Xınalıq sakinləri ilə görüş
Sosial həyat

Xınalıq sakinləri ilə görüş

Mayın 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Qubanın Xınalıq kəndində vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinlərin fikirləri dinlənilib, sualları cavablandırılıb və müvafiq tapşırıqlar verilib.

Agentlikdən verilən məlumatda bildirilir ki, əsasən kəndin özünəməxsus memarlıq üslubunun qorunması ilə evlərin bərpası və təmir işlərinin aparılması məsələləri üzrə keçirilən qəbulda kəndin turizm potensialının inkişaf etdirilməsinin məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəlməsinə töhfə verdiyi bildirilib.

Prezident İlham Əliyevin tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində verdiyi göstəriş və tapşırıqların icrası çərçivəsində DTA tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işləri davam edir. Xınalığın coğrafi mövqeyi və relyefinə görə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyü səbəbindən evlərin təmiri və bərpası mərhələli şəkildə icra olunur.

Ötən il Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təsvir olunan “Xınalıq və “Köç Yolu”nun Mədəni Landşaftı” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib.

“Respublika”.