Növbədənkənar prezident seçkiləri qürurumuzu daha da yüksəltdi
Sosial həyat

Növbədənkənar prezident seçkiləri qürurumuzu daha da yüksəltdi

Zəngilan

Böyük Qayıdışın ilk sakinləri olan Ağalı kəndinin seçicilərinin ümumi fikri belədir

Növbədənkənar prezident seçkiləri rayonun Ağalı kəndində kütləvilik şəraitində keçirilib. Çünki rayon işğaldan azad olunduqdan sonra kənd qısa vaxt ərzində müasir şəraitdə yenidən qurularaq rahat və tam təhlükəsizlik şəraitdə sakinlərin ixtiyarına verilib. Böyük qayıdışın ölkəmizdə ilk olaraq bu kənddən başlanması, ərazidə yeni istehsal sahələrinin və iş yerlərinin açılması buna əyani sübutdur. 30 illik torpaq həsrətindən sonra doğma yurduna qayıdan keçmiş köçkünlər seçkilərdə bir nəfər kimi iştirak etməyi özlərinin mənəvi borcu hesab edirdilər. Seçki günü bu yüksək əhvali-ruhiyyənin canlı şahidləri olanlar indi də həmin anların xoş təəssüratlarını sevinc hissi ilə vurğulayırlar. Həmsöhbət olduğum kənd sakinləri fikirlərini daimi izlədikləri qəzetimizin oxucuları ilə bölmək istədiklərini bildirdilər.

Ağalı kənd sakini, DOST AQROPARK şirkətində assistent işləyən Çiçək Gəraylı qeyd etdi ki, növbədənkənar prezident seçkiləri kəndimizdə də yüksək səviyyədə keçirildi və seçicilər istədiyi namizədə səs verdi. Dövlət himninin səsləndirilməsindən sonra səsvermə start götürən kimi seçki məntəqəsinə böyük axın başladı. Həmin anların hisslərini yaşamaq son dərəcə qürurverici oldu. İnsanlar səsvermə üçün növbəyə dayanmışdı. Açığı seçkinin yekdilliklə keçirələcəyini əvvəlcədən bildiyimiz halda aktivliyin bu qədər böyük olacağını gözləmirdik. Həqiqətən də hər bir seçici seçki məntəqəsinə qürurla yaxınlaşırdı. Öz prezidentini seçməyə can atırdı. Seçki tam real və şəffaf şəkildə keçirildi. Qürurverici hal idi ki, kənd sakinləri müasir şəraitdə bərpa olunan kəndimizdə səs verirdi. Biz seçicilərin bu sevincinin əyani şahidi olduq. Seçki məntəqəsində şəffaflığın qorunması və ədalətin təmin olunması üçün görülən bütün işlər hər bir seçici tərəfindən qürur hissilə qarşılandı.

Minayə Mahmudova doğma yurda qayıtdıqdan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur 1 saylı bərpa-tikinti idarəsinin baş mütəxəssisi kimi davam etdirir. Dövlətin hərtərəfli qayğısını yüksək dəyərləndirməklə kənddə müasir quruculuq işlərinin uğurla həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, hər birimiz üçün sevindirici haldır ki, doğma yurdumuza qayıtmışıq. Dövlət tərəfindən keçmiş qaçqınlara göstərilən qayğını ömrümüz boyu unutmayacağıq. Çünki ölkəmizdə insanların rifahının durmadan yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülür. Seçkilərin əhalinin aktivliyi ilə keçiriləcəyini gözləyirdik. Belə də olmalıydı, çünki insana qayğı dövlətimizin əsas siyasi xəttini təşkil edir. Bu səbəbdən də seçkilərin belə səviyyədə keçirilməsi bizləri qat-qat sevindirdi.

Nurəddin Əliyev təqaüdçüdür. O deyir ki, kəndə qayıtdıqdan sonra qaçqınlıq dövründə yaşadığımız ağrıları bir anlığa unutduq. İndi isə ömrümüzün gözəl günlərini yaşayırıq. Ulu öndər Heydər Əliyevin xalqa bağlı siyasətini və dövlət başçımız İlham Əliyevin qətiyyətli rəhbərliyini daim yüksək dəyərləndirmişik. Bu səbəbdən də kənd sakinləri ilə bütün söhbətlərimizdə bunu geniş surətdə təhlil edirik. Bu səbəbdən də seçkilərdə fəal iştirak etməyimizi qərara almışdıq. Seçki məntəqələrinin qarşısında seçicilərin uzun növbəsi yaranmışdı. Bunu yerli və xarici müşahidəçilər də real surətdə gördülər.

M.NƏRİMANOĞLU,

"Respublika".