Heydər Əliyev adına Beynəlxalq Aeroport
Digər xəbərlər

Heydər Əliyev adına Beynəlxalq Aeroport

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli müəssisələrə və təşkilatlara onun adı verilmişdir.

Bugünkü sayımızdan başlayaraq həmin müəssisələr haqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Azərbaycanın mülki aviasiyası bütün dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da artırır.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur.

Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.

2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanlarından biridir. Əvvəllər o Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq "Beynəlxalq Binə Hava Limanı" adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartların tələblərinə cavab verir. Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Aviaşirkətin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.

Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilmişdir.

Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılmış - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılmışdır. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini - "Airbus A 380"ni qəbul edə bilir.

Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilmişdir. İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır.

Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunmuşdur.

Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb.

"Respublika".