Çiyid səpininə başlanılıb
İQTİSADİYYAT

Çiyid səpininə başlanılıb

"AĞ QIZIL - 2023"

Pambıqçılıq Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindəndir. Hələ 100 il bundan öncə ölkəmizdə pambığın böyük ərazilərdə əkildiyi, becərildiyi bol məhsul əldə olunduğu məlumdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pambıq zavodları ölkənin əsas sənaye müəssisələrindən sayılırdı, on minlərlə fəhlə bu sahədə çalışır, mahlıc istehsal edirdilər. Lakin hər hektardan məhsuldarlıq göstəriciləri çox aşağı idi, ona görə pambıqçılıq kütləvi xarakter daşımırdı.

Sahənin əsl yüksəlişi isə ulu öndər Heydər Əliyev dövrü ilə bağlıdır. Məhz ötən əsrin 70-ci illərində pambıqçılıq öz inkişafının ən yüksək zirvəsinə çatdı. Ölkəmizdə ilk dəfə olaraq " qızıl" istehsalı 1 milyon tona qalxdı, hər hektardan məhsuldarlıq artdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə pambıqçılığın inkişafına qayğı göstərilir. Pambıqçılığın inkişafına həsr olunmuş Sabirabad, Saatlı, Bərdə müşavirələri bu sahədə önəmli rol oynadı. Məhz Prezidentin qayğı dəstəyi sayəsində pambıqçılıq ən müasir maşın mexanizmlərlə təmin olundu. Sahədə çalışan fermerlərə güzəştli kreditlər ayrıldı, dövlət onlara subsidiyalar verməyə başladı. Məhz dövlətin dəstəyi ilə şirkətlər pambığın fermerlərdən alış qiymətlərini hər il artırırlar.

Elə məhz bu cür qayğı sayəsində 2016- ildən etibarən pambıqçılıq öz keçmiş şöhrətini bərpa etdi, sonrakı illərdə isə inkişaf etməyə başladı. Ötən il respublikamızda 322 min tona yaxın məhsul istehsal olundu, hər hektardan məhsuldarlıq isə 31 sentnerə yaxınlaşdı. Bu, ondan əvvəlki 2021-ci ilin göstəricisindən 35 min ton artıq idi, hər hektardan məhsuldarlıq isə 2,5 sentner çoxdur.

Ötən il pambığın əkin sahəsi 104,3 min hektar idi. Ümumiyyətlə, Bərdə müşavirəsində qəbul edilən qərara görə bundan sonra istehsal yalnız məhsuldarlıq hesabına inkişaf etdiriləcəkdir. Yəni əkin sahələri artırılmadan yalnız məhsuldarlığa fikir veriləcəkdir. Ona görə bu il pambıq əkini sahələrinin təxminən 100 min hektar civarında olacağı gözlənilir.

Artıq respublikamızda çiyid səpininə başlanılıb. Hələlik kütləvi xarakter almasa da, bəzi fermerlər bu işə start veriblər. Xatırladaq ki, ölkənin 20-dən artıq rayonunda pambıq əkilir bu proses mayın əvvəllərinədək davam edir.

Nəriman CAVADOV,

"Respublika".