Dəmir qanadlı Azərbaycan şahinləri
Digər xəbərlər

Dəmir qanadlı Azərbaycan şahinləri

Cənubi Qafqazın güclü dövləti olan Azərbaycanın Hərbi Hava Qüvvələri ölkəmizin Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.

Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması 1992-ci ilə təsadüf edir. 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın müasir ordu quruculuğunda əhəmiyyətli yeri olan Hərbi Hava Qüvvələrinin möhkəmlənməsinə və maddi-texniki bazasının yüksək səviyyəyə çatdırılmasına xüsusi önəm verirdi. Belə ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətə başlaması ilə ölkədə təyyarəçi kadrların hazırlanması işi reallaşdı. Ulu öndər Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində fəxrlə deyirdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".

Bu gün Ordumuzun arsenalında yetərincə müasir hərbi hava nəqliyyat vasitələri, eyni zamanda qırıcı-bombardmançı təyyarələr yer alır.  Təbii ki, bu hərbi vasitələri idarə etmək həm də yaxşı hərbi təlim, eyni zamanda bilik və bacarıq tələb edir.

Qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olub. Fərrux ağa Qayıbovdan sonra bu sahədə qəhrəmanlıq göstərmiş igid oğullarımızdan Emil Nəzirovu da qeyd etmək olar. Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci və İkinci Qarabağ müharibələri iştirakçısı Emil Nəzirov 2021-ci il 30 noyabr tarixində Xızı rayonu "Qaraheybət" hərbi təlim poliqonunda baş vermiş dəhşətli helikopter qəzası zamanı şəhid olmuşdur. Qeyd edək ki, hər iki qəhrəmana aid materiallar Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur.

Azərbaycan əsgərinin, zabitinin, eyni zamanda hərbi pilotlarımızın bilik və bacarıqları İkinci Qarabağ müharibəsi zamanı həm ölkəmiz, həm də bir çox dünya dövlətləri tərəfindən qiymətləndirilib. Bu gün Hərbi Hava Qüvvələrimizin sıralarında kifayət qədər ixtisaslı, peşəkar, işinin bilicisi olan hərbi kadrlarımız öz vəzifələrini layiqincə yerinə yetirirlər. Son zamanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil olan PUA-lar, o cümlədən qardaş Türkiyənin istehsal etdiyi "Bayraktar TB-2" pilotsuz uçuş aparatı İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Heç şübhəsiz ki, bu cür yeni hərbi texnologiyalardan bacarıqla istifadə etmək həm də yaxşı kadr hazırlığını zəruri edir. Milli ordumuz hərbi təyyarə və helikopterlərin sirlərini öyrənmək üçün hərbi qardaş Türkiyədə və eyni zamanda bir çox müasir ordulara malik ölkələrdə hərbi təlim və tədrislərdə iştirak edir. Bununla yanaşı, Azərbaycanda da hava məkanının etibarlı qorunması üçün hərbi dəniz qüvvələri, quru qoşunları və hərbi hava, hava hücumundan müdafiə qüvvələri yüksək səviyyədədir.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarının və təlimlərin iştirakçısı olurlar.

Aiza ŞABANOVA,

"Respublika".