Daha 26 ailə Laçına qovuşub
Sosial həyat

Daha 26 ailə Laçına qovuşub

Hər ötən gün gözəlləşən Laçın doğma sakinlərini qarşılamağa davam edir. Oktyabrın 16-da Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 26 ailəyə qucaq açıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 96 laçınlının yurd həsrəti bitib. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

***

Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri də iştirak ediblər.

Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.