Qarabağ və Şərqi Zəngəzurda kitabxana şəbəkələrinin yenidən təşkili və formalaşması
Elm və təhsil

Qarabağ və Şərqi Zəngəzurda kitabxana şəbəkələrinin yenidən təşkili və formalaşması

Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ olan 2020-2023-cü illər itirilmiş torpaqlarımızın qaytarılması baxımından çox əlamətdar olmuşdur. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, əsgərlərimizin şücaəti sayəsində müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Dövlətimiz digər sahələrdə olduğu kimi, hərbi sahədə də dünya səviyyəsində özünü bir daha təsdiqlədi. Eyni zamanda 2024-cü ildə ilk dəfə olaraq respublikanın ərazi bütövlüyü şəraitində keçirilən demokratik seçkilərdə cənab İlham Əliyev yenidən dövlət başçısı seçildi. Yeni mərhələdə respublikamızın bütün fəaliyyət sahələrində böyük inkişaf tendensiyası hiss olunur.

Hazırda işğaldan azad olunmuş sahələrdə yeni infrastrukturlar formalaşır. Qarabağ və Şərqi Zəngəzur zonasında bu gün bütün sosial infrastruktur, mədəniyyət, elm, təhsil, iqtisadiyyat sahələrində böyük işlər görülür. "Ağıllı kənd" layihəsi əsasında formalaşan yaşayış massivlərində əhalinin məskunlaşması onların həyat tərzinin müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Bugünkü informasiyalaşmış cəmiyyətdə əhalinin informasiya tələbatının ödənilməsində sənəd-informasiya dövriyyəsi xüsusi əhəmiyyət kəsb edir. Sənəd-informasiya dövriyyəsinin təşkilində cəmiyyətin sosial təsisatlarından olan kitabxana informasiya müəssisələri mühüm rol oynayır. Respublikamızda əhalinin kitabxana-informasiya tələbatını ödəyən kifayət qədər müxtəlif tip kitabxanalar fəaliyyət göstərir. Buna misal olaraq, Milli kitabxananı, kütləvi kitabxana şəbəkəsini, uşaq, gənclər, texniki kitabxanalarını, Prezidentin İşlər İdarəsinin Prezident kitabxanasını, Azərbaycan Respublikası Parlament Kitabxanasını, səhiyyə, kənd təsərrüfatı, fiziki qüsurlu şəxslər üçün, elm, ali məktəb, məktəb, bələdiyyə kitabxanalarını və s. göstərmək olar.

Uzun illərdən bəri bu kitabxanalar sistemli cəhətdən formalaşmışdır və bu gün respublika əhalisinin müxtəlif təbəqələrinin - uşaqların, gənclərin, tələbələrin, elmi işçilərin, mütəxəssislərin, rəhbər işçilərin, alimlərin, kütləvi əhalinin kitabxana-informasiya tələbatını ödəyir. Eyni zamanda qeyd etmək lazımdır ki, respublikamızda kitabxana işinin modelləşdirilməsi sahəsində uğurlu addımlar atılır. Hazırda kitabxana xidmətinin texnoloji modeli - sənəd-informasiya dövriyyəsinin avtomatlaşdırılması öz həllini tapır. Bu gün qarşıda duran prioritet istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda kitabxana şəbəkələrinin yenidən qurulması və formalaşdırılmasıdır. Hələ işğaldan əvvəlki dövrdə də burada kitabxana şəbəkələri fəaliyyət göstərirdi: vilayət səviyyəli kütləvi kitabxana, Uşaq və gənclər kitabxanaları, vilayət ərazisində yerləşən rayonların mərkəzləşdirilmiş kitabxana sistemi və s. kitabxanalar mövcud olmuşdur. Lakin məlum olduğu kimi, bu mədəni-maarif müəssisələri də işğalçı ermənilərin vandalizmi nəticəsində məhv edilmişdir.

Qeyd etdiyimiz kimi, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda kitabxana şəbəkələrinin yenidən təşkili prioritet istiqamət olaraq meydana çıxır. Bu prosesin həyata keçirilməsində həm elmi-nəzəri, həm də təcrübi fəaliyyət sahəsində uğurlu addımlar atılmalıdır. Ümumiyyətlə, yeni ərazilərdə kitabxana şəbəkələrinin yaradılması əhalinin yerləşdirilməsindən çox asılıdır. Əhalinin sayına müvafiq kitabxanaların təşkilində ərazi prinsipi aktuallıq kəsb edir. Eyni zamanda əhalinin məskunlaşdığı ərazidə sənaye və iqtisadi təsisatların olması da texniki və sənaye kitabxanalarının yerləşdirilməsini tələb edir.

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda "Ağıllı kənd" layihəsində yaşayış massivləri təşkil edilir, məktəblər fəaliyyətə başlayır, bu halda bağça, məktəb, uşaq və gənclər kitabxanalarının təşkilinə ehtiyac duyulur. Təbii ki, ali məktəblərin yaradılıb formalaşdırılması onun elmi kitabxanasının da təşkilinə stimul verə bilər. Hazırda respublikamızda kitabxana şəbəkələri və sistemləri mövcuddur. Dövlət kitabxana siyasəti bu infrastrukturu maliyyələşdirir və idarə edir. Kitabxana işi haqqında qanun respublika kitabxanalarının hüquqi bazası olaraq dövlət kitabxana siyasətinin bütün parametrlərini özündə əks etdirir. Tipologiyasından asılı olmayaraq "Kitabxana işi haqqında" qanun kitabxanaların modelləşdirilməsinə təsir edir. Kitabxanalar da öz növbəsində əhalinin mütaliə mədəniyyətinin formalaşmasına, müxtəlif peşə sahiblərinin, təhsil alan və təhsil verənlərin informasiya tələbatının ödənilməsinə, həmçinin milli ideologiyanın təbliğinə xidmət edir. Zənnimcə, respublikamızda formalaşmış kitabxana-informasiya modeli yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda tətbiq ediləcək və əhalinin mütaliə tələbatını uğurla təmin edəcək.

Elçin ƏHMƏDOV,

Bakı Dövlət Universitetinin İnformasiya və

sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq

kafedrasının müdiri, dosent.