Şəhidimiz ehtiramla yad olundu
Sosial həyat

Şəhidimiz ehtiramla yad olundu

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon Meyniman kənd Folklor evində Vətən müharibəsi şəhidi Mehti Yalçın oğlu Şıxəliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi və bir qrup mədəniyyət işçiləri, şəhid ailələri, kənd əhalisi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak etdilər.

Mərasimdə şəhidin şücaət və qəhrəmanlıqlarından və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərimizdən geniş söhbət açıldı. Anım günündə şəhidin anası, döyüş yoldaşları şəhid Mehti Şıxəliyev haqqında xatirələrini bölüşdülər. Şəhidin keçdiyi ömür yolu qürur hissi ilə yad olundu.

Vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələrinin səsləndirilməsi ilə davam etdirilən tədbirdə şəhidin həyat yolundan bəhs edən sərgi ilə tanış oldular.

Tofiq Hüseyn,

“Respublika”.