Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir
Digər xəbərlər

Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir

Ermənistan rəhbərliyinə Qarabağda yaşayan erməni əhalisinə, o cümlədən hayların "qayğısına qalan" bütün beynəlxalq təşkilatlara dəfələrlə təklif olunub ki, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş, humanitar təyinatlı yüklərin çatdırılması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə edilsin. Eyni təklif orada müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına da edilib. Bu, dövlətimizin suveren hüququdur. Digər tərəfdən, Ağdam-Xankəndi yolundan istifadə erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə  reinteqrasiya prosesinə və Qarabağdakı kommunikasıyaların, xüsusən də yol-nəqliyyat ifrastrukturunun ölkənin ümumi və vahid sisteminə qoşulmasına yardım edəcək. Yenidən qurulmaqda olan Ağdam-Xankəndi yolu humanitar yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır.

Ağdamdan keçən kommunikasiya xətləri, avtomobil yolu və dəmir yolu təkcə keçmiş vilayətin deyil, həm də Laçın rayonunun bütün ehtiyaclarını təmin edirdi. Bununla yanaşı, Xankəndiyə, Şuşaya, Laçına ölkəmizin Bakıdan gedən ən qısa yol məhz Ağdamdan keçir. Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmir yolu ilə hərəkət daha əlverişlidir. Bundan başqa, 1991-ci ilə qədər Kəlbəcər rayonunun bütün kommunikasiyaları və nəqliyyat ehtiyacları da keçmiş vilayət ərazisindən Bərdə-Tərtər-Kəlbəcər xətti və yolu ilə təmin edilirdi.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, Ermənistan rəhbərliyinin məsələyə bu cür destruktiv yanaşması sülh müqaviləsinin imzalamasının ləngiməsinə hesablanmış addımdır: "Təxribatların səbəbi aydındır. Belə ki, qarşıda sülh müqaviləsinin imzalanması kimi çox vacib bir məsələ var. Bu ərəfədə Nikol Paşinyan İranın, Hindistanın və Fransanın havadarlığı ilə mövcud vəziyyəti qəlizləşdirir. Dəfələrlə Brüssel və Moskva görüşlərində bu məsələlər ətrafında danışıqlar aparılsa da, sülh müqaviləsinin imzalanmasının vacibliyi vurğulansa da, baş nazir Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan sülh gündəliyindən kənar bəyanatlar ilə prosesi uzatmaq niyyəti güdürlər. Laçın dövlət sərhədində yaradılmış süni sıxlıq, Xankəndidəki "oturaq aksiya" - bütün bunlar təxribat xarakteri daşıyır. Bununla yanaşı, bəzi dövlət rəsmilərinin bəyanatları isə heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlmir.

Laçın yolundan ermənilər daim cinayət tərkibli əməllər üçün istifadə etmişlər. Müxtəlif diversiya qruplarının hərəkəti, silah-sursatın keçirilməsi, narkotik tranziti məhz bu yol vasitəsi ilə reallaşdırılırdı. Digər tərəfdən anti-Azərbaycan blokunun qərəzli siyasi simaları da məhz qəsdən bu yol vasitəsilə Xankəndiyə səfərlər həyata keçirmişlər. Artıq Azərbaycan dövləti bu cür qanunsuz əməllərin qarşısını alıb. Laçında yaradılmış sərhəd-buraxılış məntəqəsi Azərbaycanın haqq işidir və təhlükəsizliyinin qarantıdır. Məhz sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra haylar bu yol vasitəsilə artıq öz çirkin əməllərini reallaşdıra bilmirlər. Bu yol yalnız humanitar məqsədlər üçün açıqdır. Lakin bu o demək deyil ki, bütün iritonnajlı yük maşınları ancaq bu yol üzərindən keçməlidir. Bunun üçün Azərbaycan dövləti yüksək keyfiyyətə və bütün texniki şərtlərə cavab verən Ağdam-Xankəndi yolunu təklif edir. İyulun 15-də keçirilən Brüssel görüşündə də, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu yolun daha əlverişli olduğunu qeyd etdi. Lakin Nikol Paşinyan bu fikirlə razılaşmadı.

Sülh prosesini ləngitmək üçün Ermənistan rəhbərliyi hər yola əl atır. Bəhanələr, siyasi şoular da məhz buna xidmət edir. Lakin Ermənistan tərəfinin çırpınışları fayda verməyəcək. Azərbaycan dövləti bu məsələdə qətiyyətlidir. Ağdam-Xankəndi yolundan istifadə təklifi beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur və Azərbaycanın milli maraqlarına xidmət edir".

Nurlan ABDALOV,

"Respublika".