Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb
Sosial həyat

Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb

Ümummilli lider Heydər Əliyevin mükəmməl siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli uğurları davamlı hal alıb. Qazanılan nailiyyətlərə Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrin hərtərəfli qüdrətlənməsi, eləcə də nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsi ilə nəticələnib. Digər müsbət göstəricilərlə bərabər, Silahlı Qüvvələrdə baş vermiş cinayətlərin sayı da azalmaqdadır.

Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev açıqlamasında bildirib ki, görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb. O cümlədən, hərbi xidmət əleyhinə olan cinayətlərdə 18,5, qeyri-hərbi cinayətlərdə 44,9, hərbi xidmətdən yayınma cinayətlərində 45,2, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətlərində 35,3, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətlərində 85,7 və mülkiyyət əleyhinə olan cinayətlərdə 22,7 faiz azalma var. Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmayıb.

2024-cü ilin yanvar ayı Baş prokuror, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun mütərəqqi dövrü kimi yadda qalıb.

Ötən ay Hərbi Prokurorluq orqanlarının da fəaliyyəti üçün uğurlu olub. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb. Hərbi Prokurorluğun kollektivi qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".