Ekofəalların aksiyası Azərbaycan ictimaiyyətinin narazılığının ifadəsidir
Digər xəbərlər

Ekofəalların aksiyası Azərbaycan ictimaiyyətinin narazılığının ifadəsidir

Ekofəalların mübarizə əzmi hər gün biraz da artır.  Bunu onların heç bir maneəyə baxmayaraq hər gün eyni həvəs və iradə ilə davam etdirdikləri aksiyada aydın şəkildə görmək olur. Gecə-gündüz bilmədən, havanın şaxtalı olmasına baxmadan aksiya iştirakçıları öz etirazlarını sivil şəkildə bildirirlər. Hər səhər Azərbaycan dövlət himninin səsləndirilməsi ilə günə başlayan  ekofəalların mübarizəsi yüksək əhvali-ruhiyyə ilə davam edir. Artıq 87 gündür azərbaycanlı gənc fəallar Laçın-Xankəndi yolunda “Qızılbulaq" və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər. Aksiya iştirakçılarının tələblərindən biri də Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovun əraziyə gəlməsidir. Bu günə qədər etiraz aksiyasında iştirak edən ekofəallar tərəfindən heç bir insident baş verməmişdir. Yol hər iki tərəfdən  açıqdır. Gediş-gəlişə heç bir maneə törədilmir. Düzdür, Ermənistan tərəfi yolun guya humanitar məqsədlər üçün bağlı olduğunu bildirsə də, əslində belə deyil. Yolda hər iki istiqamət üzrə gediş-gəliş maneəsiz təmin olunur. Sözsüz ki, heç bir blokadadan da söhbət gedə bilməz. Hazırda Rusiya sülhməramlı kontingentinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər sərbəst şəkildə hərəkətini davam etdirir. Ermənistan hər zaman olduğu kimi,  avantürist hərəkətləri və yalan məlumatları ilə dünya ictimaiyyətini aldatmağa çalışsa da, əslində aksiya dinc şəkildə öz işini davam etdirir.

O ki qaldı Ermənistanın boş hay-küy salmaqla ağlaşma qurmasına, bu, onların köhnə adətidir. Daha heç kim ermənilərin timsah gözyaşlarına inanmır. Martın 5-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə Görüşünü işıqlandırmaq üçün ölkəmizə gələn xarici ölkələrin media nümayəndələri ərazidə olmuşlar. Aksiya barədə məlumatlandırılan media nümayəndələri təmsil etdikləri mətbu orqanlar vasitəsilə aksiya barədə reportajlar yayımlayıblar.

Azərbaycan dövləti Qarabağ ərazisində yaşayan etnik erməni icmasının nümayəndələri ilə görüşlərin təşkilinə hər zaman maraqlıdır. Belə ki,  martın 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədovun Qarabağda yaşayan erməni vətəndaşların təmsilçiləri ilə görüşü baş tutub.

Ekofəallar aksiyanı davam etdirməkdə israrlıdırlar. Tələblərinin yerinə yetirilməsini istəyirlər. Onların tələbləri isə Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir. 30 illik işğal dövründə Ermənistan Qarabağ bölgəsində təbii sərvətlərimizi talan  etmişdir. Təbii ehtiyatlarla zəngin yataqlarımız istismar edilməklə yanaşı,  həm də təbiətə böyük zərər vurulmuş, çaylarımıza, şirin su hövzələrimizə kimyəvi maddələr axıdılmışdır. Bu gün də ermənilərin qanunsuz əməlləri davam edir. Azərbaycan ictimaiyyəti və gənc ekofəallar haqlı olaraq  buna etiraz edirlər.

Ramidə YAQUBQIZI,

“Respublika”.