Dəbli diplom, yoxsa kamil peşə?
Sosial həyat

Dəbli diplom, yoxsa kamil peşə?

Son illər ölkəmizdə cəmiyyət arasında bir tendensiya formalaşıb. Orta məktəbi bitirən hər bir məzun nə olursa-olsun, universitetə qəbul olub, ali təhsil almalıdır. Bu işdə xüsusilə canfəşanlıq göstərən valideynlər düşünmürlər ki, övladlarını bəzən məcburi ali təhsilə yönləndirməkdənsə, hansısa peşəyə, sənətə yiyələndirmək lazımdır. Axı hər bir gənc təhsil sahəsində uğur qazana bilməz. Hər kəsin öz maraq dairəsi, bacarıq sahəsi var.

Elə buna görə də, peşə seçimi insan həyatının mühüm qərarlarından biridir. Bu qərarın verilməsilə gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır. Amma son zamanlar məktəbi bitirən şagirdlər bilik və bacarığından asılı olmayaraq, yalnız ali məktəbə daxil olmağa can atırlar. Sual olunur, görəsən bunu şagirdlərin özləri, yoxsa valideynlər istəyir? Peşə məktəblərinə üz tutanların sayında niyə azalma var? Cəmiyyət, valideynlər nədən bu sahəyə biganə yanaşırlar? Axı, hər kəsin ali təhsil almaq kimi bir öhdəliyi, məcburiyyəti yoxdur. Gəncləri seçdikləri və ya bacardıqları peşəni öyrənmək və mükəmməlləşdirmək üçün istiqamətləndirmək lazımdır. Nəinki universitet oxumağa və ya diplom sahibi olmaq üçün ali təhsil almağa məcbur etmək. Bununla da hüquqşünasların, mühəndislərin, mühasiblərin, iqtisadçıların, həkimlərin sayının artması ilə yanaşı, mükəmməl aşpazların, bərbərlərin, stilist, dizayner, dərzi və digər peşə sahiblərinin də sayı xeyli artar. Təəssüf ki, cəmiyyətimizdə hələ də peşə təhsilli insanların bilik səviyyəsinin aşağı olduğunu fikirləşənlər və bu sahəyə biganə yanaşanlar var. Gənc nəsildə daha çox ali təhsil müəssisələrinə olan maraq peşə məktəblərinin aktuallığını xeyli zəiflədib. Gənclərin əksəriyyəti uğurlu karyera başlanğıcını ali təhsildə görürlər. Onlar hesab edirlər ki, uğurlu kadr üçün yeganə yol, ali təhsilli olmaqdır. Əlbəttə ki, bu fikir kökündən yanlışdır. Çünki əmək bazarında mütəxəssis olmaq üçün ali təhsil heç də hər zaman özünü doğrultmur.

Aydın məsələdir ki, insanların qavrama səviyyəsi heç də eyni deyil. Valideynlərin mənasız eqosu və iddiası gəncləri peşə təhsilindən yayındırır. Çünki ölkəmizdə istedadlı, xüsusi qabiliyyətə malik gənclər az deyil. Onları əməyə cəlb etmək, peşə yönündə istiqamətləndirməklə qabiliyyətlərinin üzə çıxarılmasına nail olar və dövlətimiz də bundan böyük fayda görə bilər. Bəzən Azərbaycana xarici ölkələrdən müxtəlif sahələr üzrə mütəxəssislər dəvət edilir. Çünki ölkəmizdə həmin sahə üzrə peşəkar mütəxəssislər yoxdur. Əlbəttə ki, bu da təəssüfləndirici haldır. Artıq cəmiyyətdə fikir formalaşıb ki, gənclər yalnız tələbə adını qazanaraq diplom almalıdırlar. Peşə və ya ixtisas seçimində şagirdlərə çox vaxt sərbəstlik verməyən valideynin seçimi heç də hər zaman uğurlu alınmır. Bu mənada çalışmaq lazımdır ki, gənclər fərqli peşələr üzrə praktiki biliklərə sahiblənsinlər. Çünki hazırkı dövrdə əmək bazarında tələb və təkliflər tam başqadır. Reallıq isə ondan ibarətdir ki, bəzən ali təhsilli gənclər belə məzun olduqdan sonra alternativ peşəyə sahiblənmək, təkrar ixtisaslaşmaq və işə sıfırdan hazırlaşmaq məcburiyyətində qalırlar. Bu kimi problemləri aradan qaldırmaq üçün cəmiyyətdə peşə məktəbləri ilə bağlı maarifləndirmə işlərini genişləndirilmək vacibdir. Peşə təhsilinin inkişafı və bu sahəyə marağın artırılması istiqamətində nəinki Bakıda, eləcə də rayonlarda işlər aparılmalıdır. Bunun üçün regionlarda da peşə məktəblərinin tikilməsinə ehtiyac var. Belə olan halda gənclər müxtəlif peşə və sənətlərə yiyələnər, bölgələrdə işsizlik probleminin də qarşısı nisbətən alınmış olar. Sovet dövründə bu sahəyə maraq böyük olsa da tədricən unudulub.

Lakin son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə peşə təhsilinə yenidən diqqət artırılıb. Buna da səbəb bəzən müasir texnologiyalar üzrə ölkəmizdə ixtisaslı fəhlələrin çatışmamasıdır. Artıq peşə məktəblərimizin çoxu təmir olunaraq müasir avadanlıqlarla təmin edilib. Hazırda ölkəmizdə təxminən 70-dən çox peşə təhsili məktəbi fəaliyyət göstərir. Ölkə rəhbərinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə peşə təhsili və təlimi sistemində konkret hədəflər müəyyən edilib. Sənəddə qeyd olunub ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.

Azərbaycan xalqı yaradıcı xalqdır. Bütün sahələrdə olduğu kimi, istər xalq yaradıcılığı, milli üslublu peşələrdə, istərsə də müasir tələblərə uyğun istiqamətlər üzrə peşəkar kadrların yetişdirilməsi üzrə böyük potensiala malikdir. Bu baxımdan, el sənətini, qədim yaradıcılıq sahələrini inkişaf etdirib müasir üslublarla birləşdirmək olduqca əhəmiyyətli və vacibdir. Bununla da, Azərbaycan gəncliyinin daha hansı qabiliyyət və bacarığa malik olduğunu üzə çıxarmaq və onların işsizlik problemini aradan qaldırmaq olar.

Ramidə YAQUBQIZI,

"Respublika".