Vətən Müharibəsi Qəhrəmanı anılıb
Sosial həyat

Vətən Müharibəsi Qəhrəmanı anılıb

Torpaq uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalan, xalqın qürur yeri, fəxri olan belə örnək ömürlü mərd oğullardan biri də Lerik rayonu Livədirqə kəndində dünyaya göz açan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhidi Əmrah Şahid oğlu Əkbərovdur.

Qarabağın azadlığını, erməni dığalarını məhv edib o müqəddəs torpaqlarda dalğalanan üçrəngli bayrağımızı görmək arzusu Əmrahda hərbçi peşəsinə böyük maraq yaradıb. Odur ki, 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Bu şərəfli peşəyə daha mükəmməl yiyələnmək üçün 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 4 ildən sonra oranı bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı vəzifəsində canından artıq sevdiyi Vətəninin keşiyində durub. Məqamı gələndə onun yolunda hər an canını fəda etməyə and içib. Qısa müddətdə olduqca mərhəmətli, xeyirxah insan, Vətəninə ürəkdən bağlı, mərd, cəsur komandir böyük hörmət qazanıb.

2020-ci ilin 27 sentyabrında başlanan haqq savaşımız zamanı Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərə qatılır. "Biz mütləq qələbə qazanarıq", - deyib atıldığı odlu-alovlu səngərdən düşmənə sarsıdıcı zərbələr endirir. Hadrut döyüşlərində düşmən tərəfindən atılan güllə onun ürəyinə dəyir. Azərbaycanın ərazi bütövlüyünü hər şeydən vacib sayan igid komandir son damla qanına qədər vuruşub şəhadətə qovuşur. Beləcə, Vətən sevgisi Əmraha parlaq ulduzlar dünyasında əbədi bir həyat gətirir. "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülür. "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunur.

Qəhrəman şəhid Əmrah Əkbərovun xatirəsini leriklilər daim əziz tutur, onunla qürur duyur və gələn nəsillər üçün adına layiq yadigarlar qoyurlar. Bu günlər isə şəhid olduğu üçüncü ildönümündə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri Vətən sevdalısının məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra rayon rəhbəri şəhidin ailəsinin yaşadığı evə gələrək burada Əmrahın qəhrəmanlığı haqqında danışıb, onların qayğı və problemlərini öyrənib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.