Fransa cidd-cəhdlə Cənubi Qafqazı qarışdırmaq istəyir
Siyasət

Fransa cidd-cəhdlə Cənubi Qafqazı qarışdırmaq istəyir

"Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar əslində Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birlikdə mətbuata bəyanatında Fransa-Ermənistan münasibətlərini kəskin şəkildə tənqid edib. Fransanı Ermənistana pis məsləhətlər verməkdə günahlandırıb. Qeyd edib ki, Ermənistanı silahlandırmaqla qürur duyan Fransa bunu ictimai şəkildə bildirir, İrəvan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək.

Fransanın son zamanlar Ermənistanı silahlandırması onsuz da gərgin olan Cənubi Qafqazı barıt çəlləyinə çevirir. Bu silahlandırmanın nə demək olduğunu, bunun sonda ələlxüsus ermənilər üçün hansı fəlakətlər vəd etdiyini isə belə görünür ki, Ermənistan tərəfi qətiyyən başa düşmür və heç başa düşmək də istəmir. Ermənistanın məhz Fransa tərəfindən silahlandırılmasını təsdiq edən bir sıra faktlar artıq ortadadır. Bunlar heç gizlədilmir də. Əslində fransızların öz erməni bacılarına silah ötürəcəyi barədə bu ilin birinci rübündə, daha dəqiq desək, mart ayında bir çox məlumatlar artıq mediada açıq şəkildə yayılmışdı. Məlumatlarda Fransanın 50 ədəd VAB MK3 zirehli transportyorlarını, "Bastion" və "Şerpa" zirehli maşınlarını İrəvanın alacağı qeyd olunurdu.

Bu yaxınlarda Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb və Azərbaycan mediasının yazdığına görə, Fransa istehsalı olan "Bastion" çoxfunksiyalı zirehli avtomobilləri artıq Ermənistana çatdırılıb. Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir və belə hallar yenidən müharibənin alovlanmasına səbəb ola bilər. Bu isə o deməkdir ki, Fransa ciddi-cəhdlə Cənubi Qafqazı qarışdırmaq və bulanıq suda balıq tutmaq niyyətindədir, amma ermənilər bunun fərqində deyillər.

Azərbaycan tərəfinin Ermənistandan təklifə dair münasibət gözlədiyini deyən dövlət başçısı bir neçə dəfə sülh müqaviləsi layihəsi ilə bağlı fikir mübadiləsinin edildiyini dilə gətirib. Ölkə başçısı vurğulayıb ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq.

Azərbaycan Cənubi Qafqazda ədalətli sülh istəyir və bunun üçün əlindən gələni edir. Ölkəmizin bu təşəbbüsü dünyanın sülhsevər ölkələri tərəfindən də dəstəklənir. Hər zaman yanımızda olan, Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən, bölgədə sülhün bərqərar olmasında, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında ölkəmizin maraqlarından çıxış edən qardaş Türkiyə lideri də Azərbaycan Prezidentinin bu çıxışına münasibət bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər. Erməni xalqı və onu idarə edənlər təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata çəkərək özlərinə qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular. "Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa dəvət edirəm", – deyə Türkiyə Prezidenti əlavə edib.

Mustafa KAMAL,

"Respublika".