəyyən olunması, onların siyahılarının əldə edilməsi və xüsusi əhəmiyyətli arxiv sənədlərinin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparmaqdadırlar.
Azərbaycanda arxiv sənədlərinin sistemli şəkildə toplanılması, mühafizəsi və istifadəsi işinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılmışdır. Hökumətin Xarici İşlər Nazirliyinin tərkibində Azərbaycanda fəaliyyət göstərmiş çar Rusiyasının yerli idarələrindəki sənədlərin toplanması və publikasiyası məqsədilə xüsusi komissiya yaradılmışdır. Qısa müddətdə fəaliyyət göstərmiş həmin komissiyanın topladığı sənədlər hazırda DTA-nın fondlarında nadir sənədlər kimi qorunub saxlanılır.
AXC hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar 1918-ci ilin əvvəllərində erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən soyqırımı aktının nəticələrinin öyrənilməsində və vəhşiliklərin beynəlxalq səviyyədə ifşa edilməsində əvəzedilməz tarixi mənbə kimi qiymətləndirilir.
Dövlətin universal informasiya resursları kimi dəyərləndirilən arxiv sənədlərində milli dövlətçiliyimizin inkişaf tarixinin müxtəlif mərhələlərinin öyrənilməsində ilkin tarixi mənbə kimi xüsusi əhəmiyyət daşıyan çoxsaylı məlumatlar vardır. Bu sənəd xəzinəsi bizə vətən tarixinin son üç yüz illik dövrünü göz önünə gətirməyə, onu öyrənməyə, baş vermiş hadisə və faktların elmi təhlilini aparmaqla nəticələr əldə etməyə, gələcəyə baxışımızı formalaşdırmağa imkan verir.
Cəmiyyətdə arxivlərin daşıdığı tarixi rolun aydın təsəvvürünü yaratmaq üçün dövlət arxivlərimizdə saxlanılan və bu gün də öz aktuallığı ilə seçilən bəzi qiymətli sənədlər barədə dəyərli oxuculara qısaca məlumat vermək istəyirəm. Arxivlərimizdə mühafizə edilən qiymətli və nadir sənədlərin siyahısına Qarabağ xanlığının Rusiyaya birləşdirilməsinə dair 1805-ci ildə imzalanmış "Kürəkçay" müqaviləsi, Azərbaycanın iki hissəyə parçalanması ilə nəticələnən və Rusiya ilə İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrinin nüsxələri, respublikamızın ərazi bütövlüyü, sərhəd koordinatlarının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edən Qars, Moskva müqavilələrinin surətləri, Azərbaycan İnqilab Komitəsi Mərkəzi İcraiyyə Komitəsinin qərarları, XIX əsrdə Azərbaycanda yerli idarəetmə, məhkəmə quruculuğu, təhsil, səhiyyə sahəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə materiallar saxlanılır. Həmçinin, şəhər əhalisinin tərkibi, məşğuliyyəti, şəhərlərin planlaşdırılması, mülki binaların tikintisi, bank, sənaye, ticarət, nəqliyyat, kənd təsərrüfatı, sığorta təşkilatlarının fəaliyyətinə dair son dərəcə zəngin materiallar mühafizə edilir.
Dövlət arxivlərimizdə mühafizə olunan xüsusi qiymətli sənədlərin siyahısına Azərbaycan tarixinin bir çox qaranlıq məqamlarının öyrənilməsi və tədqiqi üçün son dərəcə əhəmiyyətli və oxucu üçün maraqlı olan Zaqafqaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurasının fəaliyyətinə dair arxiv materialları da vardır. Bu sənədlər xalqımızın fədakar oğulları və ideya sahiblərinin Azərbaycanın müstəqilliyi uğrunda apardıqları şərəfli mübarizənin şahidi olmaqla, bizlərə həmin illərdə bölgədə gedən gərgin siyasi proseslər barədə ətraflı məlumat almağa imkan verir. Həmin sənədlərdən məlum olur ki, 1918-ci ilin fevralında Zaqafqaziyada hakimiyyət orqanı kimi yaradılmış Seymin müsəlman fraksiyasının iclaslarında Zaqafqaziyanın müstəqil dövlət elan edilməsi, Türkiyə ilə münasibətlər, Rusiyadan gələn bolşevik təcavüzü, Bakıda, İrəvan quberniyasında ermənilər tərəfindən müsəlman əhalisinə qarşı törədilən qırğınlar, vəhşiliklər və digər məsələlər geniş müzakirə edilmişdir.
