Qalib xalqımızın gələcəyə inamını ifadə etməsinə sayılı günlər qılır
Siyasət

Qalib xalqımızın gələcəyə inamını ifadə etməsinə sayılı günlər qılır

Xalqımız çox böyük və şərəfli tarixi günlər yaşayır, Qarabağ və Şərqi Zəngəzur 30 ildən sonra azadlığına qovuşub.

Rəşadətli Silahlı Qüvvələrimiz üç il bundan əvvəl və ötən il sentyabrın 19-da Azərbaycanın qaysaq tutmayan yaralı qəlbinə məlhəm qoydu, yadelli işğalçıları torpaqlarımızdan qovdu, separatizmə son qoydu, sərhədlərimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi, ürəklərinin başında gəzdirdikləri üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlara sancdılar. Haqlı olaraq hesab edilir ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri şanlı tariximizin yeni bir səhifəsinə çevriləcək. Həmin gün demokratik və ədalətli şəkildə keçiriləcək seçkilərdə iştirak edən seçicilərin iradəsi Azərbaycan xalqının qəti mövqeyini əks etdirəcək, ölkəmizin dünyada sipərinə çevriləcək, təhdidlərin, böhtanların qarşısını kəsəcək. Otuz ildən artıq dünyanı öz uydurma və yalanlarına inandırmağa çalışan erməni separatçılarının Xankəndidəki "mərkəzi qərargahı", separatizm yuvası rolunu oynamış "hökumət binası"nda indi Azərbaycan bayrağı dalğalanır və orada yeni seçki məntəqəsi yaradılıb.

122 saylı Xankəndi Seçki Dairəsinin sədri Mədinə Abbasova bildirib ki, indi tarixi anlar yaşayırıq. Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. Bütün qəlbimizlə, ruhumuzla bu qüruru hiss edirik. Məmləkətimizin bu qədim şəhəri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam hazırdır. Xankəndi seçki dairəsi üzrə 15 məntəqə fəaliyyət göstərir. Onlardan 2-si Xankəndinin özündə, 13-ü isə respublikamızın digər bölgələrində yerləşir. Bütün məntəqələr, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, təminat və təchizatla bağlı məsələlər həll edilib. Dairə seçki komissiyasının sədri qeyd edib ki, Xankəndi şəhərindən olan seçicilərimiz otuz ildən sonra burada keçirilən seçkiyə böyük ruh yüksəkliyi ilə hazırlaşıblar. Bu seçki Xankəndidə əsl bayrama çevriləcək. Seçici siyahısında olan bütün seçicilərimizin hər birini 7 fevral prezident seçkiləri ilə əlaqədar Xankəndi şəhərində səsvermə hüququndan istifadə etməyə dəvət edirəm.

Tariximizin incisi, Qafqazın sənət məbədi, konservatoriyası, Azərbaycan musiqisinin beşiyi Şuşa üç ildir ki, azad nəfəs alır. 44 günlük Vətən müharibəsində uzun illər işğal altında qalan torpaqlarımızı qəsbkarlardan azad edən, şəhidlərimizin qisasını döyüş meydanında alan, yurd yerlərimizə üçrəngli bayrağımızı sancan şanlı ordumuzun fədakarlığı sayəsində Şuşa işğalçıların caynaqlarından xilas edilib. İndi Şuşa qonaqlarını qarşılayır, şəhər addım-addım əvvəlki görkəminə qayıdır, burada tarix və müasirlik bir-birinə qovuşur, bu qədim şəhərin gecələri nura boyanır, gündüzləri isə daha gözəl və cazibədar olur. Şuşadan olan keçmiş məcburi köçkünlər bu il öz doğma şəhərlərinə qayıdacaqlar. Qeyd edək ki, artıq Şuşa şəhərində xeyli şuşalı çalışır. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa prezident seçkilərinə hazırlaşır, burada şəffaf seçkinin keçirilməsi üçün bütün şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Şuşada 1189 nəfər seçicinin səs verməsi nəzərdə tutulub. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Dairə Seçki Komissiyasının Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsində artıq bildirişlərin paylanması prosesi başa çatıb. 105 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova bildirib ki, məntəqəmiz Şuşada yeni inşa edilmiş 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Binada müasir infrastruktur mövcuddur, məntəqə lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi, istiliklə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, şəffaf seçki qutuları, mürəkkəb, ultrabənövşəyi lampalar gətirilib.

Salman ALIOĞLU,

"Respublika".