Ekofəalların tələbləri tam ədalətlidir: qanunsuz istismar dayandırılmalıdır
Digər xəbərlər

Ekofəalların tələbləri tam ədalətlidir: qanunsuz istismar dayandırılmalıdır

Ermənilər tərəfindən qanunsuz olaraq Qarabağ iqtisadi rayonu ərazisindəki faydalı qazıntı yataqlarının istismar edilməsinə etiraz edən ekofəalların və gənclərin Şuşadan keçən Xankəndi-Laçın yolundakı dinc aksiyası bir aydan çoxdur ki,  davam edir. Aksiyanın başlanmasına xunta rejiminin və Xankəndidə peyda olan Vardanyan soyadlı bir erməninin həmin yataqlarda  apardıqları qanunsuz istismar işləri səbəb oldu.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı,  bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Buna görə dekabrın 12-dən dinc aksiyalar başlandı.

Törətdikləri ekoloji cinayətləri gizlədən ermənilər "blokada", "işğal", "aclıq" sözlərini öz şər, böhtan leksikonlarına daxil edərək köhnə nağıllar uydurur, boyat fikirlər səsləndirir, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir, öz xarakterlərinə uyğun sərsəm sözləri hara gəldi yapışdırırlar. Üstəlik dinc aksiya iştirakçılarına böhtan və iftira atır, aclıqdan, qıtlıqdan şikayət edirlər. Hətta, özünü  Xankəndidə "nazir" elan edən oğru və hiyləgər R.Vardanyan çörəyin talonla veriləcəyini elan edir. Əslində,  bu qədim erməni bicliyidir, guya Laçın-Xankəndi yolu bağlı olduğundan belə vəziyyət yaranır görüntüsünü saxtakarlıqla dövriyyəyə buraxır.  Ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 43 avtomobil maneəsiz hərəkət edib və onların böyük əksəriyyəti Xankəndinə ərzaq və dərman preparatları daşıyır. Həmin yolun bağlı olduğunu bildirən erməni nəşrləri yanvarın 12-də məlumat verirlər ki,  Xankəndidən üç xəstə, ümumiyyətlə "blokada" yaranandan Xankəndidən 21 ağır xəstə tibb işçilərinin müşayiəti ilə İrəvana aparılıb. Görünür,  ermənilər blokada sözünün mənasını hələ də anlamayıblar və yaxud həmin sözdən manipulyasiya etməkdə maraqlıdırlar. Dəfələrlə bəyan edilib ki, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır, oğrular, cinayətkarlar, talançılar üçün bağlıdır.

Qayıdaq aclıq məsələsinə, Xankəndidə yaşayan erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları videolarda şəhərdəki gecə barlarında, restoranlarda  əylənən, çılğın rəqslər edən yüzlərlə erməni oğlan və qızı, süfrələrdə də hər cür yemək-içmək görmək mümkündür. Mağazalarda isə ərzaq bolluğu diqqəti çəkir. Sual yaranır, bəs onda aclıqdan kimlər əziyyət çəkir?! Bu qədər axmaqlıq olmaz, barı  yalanlarınızı elə uydurun ki, ona heç olmasa inanan tapılsın. Bu yerdə qeyd edək ki, erməni yalanına inanan bir amerikalı konqresmen Frenk Pallone tvitterdə yazır ki, erməni əhalinin ərzaq və dərman sarıdan əziyyət çəkməsi qıtlıq yaradır və okeanın o tayından Xankəndinə burnunu soxan amerikalı Laçın "koridoru"nun açılmasının vacibliyini bildirir. Ardınca Xankəndidə "120" min erməninin həyatının təhlükədə olduğunu bildirərək bu "faciə"yə biganə və kənardan baxmaq olmaz deyir.  Öz işinizdir, istəyirsən kənardan bax, istəyirsən uzaqdan. Ermənilər anlamaq istəmirlər, ona görə də  bu ermənipərəst konqresmenə xatırladaq ki, artıq Laçın koridoru mövcud deyil, yeni və müasir Laçın yolu fəaliyyət göstərir, ermənilər də həmin yoldan istifadə edirlər. Dövlət başçımızın dediyi kimi,  İkinci  Qarabağ müharibəsinin nəticələrini də bütün dünya qəbul edir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Ermənistanda və Xankəndidə əsl zəlzələ effekti yaradıb, İrəvandakı revanşistlərin, Xankəndidəki xunta rejiminin, "xilaskar" Vardanyanın,  necə deyərlər, kürkünə birə salıb, onlar bərk xoflanıblar, növbəti "Dəmir yumruğ"un zərbəsini indidən hiss edirlər.  R.Vardanyan elə yanvarın 12-də öz  feysbuk səhifəsində Ermənistan vətəndaşlarına,  erməni lobbisinə,  diasporuna müraciət edir ki, Azərbaycan liderinin çıxışından sonra yeganə yol mübarizə aparmaqdır, həm də öz gücümüz hesabına. İşğaldan və məhv olmaqdan xilas olmaq üçün dünya ölkələri yardım etməlidir. Qəsbkar Vardanyan sakinlərin taleyindən çox, dünya ermənilərinin yardımlarını düşünür, var-dövlət hərisliyini unutmur,  bulanıq suda balıq tutmaq sevdasını gizlətmir. 

Laçın-Xankəndi yolundakı etiraz aksiyalarına münasibət bildirən dövlətimizin başçısı bildirib ki, ermənilər və onların havadarları hesab edirlər ki,  bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər.  Heç nə əldə etməyəcəklər.  Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir.  Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki,  hansısa etirazçılar çıxmışdı.  Bizim oraya çıxışımız olmayana qədər yəqin ki,  bu aksiya da davam edəcək.  Bizim tələblərimiz də tam ədalətlidir.  Monitorinq,  təftiş,  qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq.  Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək,  sadəcə olaraq,  insafsızlıqdır.

Salman ALIOĞLU,

"Respublika".