Məsələn, Seymin müsəlman fraksiyasının aprelin 10-da keçirilmiş iclasında İrəvan quberniyasında müsəlmanlara qarşı ermənilərin və erməni ordusunun məqsədyönlü şəkildə apardığı əməliyyatların mahiyyətində ərazilərimizin boşaldılması və ermənilərin yerləşdirilməsi dayandığı barədə məlumatlar verilmişdir. Aprelin 15-də keçirilən digər iclasda Seym üzvü Əlixan Qantəmirov çıxış edərək Qars vilayətində müsəlmanlara qarşı törədilən soyqırımı hadisələri barəsində ətraflı məlumat vermişdir. O, çıxışında hadisələrin şahidi olmuş yunanların dediklərinə əsaslanaraq qeyd edir ki, türk ordusunun qarşısından geri çəkilən ermənilər yol boyu vəhşiliklər törədir, müsəlman-türk uşaqlarını, qadınları güllələyir, kəndləri yer üzündən silirdi. Qars vilayəti nəhəng qəbiristanlığa çevrilmiş və buradakı hər bir daş erməni vəhşiliklərinin şahidi olmuşdur.
Sənədlərin təhlili göstərir ki, XVII əsrdən başlayaraq, ermənilər xristian dini etiqadlarından istifadə edərək qərb dövlətlərinin köməyi ilə "böyük ermənistan" dövləti yaratmaq xülyasına düşmüş, bu işdə onlara qərb dövlətləri və çar Rusiyası himayədarlıq etmişdir. XVIII əsrdən Zaqafqaziyanı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında buna nail ola bilmiş və tarixi Azərbaycan torpaqlarını parçalayaraq bir hissəsini imperiyaya qatmağa müvəffəq olmuşdur. Ərazilərimizin işğalı tarixi Azərbaycan torpaqlarında kəskin demoqrafik dəyişikliklərin baş verməsi ilə nəticələnmişdir. Rus ordusunda xidmət edən erməni millətindən olan zabit və generalların dəstəyi ilə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ərazidə demoqrafik mənzərənin tədricən ermənilərin xeyrinə dəyişməsinə səbəb olmuşdur. Tarixi sənədlər təsdiq edir ki, 1929-cu ilin dekabr ayınadək 8 mindən yuxarı erməni ailəsi (40 min nəfər) Arazı keçərək Rusiyanın tutduğu İrəvan, Naxçıvan, Qarabağ torpaqlarında məskunlaşmışdır.
Eyni zamanda, həmin ildə Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə müqaviləsindən sonra türk xalqına qarşı törətdikləri cinayətlərindən qorxaraq 14 mindən artıq erməni ailəsi (84600 nəfər) rus ordusunun köməyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüşlər. Dövlət arxivlərimizdə saxlanılan o dövrün statistik hesabatları, məlumat kitabları həyata keçirilən bütün köçürmələrə baxmayaraq, XX əsrin əvvəllərində hazırkı Ermənistan ərazisində yaşayan əhalinin əksəriyyətinin doğma torpaqların əbədi və əzəli sakinləri olan azərbaycanlılardan ibarət olduğunu təsdiq edir. Bu ərazidə azərbaycanlıların say tərkibinin azalması bədnam daşnak partiyasının 1918-1920-ci illərdə yaratdığı Ararat respublikası dövründə daha böyük vüsət almışdır. Ermənistan dövləti öz mövcudluğunun ilk günündən qədim Azərbaycan torpaqlarını işğal etməyə çalışmış, daşnaklar İrəvan quberniyası, Zəngəzur, Cavanşir, Şuşa qəzalarının yüzlərlə kəndini yandıraraq məhv etmiş və yerli azərbaycanlı əhaliyə qarşı misli görünməyən vəhşiliklər, qırğınlar törətməklə 100 mindən artıq azərbaycanlını öz yurd yerlərini tərk etməyə məcbur etmişdir.
1919-cu ilin noyabrında Azərbaycanla Ermənistan arasında silahlı toqquşmaların dayandırılması və mübahisəli sərhəd məsələlərinin dinc yolla həll edilməsinə dair razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan tərəfi bu razılaşmanı pozaraq Azərbaycan torpaqlarını ələ keçirmək cəhdlərindən əl çəkməmişdir.
