Fransa başqa dövlətləri Qarabağ məsələsinə cəlb etmək istəyir
Siyasət

Fransa başqa dövlətləri Qarabağ məsələsinə cəlb etmək istəyir

Bildiyiniz kimi, avqustun 18-də Fransa və Çinin Xarici İşlər Nazirliyi səviyyəsində telefon danışığı olub. Ketrin Kolonna və həmkarı Vanq Yi arasında baş tutan danışıqda dünya gündəmini narahat edən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Ukraynanın müharibə şəraiti və Nigerdəki hərbi çevrilişdən gedən söhbət zamanı Qarabağ məsələsi də müzakirə edilib. Təbii ki, Fransanın öz "bacısına" bu isti davranışı aydındır. Cənubi Qafqazda söz sahibi olmaq istəyən Fransa erməniləri alət kimi istifadə edir.

Bəs rəsmi Pekinin bu məsələ ətrafında nə kimi maraqları ola bilər?

Məsələ ilə bağlı “Respublika”ya danışan politoloq Elxan Şahinoğlu Fransanın və Çinin Qarabağ məsələsi ətrafında gedən dialoqu barədə fikir bildirib: "Fransa və Çin xarici işlər nazirlərinin telefon danışığı zamanı Ukrayna və Niger ilə yanaşı Qarabağ məsələsinin müzakirə edilməsi əslində ciddi suallar yaradır. Yəni Qarabağ məsələsinin bu iki nazirin müzakirəsinə nə dəxli var? Ukrayna müharibəsinin müzakirəsi başa düşüləndir. Çünki bütün dövlətlərin burada maraqları kəsişir. Nigerdə də indi çevriliş olub və dünya bu haqda da düşünür. Amma Qarabağ Azərbaycanın daxili işidir. Qarabağda proseslər Azərbaycanın nəzarəti altındadır. Niyə bunu Fransa və Çin xarici işlər nazirləri müzakirə etməlidir? Görünür, Fransa BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı sənəd qəbul etməməsindən sonra başqa üsullara əl atır, başqa dövlətləri bu prosesə cəlb etmək istəyir. Fransa da bizim təklif etdiyimiz alternativ yollarla razılaşmır. Bəs Çinin Laçın yoluna nə kimi aidiyyatı var və ya o, məsələyə niyə maraq göstərir? Düzdür, başa düşürük, Çinin Cənubi Qafqazda maraqları getdikcə ilbəil artır, Gürcüstanda böyük yatırımları var, Azərbaycanla dialoqu var, Ermənistanla hərbi əməkdaşlıq istiqamətində danışıqlar gedir. Ancaq təkrar etdiyim kimi, Çin Azərbaycanla münasibətlərdə ehtiyatlı olmalıdır, Fransanın oyununa getməməlidir, yoxsa əks halda bu, Çin-Azərbaycan münasibətlərinə təsir edə bilər” – deyə politoloq vurğulayıb.

Tacir SADIQOV,

"Respublika".