Müttəfiqlərin qarşılıqlı iddiaları
Siyasət

Müttəfiqlərin qarşılıqlı iddiaları

Ermənistanın nankor hərəkəti şimal qonşumuzun xoşuna gəlmir

"Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir qədər sonra Rusiya sülhməramlıları Qarabağa yerləşdirildi və beləliklə, rusiyalı sülhməramlıları bölgəyə nəzarət etməyə başladı. Son vaxtlar Ermənistanın Qərb sevdası gücləndikcə Rusiya sülhməramlılarına "etibarı" azaldı. Regiona Avropa İttifaqının missiyasının göndərilməsi məsələsini gündəmə gətirdi. Əslində, bu plan məğlub ölkənin sülh prosesinə əngəl yaratmaq istəyindən yaranmışdı və hələ ötən ilin oktyabrında Praqada baş tutmuş sammit çərçivəsində Ermənistan lideri Fransanın dəstəyilə iki ölkə arasındakı sərhədə Aİ-nin missiyasının göndərilməsini israr etmişdi. Sammitdə aparılan müzakirələrdən sonra Azərbaycanın razılığı əsasında Avropa İttifaqının qısamüddətli və məhdud tərkibli missiyasının Ermənistana göndərilməsinə qərar verildi. Həmin missiya üçün nəzərdə tutulan vaxt limiti ötən ilin dekabrında tamamlandı və ölkəmizin tələbi ilə onun fəaliyyəti dayandırıldı. Bundan sonra Ermənistan daha uzunmüddətli missiya istəyini gündəmə gətirdi. Bu dəfə missiyanın tərkibində 200 nəfər təmsil olunacaq. Yeni missiyanın regionda qalma müddəti isə iki il nəzərdə tutulub.

Ermənistanın və bu ölkənin havadarlarının postmüharibə mərhələsində sülhyaratma prosesinin pozulmasına hesablanan manipulyativ cəhdləri öz nəticəsini verdi. Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qərar qəbul etdi. Analitiklərin qənaətinə görə, bu addım tənzimləmə prosesinə heç bir fayda verməyəcək, əksinə, tərəflər arasında razılaşma əldə olunmasında müəyyən çətinliklər yaradacaq. Region dövlətlərinin də məsələyə münasibəti birmənalı deyil.

Azərbaycan Avropa İttifaqının qərarındakı bəzi qaranlıq məqamları açıqlayıb. Bildirilib ki, bu addım Paşinyanın özünün və komandasının batan gəmisini xilas etməkdən ötrü Rusiyaya qarşı açıq revanşdır.

Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib, hətta rəsmi Moskva son vaxtlar bir neçə dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da Ermənistanda sülhməramlı missiya yerləşdirməyə hazır olduğunu bəyan edib. Rəsmi İrəvan isə KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.

Rusiyalı politoloqlar da maraqlı fikirlər səsləndirirlər. Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov bildirib: "Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dan maliyyələşən QHT-lərin köməyilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır... Bir neçə müddətdir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər. İnsanların şüur altında Rusiyanın düşmən obrazını yaradıblar... Qərbin vəzifəsi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır. Ermənistanda revanşist düşüncəlilər bu gün fikirləşirlər ki, Avropa İttifaqının dəstəyini arxalarına alıb nəsə edə bilərlər".

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi missiyanın Fransa və Ermənistanın birgə layihəsi olduğunu diqqətə çatdırıb: "Bu, Azərbaycana və Ermənistana düşmən layihədir. Onlar heç bir neytral müşahidəçi deyillər... Bu plan Rusiya sülhməramlılarını regiondan çıxarıb, ora Fransanın simasında Avropa İttifaqını yerləşdirmək məqsədi daşıyır. Fransa bu şəkildə Ermənistanın əsas müttəfiqi olaraq Rusiyadan qisas almaq istəyir. Ona görə ki, Rusiya hərbçiləri bir sıra Afrika ölkələrində təhlükəsizliyin zəmanəti sahəsində fransızları əvəz edib".

Tarix Ekspertizası və Dövlət Proqnozlaşdırılması Mərkəzinin direktoru, siyasi ekspert Sergey Voronin də Qərbin Ermənistan-Rusiya münasibətlərində eynən Ukrayna ssenarisini tətbiq etdiyini açıqlayıb: "...Bu, Rusiyadan qopmaq deməkdir... mülki missiya pərdəsi altında Ermənistana NATO ölkələrinin hərbi müşavirləri, kəşfiyyatın nümayəndələri göndərilib. Belə olan halda Azərbaycanla Ermənistan sərhədində gərginlik düyünü yaradılır ki, bu da çox təhlükəlidir".

Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, Avropa İttifaqı missiyasının Ermənistana gəlişini təmin edən İrəvana şimal qonşumuzun qəzəbi artıb. Bunu missiya ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı da təsdiqləyir. Ümumilikdə, Bəyanatda iki məqam xüsusilə diqqəti cəlb edir. Birincisi, qeyd edilir ki, Avropa İttifaqı missiyasının yerlərdəki fəaliyyətinə yerindəcə onların hərəkətlərinə uyğun reaksiya veriləcək. Yəni onların fəaliyyətləri Rusiya tərəfini qane etməsə sərt tədbirlər görüləcək. İkincisi, qeyd edilir ki, Ermənistanın KTMT-nin potensialından istifadədə azacıq marağı qalıbsa, biz onu göndərə bilərik. Bu, əslində o deməkdir ki, Aİ missiyasını qovun, ondan sonra KTMT missiya göndərsin.

Aİ-nin Ermənistana uzunmüddətli və çoxtərkibli missiya göndərməsi ilə bağlı KTMT güzəştə getmək niyyətində deyil, çünki bu addım KTMT-də birmənalı qarşılanmayıb. Rusiya Ermənistana məhz KTMT-nin missiyasının göndərilməsinə israr edir. Məsələ ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq. "Müttəfiq olmağımıza, bu missiyanın gəlməsinə (KTMT-nin missiyası nəzərdə tutulur) baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilibsə, əks nəticə verə bilər. Bu sərhəddə inam yaratmaq əvəzinə, qıcıq artıra bilər", - deyə S.Lavrov bildirib.

Bu məsələdə İranın seyrçi kimi qalması da suallar doğurur. Onun "qırmızı xətt" hesab etdiyi Ermənistan sərhədində kənar güclərin yerləşdirilməsinə heç bir münasibət bildirmir. Görünür, bu ölkənin Azərbaycanafobiyası Qərbə nifrətindən daha güclüdür.

Ermənistanlı politoloq Arman Abovyan isə deyib: "Bəs Aİ-nin müşahidəsi bizə nə verir? Aİ-nin baş diplomatı Josep Borrel şəxsən Azərbaycana qarşı sanksiyaların tətbiq olunmayacağını elan edib. Azərbaycan Avropa ilə qaz müqavilələrini ayda bir dəfə yeniləyir. Belə çıxır ki, müşahidəçilər yalnız izləməyə gəlir".

Beləliklə, fikirlər müxtəlifdir, hadisələrin necə cərəyan edəcəyini isə zaman göstərəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".