İnsanlıq əleyhinə növbəti erməni cinayəti
Siyasət

İnsanlıq əleyhinə növbəti erməni cinayəti

İnsanlar etnik mənsubiyyətinə görə işgəncələrə məruz qalıb, öldürülüb, illər sonra kütləvi məzarlıqlar aşkarlanıb. Amma bu hadisələr keçən əsrdə, Birinci və ya İkinci Dünya müharibələri dövründə baş verməyib. Hərbi cinayətlər, insanların sırf azərbaycanlı olduğuna görə öldürülməsi, xüsusən də işgəncələrlə həyatlarına son qoyulması 30 ildə ermənilərin törətdiyi insanlıq əleyhinə silsilə cinayətlərin xronologiyasını təşkil edir. Tarix boyu haylar azərbaycanlılara qarşı vandallıq edərək kütləvi məzarlıqlar yaradıblar. Quba ərazisində 1918-ci il soyqırımını özündə əks etdirən kütləvi məzarlıq ilk belə yer hesab olunur. Barbar ermənilər Birinci Qarabağ müharibəsində bu fəaliyyətlərini daha qabarıq büruzə veriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib.

Orada girov götürülən 1275 nəfərdən 150-yə yaxınının taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakini işgəncələrlə qətlə yetirib, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin 2022-ci il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib və daha belə bir yer Şuşanın Daşaltı kəndində tapılıb. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda "Tunel" adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Növbəti belə yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü il aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməyərək düşməndən qorunmaq üçün kahalara sığınıblar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürüb, 18 nəfəri qətlə yetiriblər.

Son olaraq Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb. Hazırda axtarış və qazıntı işləri davam edir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb və Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq məsuliyyətə cəlb edilib. Adıçəkilən şəxs istintaq zamanı özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirib, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib. Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış işlərinə başlanılıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında qazıntı işləri yenidən aparılmağa başlanılıb. Bu prosesdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Bu məsələyə münasibət bildirən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifrət zəminində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürülüb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkarlanması faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb.

Ombudsman onu da vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə lazımi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslərin ədalət mühakiməsinə cəlb olunmalarını təmin etməlidir. Amma təəssüf ki, Qərb mərkəzli qlobal qurumlar nəinki günahkarları cəzalandırmır, heç Ermənistan hökumətinə bu kütləvi məzarlıqların yerinin Azərbaycana bildirilməsi barədə də təzyiq göstərmirlər. Bununla belə, rəsmi Bakı kütləvi məzarlıqlar məsələsi ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni dünya birliyinin gündəminə çıxarmaq istiqamətində işlər görür. Haqq-ədalət gec-tez qalib gələcək, dövlətimiz beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetirilməsinə nail olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".