Azərbaycanın səbri tükənməz deyil
Digər xəbərlər

Azərbaycanın səbri tükənməz deyil

Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfi ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük" adı altında avtomobil karvanlarını göndərərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozub. Ermənistan tərəfində nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və təxribata cəhd göstərilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin rəsmi mövqeyini  bildirərək deyib ki, yalnız Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir: "Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!". Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bildirilib ki, iyunun 15-də Laçın buraxılış məntəqəsinə qarşı silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də iyulun 26-da "humanitar yük" adı altında avtomobil karvanının göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək, erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb. Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunması təklifi ilə çıxış edib. Bununla da rəsmi Bakı həm İrəvan, həm də Xankəndi ermənilərinə sonuncu sərt mesajını vermiş oldu. Başqa yol yoxdur, Ağdam-Xankəndi yolundan istifadə ediləcək. Göründüyü kimi, artıq rəsmi Bakının səbri tükənmək üzrədir.

Millət vəkili Nəsib Məhəməliyev bildirib ki, Ermənistanın "humanitar yük" adı altında avtomobil karvanını Azərbaycan dövlət orqanları ilə razılaşdırmadan sərhədlərimizə göndərməsi növbəti təxribatdır: "Ermənilərin qurduğu təxribatda iştirak edənlərin sırasında Avropa İttifaqı kimi nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələrinin olması təəssüf doğurur. Ona görə ki, bu təşkilatın ali orqanının rəhbəri Şarl Mişel dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, vasitəçi qismində ədalətli mövqe sərgiləyir. Digər tərəfdən isə Avropa parlamentinin ermənipərəst qərarına uyğun olaraq separatçılığı dəstəkləyir və müşahidəçi qismində erməni şoularında iştirak edir. Ermənistanın əsas məqsədi Laçın rayonu ərazisində yerləşən sərhəd-buraxılış məntəqəsinin götürülməsi, əvvəlki qaydada Qarabağa qanunsuz silah-sursatın, hərbi təyinatlı yüklərin daşınmasını, razılaşmalara baxmayaraq, hələ də çıxarılmamış erməni terrorçu qrupların rotasiyasını təmin etməkdir. Prezidentin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, "artıq oyun bitdi". Azərbaycan kifayət qədər güclü, ciddi dövlət olduğunu bir daha sübut etdi. Ermənilərin və himayədarlarının təxribatları artıq keçmir. "Humanitar yüklərin daşınması" adı ilə spekulyativ davranışlara yer yoxdur. Ermənistan gözəl başa düşür ki, zorla Qarabağda yaşamağa məcbur etdiyi separatçıların sonu gəlib. Əgər onları orada saxlamaq istəyirsə, Azərbaycanın təklif etdiyi alternativ yoldan, Bərdə-Ağdam-Xankəndi marşrutundan istifadə etməli, Zəngəzur yolunu açmalı, qanunsuz silahlı birləşmələrini çıxarmalıdır. Əks halda, yeni qarşıdurmalar qaçılmazdır".

Nuranə DAXİLQIZI,

"Respublika".