DASTAN YAZAN QƏHRƏMANLAR
Sosial həyat

DASTAN YAZAN QƏHRƏMANLAR

İkinci Qarabağ müharibəsində xalqın 30 illik torpaq həsrətinə öz qanı, canı ilə son qoyan Vətənin qəhrəman övladlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru şəhid Aqşin Nazim oğlu İbadovdur. Doğulub boya-başa çatdığı Lənkəran rayonunun Boladı kəndində bu, Vətən sevdalısının adı çəkiləndə hamı qürur hissi keçirir.

Hərbçi peşəsini seçən Aqşin 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsində hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə canından artıq sevdiyi Vətəninə vicdanla xidmət edib. Vətənpərvərliyi, peşəkarlığı həmişə ona hörmət qazandırıb, mayor rütbəsinə qədər ucalıb.

İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərib. Oktyabrın 19-da Zəngilan döyüşləri zamanı ömrünün 36-cı ilində şəhidlik zirvəsinə ucalıb və Lənkəran rayonunda dəfn olunub.

Dövlət tərəfindən layiq görüldüyü III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Ordusunun 100 illiyi", II dərəcəli "Qüsursuz xidmətə görə", ölümündən sonra isə "Vətən uğrunda", Cəbrayılın, Kəlbəcərin, Xocavəndin, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Yeri milyonların ürəyi olan şəhid Aqşin İbadovun 39 yaşı da lənkəranlılar tərəfindən böyük ehtiramla yad olunub. Doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Z.ORUCOĞLU.