BMT “sonuncu mogikan
Siyasət

BMT “sonuncu mogikan" dövrünü yaşayır

Dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatının əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək, insan hüquq və azadlıqlarının müdafiə səviyyəsini yüksəltməkdən ibarətdir. Təşkilatın Nizamnaməsi 1945-ci ildə San-Fransisko konfransında imzalanmış və BMT-nin özü ilə yanaşı, Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik kimi əsas qurumları təsis edilmişdir.

BMT öz fəaliyyəti dövründə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm əhəmiyyət kəsb edən qətnamələr və bəyannamələr qəbul etmişdir.

Xalqların milli azadlıq mübarizəsinə, müstəqil dövlətlərin milli suverenliklərinin müdafiəsinə və ayrı-ayrı ölkələrdə vətəndaş müharibələrinin qarşısının alınmasına dair bir çox məsələlər BMT orqanlarında müzakirə edilmişdir. Ölkələr arasında münaqişələrin sülh yolu ilə tənzimlənməsi, beynəlxalq sülhün və təhlükəsizliyin, dostluq münasibətlərinin qorunub saxlanması, humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və s. təşkilatın qarşısında dayanan əsas məsələlər kimi müəyyən edilmişdir. Beynəlxalq münasibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsinə imkan verməmək, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, xalqların bərabərhüquqlu olması, əməkdaşlıq və tərksilah kimi təməl prinsipləri qəbul etməklə hərəkətlərdə təşkilatın bütün üzvlərinə köməklik göstərmək kimi ali məqsədlərinə daxildir.

Azərbaycan 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilmiş və 30 il ərzində təşkilatın bir çox idarə və orqanları ilə fəal əməkdaşlıq etmişdir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin may, 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdi. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbilə çıxış etmiş, bir sıra məsələlərə, o cümlədən, təhlükəsizlik problemlərinə, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsinə BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılmasına nail olmuşdur. Beynəlxalq münasibətlərin həlli istiqamətində fəaliyyət göstərən təşkilat ötən əsrin sonlarında Ermənistanın təcavüzü nəticəsində başlayan Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli istiqamətində müəyyən tədbirlər görmüşdür. Belə ki, BMT-nin əsas qurumları hesab edilən Təhlükəsizlik Şurası 1993-cü ilin aprel ayında 822 saylı, iyulda 853 saylı, oktyabrda 874 saylı, noyabrda isə 884 saylı, Baş Assambleya isə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul etmiş, BMT Təhlükəsizlik Şurasının sədri 7 bəyanat imzalamaqla işğalçı dövlətdən hərbi əməliyyatları dayandırmaq, silahlı birləşmələrini və hərbi texnikalarını Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin dünyanın ən nüfuzlu qurumu hesab edilən BMT tərəfindən qəbul edilən qərar və qətnamələrə işğalçı Ermənistan heç bir məhəl qoymamış və 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsi ilə Azərbaycan BMT-nin 4 qətnaməsini özü həyata keçirərək ərazi bütövlüyünü təmin etmişdir. Bütün bunlar isə artıq 80 ilə yaxındır ki, fəaliyyət göstərən bir təşkilatda köklü islahatların aparılmasını zərurətə çevirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvar ayında ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə həm təkbətək, həm də geniş tərkibdə görüşündə bir sıra məsələlər müzakirə olunmuş, o cümlədən Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafından bəhs edilmiş, iki ölkə arasında səmimi münasibətlərin bundan sonra daha da genişləndirməyin vacibliyi qeyd olunmuşdur. Dövlət başçımız ölkələrimizin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlığını vurğulamış, eyni zamanda BMT-də əsaslı dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırmışdır: "BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir".

Əsas öhdəliklərindən biri dünyada sabitliyi, təhlükəsizliyi təmin etmək olan BMT öz vəzifəsini yerinə yetirmək gücündə deyil. Buna misal olaraq keçmiş Qarabağ münaqişəsinin həlli üçün qəbul etdiyi və Ermənistanın məhəl qoymadığı 4 qətnaməni göstərmək olar. Əgər, bu qətnamələrin ən azından biri belə həyata keçirilsə idi, İkinci Qarabağ müharibəsi olmayacaqdı. Eyni zamanda, qurumun üzvləri arasında müsəlman dövlətinin olmaması da ədalətli qərarların verilməsinə, qətnamələrin qəbul edilməsinə imkan vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya 5-dən böyükdür" deməklə bu məsələyə diqqət çəkmiş, beynəlxalq sülhün, təhlükəsizliyin təmin olunmasında gücünü itirmiş bir qüvvəyə çevrilmiş, ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya olmaqla 5 daimi üzvü olan BMT-də islahatların aparılmasının, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasının vacibliyini vurğulamışdır.

Qeyd edək ki, ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya BMT TŞ-nin daimi üzvləridir, Almaniya, Braziliya, Yaponiya və Hindistan da uzun müddətdir ki, təşkilatın daimi üzvlüyünə can atırlar. Lakin göründüyü kimi, TŞ-yə daimi üzv dövlətlərin əksəriyyəti xristian ölkələrindən ibarətdir. Buna görə də, daimi üzvlərin sayı müsəlman ölkələrinin hesabına artırılmalı, ədalətli bölgü və doğru yanaşma prinsipi ilə həyata keçirilməlidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq BMT-nin tərkibinin yenilənməsi labüddür və bu, zamanın tələbidir. Obrazlı desək, bu gün BMT məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" əsərinin qəhrəmanı Unkasın taleyini yaşayır. Unkas - mogikanların sonuncu nümayəndəsi idi...

Mehparə ƏLİYEVA,

"Respublika".