Füzuli növbəti dəfə öz sakinlərini qarşılayır
Sosial həyat

Füzuli növbəti dəfə öz sakinlərini qarşılayır

Ötən gün qədim yurd yerimiz olan Füzuli şəhərinə növbəti köç olub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 631 ailə, yəni 2379 nəfər daimi məskunlaşıb. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin apardığı döyüş əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi başladığı gündən oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlar nəticəsində erməni qəsbkarlarından təmizlənib. Şəhərin ordumuzun bölmələrinin  nəzarətinə keçməsini Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün  xalqa müraciətində çatdırıb. Dövlətimizin başçısı həmin vaxt Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğaldan azad olunduğunu elan etdi. Təbii ki, bu xoş xəbərə bütün türk dünyası, azərbaycanlılar, ən çox da Füzuli sakinləri sevindi.

Vətənin hər bir qarışı üçün canını qurban verən Azərbaycan oğulları Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər aparıblar. İşğalçı ordunun müqavimətini qıran silahlı qüvvələrimiz düşməni geri çəkilməyə məcbur edib və sonda onları ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatında  Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Müharibə qələbə ilə başa çatdıqdan sonra ölkəmizdə "Füzulinin azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş silahlı qüvvələrin hərbi qulluqçuları "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ölkə başçısının 2023-cü ildə  imzaladığı başqa bir Sərəncamla 17 oktyabr - Füzuli şəhəri günü kimi təsis edilib.

27 il işğal altında qalan Füzuli bəlkə də erməni vəhşiliyinə ən çox tuş gələn ərazilərdəndir. Düşmən 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin əlinə keçən rayonun bu müddət ərzində kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrinə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix, mədəniyyət abidələrinə dəyən zərərin məbləği 22 milyard manatdan artıq olmuşdur.  Füzulililər öz el-obalarından məcburi köçkün düşərək ölkəmizin 50-dən çox rayon və şəhərində məskunlaşmışdılar.

Vətən müharibəsi başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur regionu tikinti və quruculuq meydanına çevrilib. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Füzulidə də genişmiqyaslı bərpa-yenidənqurma işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Dövlət başçısı Füzuli rayonunda olarkən ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın, idman kompleksinin, Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini atıb, Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub. Bu isə rayonun inkişafı  istiqamətində fasiləsiz işlərin görüldüyündən xəbər verir.

Rayon ərazisində 2026-cı ilin sonuna qədər 22 min nəfərin yaşaması nəzərdə tutulub. Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, rayon ərazisində 10 kəndin bərpası da gözlənilir.

2023-cü il oktyabrın 16-da dövlət başçısı tərəfindən təməli qoyulan Cuvarlı kəndinə 1697 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Bu mərhələdə kəndə 129 ailə - 508 nəfər köçürüləcək. Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi nəzərdə tutulub. Füzuli rayonunda təməli qoyulan Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada 341 fərdi ev tikiləcək.

Ölkə başçısı tərəfindən təməli atılan digər bir yaşayış məskəni - Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailə - 710 nəfər köçürüləcək. Kənddə əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Hər iki kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.

Musa BAĞIRLI,

"Respublika".