Əmiraslan Əliyev
Sosial həyat

Əmiraslan Əliyev

Azərbaycanın Milli Qəhrəmanı Əmiraslan Rza oğlu Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra, 1977-1979-cu illərdə Naxçıvan şərabçılıq zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında xidmət etmiş, hərbi xidmətini Polşada başa vurmuşdur. 1981-1982-ci illərdə Naxçıvan Şüşə Qablar zavodunda, 1982-1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutmamışdır. 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir.

1992-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılmışdır. O, bir sıra məsul vəzifələrdə çalışmış, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Nümunəvi xidmətlərinə görə baş leytenant Əmiraslan Əliyev qərargahın zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur. Bu vəzifədə xidmət etdiyi müddətdə o, dövlət sərhədinin mühafizəsi sahəsində mühüm işlər görmüş, bir çox sərhəd bölgələrində ciddi qayda-qanun yaradılmasına nail olmuşdur. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə, döyüş hazırlığlında əldə etdiyi yüksək nailiyyətlərinə görə baş leytenant Ə.Əliyev hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri Fərmanla təltif edilmişdir.

1995-ci ildə, bir qrup cinayətkar dövlət çevrilişinə cəhd göstərdiyi zaman baş leytenant Ə.Əliyevə məsuliyyətli vəzifə tapşırılmışdı. O, 1995-ci il martın 17-də bu tapşırığı yerinə yetirərkən dövlətçiliyimizin qorunması yolunda canından keçdi.

Müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar nəticəsində onlarla igid oğullarımız qəhrəmanlıq göstərdilər. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəlir.

Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasında əhəmiyyətli rol oynadı. Ümummilli liderin çağırışı ilə öz dövlətinin, seçdiyi hakimiyyətin müdafiəsinə qalxan xalqımız birmənalı şəkildə ulu öndərin yanında olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

"N" sərhəd zastavasında Milli Qəhrəmanın "Xatirə otağı" açılmış və büstü qoyulmuşdur. "N" sərhəd məntəqəsinə Əmiraslan Əliyevin adı verilmişdir.

M.MİRZƏ,

"Respublika".