Azərbaycanın etibarlı dostları
Siyasət

Azərbaycanın etibarlı dostları

Bu günlərdə Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul olunmuş qətnamə ilə əlaqədar AŞPA-nın sədri Teodoros Rousopoulosa məktub ünvanlayıb. Məktubda deyilir ki, bu cür qərarlar AŞPA-nın Azərbaycan və Cənubi Qafqaz ilə gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur...

Xoş məram ifadə edən bu xəbər istər-istəməz bu ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinə qarşı edilən haqsızlıq, verilən ədalətsiz qərarla bağlı yaşananları bir daha göz önünə gətirdi. Məlumdur ki, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərara adekvat olaraq nümayəndə heyətimiz bu beynəlxalq qurumda fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandırdığını bəyan etmişdir. Əslində yazımızın əsas mövzusu bu deyil. Söhbət qonşu dövlətin məsələyə yanaşmasından gedir. Deməli, Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın hər yerdə dostları var...

2022-ci il oktyabrın 24-də Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində mətbuata bəyanatla çıxışında deyib: "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".

İki ölkə arasında əlaqələrin isə qədim tarixi var. Belə ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Gürcüstanın nümayəndəliyi fəaliyyət göstərirdi. SSRİ-nin tərkibində bu müttəfiq respublikalar arasında iqtisadi və mədəni əlaqələr formalaşmış, İttifaq dağıldıqdan sonra postsovet məkanında da müstəqil dövlətlər kimi münasibətləri daha da inkişaf etdirmişlər. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraqlar əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Təbii ki, dövlətlərin siyasi-iqtisadi münasibətlərinin indiki səviyyəyə çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx, mehriban qonşuluq əlaqələri mühüm rol oynamışdır. Son dövrlər bu münasibətlər hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb. Dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətləri daha da dərinləşdirir.

Gürcüstanla Azərbaycanı bu gün həm də Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA və BTQ kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla bərabər GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir. Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr öz bəhrəsini verir. Bu qlobal layihələr strateji tərəfdaşlığın əsasını təşkil edir. Yeni dünya düzəninin reallıqları bu layihələrin aktuallıq və perspektivlərini daha da artırıb.

Mütəxəssislər Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyirlər. Həmçinin Azərbaycanın Gürcüstanın əsas iqtisadi tərəfdaşlarından və investorlarından biri olduğunu qeyd edirlər. Belə ki, indiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3.5 milyard ABŞ dollarından çox investisiya yatırıblar ki, onun da 1.5 milyard dolları Azərbaycan Dövlət Neft Şirkətinin payına düşür. Koronavirus pandemiyası səbəbindən müəyyən azalmalar olsa da, iki ölkə arasındakı illik ticarət dövriyyəsi müsbət dinamika ilə yenidən 1 milyard dollara çatmaq üzrədir.

İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağac, kol, peyvənd edilmiş və edilməmiş ting, heyvan və bitki mənşəli piy, yağ, sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu və s. idxal edilib. Ölkəmizdən qonşu ölkəyə 17346,4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunub.

Onu da qeyd edək ki, ölkələrimiz arasında aqrar elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri də mövcuddur. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) maliyyə dəstəyi ilə taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi üzrə vaxtaşırı birgə ekspedisiyalar keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq əlaqəsi davam etdirilir. Aqrar elmi tədqiqatların nəticələri barədə mütəmadi olaraq informasiya mübadiləsi aparılır.

İki ölkə arasında mədəni əlaqələr əsasən qardaşlaşmış şəhərlərin timsalında rəngarəng tədbirlərlə davam etdirilir.

Beləliklə, Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin atdığı bu addım da ölkələrimizin bundan sonrakı əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Zümrüd QURBANQIZI,

"Respublika".