Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Digər xəbərlər

Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət göstərən səfirlikləri təmsil edən xarici diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 18 mayda verilən məlumatında bildirilir.

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb. Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.

Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsinin dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb. Soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Yaşayış yerləri bərpa olunan zaman “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Artıq 420 məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, növbəti aylarda da məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi davam edəcək.

“Respublika”.