Arxiv sənədləri təsdiq edir ki, Ermənistan hökuməti bolşevik donu geyinərək məkrli niyyətlərini həyata keçirməkdə davam etmişdir. 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə görə Zaqafqaziya respublikaları arasında dövlət sərhədləri müəyyən edilməsinə baxmayaraq, Ermənistan qonşu dövlətlərin tarixi torpaqlarına olan iddialarından bu günədək əl çəkməmişdir. Arxiv sənədləri təsdiq edir ki, 1920-1922-ci illərdə Azərbaycan SSR-in Qazax qəzasından Ermənistan SSR-ə 379.984 desyatin, Zəngəzur qəzasından Ermənistana 405 min desyatin torpaq sahəsi verilmişdir. Bu siyasət sonrakı illərdə də davam etmiş, ermənilər öz himayədarlarının vermiş olduğu ədalətsiz qərarlarla zaman-zaman Azərbaycanın sərhəd boyu kəndlərinin torpaqları hesabına öz ərazilərini genişləndirmiş, müxtəlif siyasi don geyindirməklə azərbaycanlı əhalinin öz dədə-baba torpaqlarından çıxardılmasına, Ermənistanın monoetnik dövlətə çevirilməsinə nail ola bilmişlər.
Arxiv fondlarımızda saxlanılan Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin sədri tərəfindən 1947-ci və 1948-ci illərdə imzalanmış qərarlar belə faktları bir daha təsdiq edir.
Dırnaqarası "Köçürmə" adlanan bu tədbirin mahiyyətində bir neçə ildə Ermənistanın səfalı yerlərindən 100 min nəfərdən yuxarı azərbaycanlı ailəni Kür-Araz ovalığına köçürməklə, Ermənistanı etnik cəhətdən türklərdən təmizləmək niyyəti dururdu. Arxiv sənədləri təsdiq edir ki, yerli azərbaycanlı əhalinin ciddi etirazlarına baxmayaraq, qərar icra edilirdi. Kür-Araz ovalığı rayonlarını işçi qüvvəsi ilə təmin etmək adı ilə başlanan məkrli köçürmə tədbiri həm də Ermənistandakı bir çox Azərbaycandilli tədris müəssisələrinin bağlanması, ali və orta ixtisas təhsili müəssisələrinin Azərbaycan dili bölmələrinin respublikamıza köçürülməsi ilə nəticələndi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ və Qərbi Azərbaycan məsələləri ilə bağlı ölkə daxilində və beynəlxalq səviyyədə apardığı ardıcıl və məntiqli dövlət siyasəti erməni xislətinin beynəlxalq miqyasda ifşasına və tarixi ədalətin bərpasına istiqamətlənmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyilə beynəlxalq səviyyədə aparılan işlər, həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində olduğu kimi, çox tezliklə dünyada erməni mifinin darmadağın edilməsi və soydaşlarımızın tarixi torpaqlara qayıdışı ilə nəticələnəcəkdir. Bu şərəfli missiyanın həyata keçirilməsi və tarixi ədalətin bərpasında dövlətin mötəbər informasiya resursu olaraq arxiv sənədlərinin əvəzsiz əhəmiyyəti vardır. Bütün bu qeyd olunanlar son iki yüz ildən artıq bir dövrdə Ermənistan-Azərbaycan münasibətləri kontekstində regionda baş vermiş hadisələrin obyektiv təhlili və həlli üçün arxiv sənədlərində tutarlı faktların mövcudluğunu ortaya qoyur və bu sahədə fundamental elmi araşdırmaların aparılması üçün qiymətli mənbə olduğunu təsdiq edir.
Dövlət arxivlərimizdə peşəkar tədqiqatçılar tərəfindən elmi araşdırmaların aparılması üçün zəngin sənəd bazası mühafizə olunduğu kimi, həm də sənədlərdən səmərəli istifadə üçün lazımi şərait yaradılıb. Bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübəsi öyrənilərək normativ-hüquqi baza təkmilləşdirilib, istifadəçilərin, tədqiqatçıların arxiv sənədlərinə əlçatanlığı və çıxış imkanlarının genişləndirilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadəyə başlanılıb.
Milli yaddaşın xəzinəsi olan arxivləri və arxiv sənədlərini qoruyan, onlardan istifadə etməklə xalqına və dövlətinə şərəflə xidmət edən hər kəsi Beynəlxalq Arxivlər Günü münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Həsən HƏSƏNOV,
Azərbaycan Respublikası
Milli Arxiv İdarəsinin rəis müavini.