DAVAMLI İNKİŞAF, FİRAVAN GƏLƏCƏK
Sosial həyat

DAVAMLI İNKİŞAF, FİRAVAN GƏLƏCƏK

Azərbaycanda regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hələ 2003-cü ildə prezident seçkiləri zamanı dövlətimizin başçısı cənab İlham Əliyev bölgələrdə kifayət qədər iqtisadi potensialın olduğunu, Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini diqqətə çatdırmış və regionların inkişafının sürətləndirilməsini başlıca hədəflərindən biri kimi müəyyənləşdirmişdir.

Ölkəmizdə davamlı inkişafın, tərəqqi və yüksəlişin təmin olunmasında möhtərəm Prezidentimizin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının müstəsna əhəmiyyəti vardır. Ötən dövrdə regionların inkişafı istiqamətində 4 Dövlət Proqramı qəbul olunmuşdur. Proqramların uğurla icrası nəticəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoymuş, yeni müəssisələr, iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi, rifah halı yaxşılaşmışdır. Həmçinin bölgələrdə biznes, investisiya mühiti, infrastruktur təminatı yaxşılaşmış, kommunal xidmətlərin keyfiyyəti, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

"Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var", - deyən dövlətimizin başçısı regionlara mütəmadi səfərləri çərçivəsində yeni infrastruktur obyektlərinin açılışı və təməlqoyma mərasimlərində şəxsən iştirak edir, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə yaxından tanış olur, ictimaiyyətin nümayəndələri və sahibkarlarla görüşlər keçirir, respublikamızın şəhər və rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni sərəncamlar imzalayır.

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına növbəti dəfə səfər edib. Qazax rayonunda dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və abidənin önünə gül dəstəsi qoyub. Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, Qazaxda "Venzana" Mebel Fabrikinin açılışında, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Şəmkir şəhərində Məhəmməd Füzuli adına Təbiət və Humanitar Fənlər Təmayüllü Tam Orta Məktəb-Liseyin, Samux Rayon Mərkəzi Xəstəxanasının, Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində tikilmiş Sərkar Kənd Uşaq Musiqi Məktəbinin yeni binalarının, Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional Dost Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarında iştirak edib.

Möhtərəm Prezidentimiz hər bir bölgənin, hər bir şəhər, rayon və kəndin sosial-iqtisadi inkişafına xüsusi diqqətlə, həssaslıqla yanaşır, ardıcıl, davamlı şəkildə qayğı göstərir. Cənab Prezidentin səfər çərçivəsində açılışını etdiyi infrastruktur obyektlər işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, güzəranının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək və regionun sosial-iqtisadi inkişafına yeni töhfələr verəcəkdir.

Prezidentin rəhbərliyi ilə həyata keçirilən layihələr, görülən işlər insanlarda sabaha inamı artırır, daha gözəl, firavan, xoşbəxt həyatdan soraq verir.

İqbal MƏMMƏDOV,

Milli Məclisin üzvü.