YÜKSƏK NƏTİCƏLƏRƏ GÖRƏ GƏNCLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB
Region

YÜKSƏK NƏTİCƏLƏRƏ GÖRƏ GƏNCLƏRƏ MÜKAFATLAR TƏQDİM OLUNUB

Üç ildir ki, Masallı rayonunda Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə "Masallı Təhsil Fondu" fəaliyyət göstərir. Yarandığı vaxtdan fond tərəfindən ali məktəblərdə oxuyan 160 tələbə qıza təqaüd verilib və onların təhsil haqları ödənilib.

Fondun təşəbbüsü ilə bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, hazırda ölkənin müxtəlif universitetlərində pedaqoji ixtisaslar üzrə təhsil alan gənclərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ulu öndərin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov imtahanlarda qazandıqları yüksək nəticə münasibətilə gəncləri təbrik edib, ölkəmizdə təhsilin inkişafına davamlı şəkildə qayğı göstərildiyini, bu sahədə yeni, müasir layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. İcra başçısı rayonda qızların təhsilinə diqqətin artırıldığını, şəhid, aztəminatlı ailələrin qız övladlarının təhsil haqlarının "Masallı Təhsil Fondu" tərəfindən ödənildiyini və tələbə qızlara aylıq təqaüd verildiyini təqdirəlayiq hal kimi qiymətləndirib.

"Masallı Təhsil Fondu"nun icraçı direktoru Hüseyn Hüseynov bildirib ki, qızların təhsilinə dəstək olan fond tərəfindən 87 tələbənin təhsil haqqının ödənildiyini, 73 tələbəyə aylıq təqaüd verildiyini bildirib. Hər bir tələbəyə ayda 100 manat, şəhid övladları - Firuzə Novruzova və Xədicə Abbasovaya isə hər ay 200 manat təqaüd verildiyini qeyd edib.

Milli Məclisin üzvlərindən Məşhur Məmmədov, Anar İsgəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov gənclərə müstəqil Azərbaycanın bilikli, savadlı, layiqli vətəndaşı olmağı və doğma Masallının adını daim uca tutmağı arzulayıblar.

Şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, Lalə Əsədzadə və Türkan Həsənova ölkəmizdə gənclərin təhsilinə göstərilən yüksək qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış Vüsal Nəcəfzadə, Fazil Qəribəliyev və Zəhra Alışovaya, semestr imtahanlarında 90 baldan yüksək nəticə qazanmış 7 tələbəyə Fəxri fərman və mükafatlar təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".