Bənzərsiz uğurlu siyasət
Siyasət

Bənzərsiz uğurlu siyasət

Prezident İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı zamanı söylədikləri Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə əldə etdiyi uğurları, eləcə də dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəfləri ehtiva edir. Dövlətimizin başçısı hələ 2003-cü ildə ilk dəfə Prezident seçildiyi zaman Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması üçün çalışacağını vurğulamışdı. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını öz xoşları ilə tərk etməsə, münaqişənin yeganə həll yolunun müharibə olacağını da bildirmişdi.

Ölkə başçısı İlham Əliyev Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayırırdı. Bu məqsədlə, möhkəm, dayanıqlı iqtisadiyyatın vacibliyini daim diqqətə çatdıran cənab İlham Əliyev respublikanın iqtisadiyyatını gücləndirdi, cəmi 20 il ərzində Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Ölkə başçısı ordu quruculuğu ilə yanaşı, hərbi sənayenin inkişaf etdirilməsinə də xüsusi önəm verməklə güclü hərbi sənaye kompleksi yaratdı. Vətən müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış və öz hərbi sənayemizin istehsal etdiyi müasir silahlarla düşməni məğlubiyyətə uğratdı. Bu gün Azərbaycan tam müstəqil dövlətdir. Ölkəmiz dünyada azsaylı dövlətlərdəndir ki, iqtisadi cəhətdən heç kimdən asılı deyil. Artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu il hərbi sənaye sahəsinə dövlət büdcəsindən 1 milyard manat vəsait qoyulacaq. Dövlətimizin istehsal etdiyi hərbi silahlar və döyüş texnikaları xarici ölkələrə də ixrac olunur. Yaxın gələcəkdə ölkəmizin digər dövlətlərdən silah alınmasını minimuma endirməsi, Azərbaycanın dünyanın müasir silah istehsal edən dövlətlərindən birinə çevrilməsi planlaşdırılıb.

Prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizdə milli birlik, həmrəylik bərqərar olunub. Hazırda milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin ətrafında birləşib. Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində dövlətimiz böyük şanlı qələbəyə imza atdı. Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular. Cənab İlham Əliyev güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı, beynəlxalq aləm ölkə başçımızı görkəmli sərkərdə kimi də tanıdı. Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi. 44 günlük Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesinə başlanıldı. Artıq soydaşlarımızın bir qismi doğma yurd yerlərinə qayıdıblar. Quruculuq işləri Prezidentin təsdiq etdiyi Baş Plana uyğun həyata keçirilir. Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir. 2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır.

2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni  mərhələyə qədəm qoyub. Cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində Ümumi Daxili Məhsulumuz (ÜDM) 7 milyard dollardan 72 milyard dollara qalxıb. Bu, iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir. Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara qədər artıb. Prezident İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin,  rifahının yaxşılaşdırılması təşkil edir. 2003-cü ildə ölkəmizdə minimum əməkhaqqı 9 manat idisə hazırda bu, 345 manatdır. Minimum pensiya 20 manatdan 280 manata çatdırılıb. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il on minlərlə yeni iş yerləri yaradılır. Son 20 ildə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə düşmüşdür ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır.

Prezident İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksək etdi. Dövlətimiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv oldu. 120 ölkə isə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. Dövlətimizin COP29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin "yaşıl enerji" sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verməklə dünyanın 8 ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək.

Azərbaycan türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatının yaranmasında Prezident cənab İlham Əliyevin misilsiz əməyi var. Böyük bir coğrafi ərazini əhatə edən, zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə imkan verib. Ölkə başçımız Cənubi Qafqazda sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Düşmən və onun havadarları başa düşməlidirlər ki, ölkəmiz ilə hədə, diktə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq, Azərbaycana qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvələr sərt, tutarlı cavabını alacaqlar.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

professor.