DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN: RUSİYA SANKSİYALARIN TƏSİRİNDƏN UĞURLA ÇIXACAQ

“Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur”. “APA”nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclas zamanı bildirib.

Dövlət başçısı sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20 faiz, avroməkan üçün isə ümumilikdə 11 faiz artdığını qeyd edib.

“Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”, - deyə Vladimir Putin vurğulayıb.

Bununla yanaşı, Rusiya lideri ölkəsinin sanksiyaların təsirindən uğurla çıxacağını bəyan edib.

 

ABŞ BƏZİ MƏLUMATLARIN UKRAYNAYA ÖTÜRÜLMƏSINI QADAĞAN EDIB

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün təlimatlar hazırlayıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Verilən xəbərə əsasən, bu qərarı ABŞ Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün verib.

Qadağanın kateqoriyalarından biri Ukrayna xaricindəki Rusiya obyektlərinə hücum etməyə kömək edəcək istənilən məlumatla bağlıdır. Qadağanın məqsədi ABŞ-ı “Ukraynanın Rusiya daxilində həyata keçirə biləcəyi” mümkün hücumlarda iştirakdan saxlamaqdır.

Hazırda Kiyev və Vaşinqton arasında kəşfiyyat üzrə əməkdaşlığa Ukraynanın "real vaxt rejimində" aldığı rus qoşunlarının yeri və hərəkəti haqqında məlumatlar, peyk şəkilləri və ABŞ-dakı məxfi Amerika mənbələrindən toplanmış hesabatlar daxildir.

 

SANKSİYALAR AVROPANIN ƏN BÖYÜK LİMANININ İŞİNƏ CIDDI TƏSİR EDİB

Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Rotterdamda yerləşən Avropanın ən böyük limanının fəaliyyətinə mənfi təsir göstərib və bu məhdudiyyətlərin nəticələri ilin sonuna qədər artacaq. “Trend”in xəbərinə görə, bu barədə “Bloomberg” agentliyinə liman administrasiyasının rəhbəri Allard Kasteleyn bildirib.

Liman rəsmisi izah edib ki, indiyədək sanksiyalar limanın fəaliyyətinə “nisbətən məhdud” təsir edib. Eyni zamanda, hər bir yeni məhdudlaşdırıcı tədbirlər paketi təchizat zəncirlərinə özünəməxsus şəkildə təsir göstərir. Belə ki, əgər məhdudiyyətlər malların dəyəri ilə bağlıdırsa, o zaman bütün bu mallar və konteynerlər yoxlanılmalıdır və beləliklə, tədarük zəncirində gecikmələr yaranması riski olur.

“Sanksiyaların artan təsirini görürük. Bu, birinci rübün ortalarında başlamışdı, lakin biz ilin qalan hissəsində daha əhəmiyyətli təsir gözləyirik”, - Allard Kasteleyn qeyd edib.

 

TÜRKİYƏNİN YENİ HÜCUM TƏYYARƏLƏRİ İLK UÇUŞUNU GƏLƏN İL EDƏCƏK

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi ilk uçuşunu gələn il edəcək. “Report”un məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir qeyd edib.

Sədrin sözlərinə görə, təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. “2023-cü il milli döyüş təyyarələrimizin anqardan çıxıb ilk uçuşunu həyata keçirəcəyi tarixdir”, - deyə İ.Dəmir bildirib.

Bir müddət öncə İsmayıl Dəmir vurğulamışdı ki, “Hurjet” xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil “F-35” qırıcısını keçəcək.

“Hurjet” Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti tərəfindən hazırlanıb. “Hurjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kiloqrama qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun bu il baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

 

ALMANİYA KANSLERİ FİNLANDİYANIN NATO-YA ÜZVLÜYÜNÜ DƏSTƏKLƏYİB

Almaniya Kansleri Olaf Şolts Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib. “APA”nın “CNN” telekanalına istinadən xəbər verir ki, kansler “Twitter” hesabındakı paylaşımında Finlandiyanın alyansa üzvlüyünü Berlinin tam dəstəklədiyini qeyd edib.

“Mən Finlandiyanın NATO-ya dərhal qəbul edilməsi lehinə qərarını alqışlayıram”, - deyə Olaf Şolts vurğulayıb.

Kansler qeyd edib ki, Finlandiya prezidenti Sauli Niinistö ilə telefon danışığı zamanı onu Almaniya hökumətinin Finlandiyaya tam dəstəyi ilə bağlı əmin edib.

Finlandiya prezidenti Sauli Niinistö isə  Almaniyaya dəstəyə görə minnətdar olduğunu qeyd edib. Prezident əlavə edib ki, tərəflər söhbət zamanı həmçinin Ukraynada sülhə nail olunmasının zəruriliyini müzakirə ediblər.

 

UKRAYNAYA DƏYƏN ZİYAN 600 MİLYARD DOLLARA YAXINLAŞIR

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkəyə dəyən ümumi ziyanın məbləği 600 milyard dollara çatır. Bu barədə “Report” agentliyi Ukrayna mətbuatına istinadən xəbər verib.

Məlumata əsasən, iki ay yarım davam edən müharibədə 31 milyard ABŞ dolları dəyərində yaşayış sahəsi dağıdılıb və ya zədələnib. Yaşayış fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne kimi şəhərlər zərər çəkib.

Ümumilikdə fevralın 24-dən indiyədək Ukraynada azı 1000-ə yaxın məktəb, 508 tibb müəssisəsi, 562 uşaq bağçası, 295 körpü, 156 anbar, 102 dini bina, 83 inzibati bina, 27 neft bazası və 12 mülki hava limanı zədələnib və ya dağıdılıb.

Xatırladaq ki, Ukrayna Rusiya qoşunlarının limanları bağlaması səbəbindən hər gün 170 milyon ABŞ dolları itirir.

 

KİM ÇEN IN ÖLKƏDƏ BÜTÜN BÖLGƏLƏRƏ GİRİŞ-ÇIXIŞI BAĞLAMAQ ƏMRİ VERİB

Şimali Koreya hökuməti ölkədə ilk koronavirusa yoluxma halının müşahidə olunduğunu və fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb. Nəticədə bir nəfərdə “omikron” ştammının yarımnövünün aşkarlanması qeydə alınıb.

Bununla bağlı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. Şimali Koreya lideri Kim Çen Inın da daxil olduğu hakim komandanın üzvləri məsələni müzakirə etmək üçün keçirdikləri toplantıda “pandemiyadan maksimum qorunma sistemi” tətbiq edəcəklərini açıqlayıblar.

Eyni zamanda, verilən xəbərə görə, Kim Çen In ölkədəki bütün əyalət və şəhərlərə giriş-çıxışın bağlanılmasına çağırıb.

 

ABŞ HİPERSƏS SİLAHLARINI İZLƏMƏK ÜÇÜN ORBİTƏ PEYKLƏR BURAXACAQ

ABŞ-ın Müdafiə Nazirliyi hipersəs və ballistik raketləri izləmək üçün 2023-cü ilin martında orbitə iki prototip peyk buraxmağı planlaşdırır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun Raketdən Müdafiə Agentliyinin direktoru, ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Con Hill bildirib.

“Hər iki qurğu orbitə elə qaydada buraxılacaq ki, onların sayəsində ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının əməliyyat sahəsində sınaqları müşahidə etmək mümkün olsun. Gələcəkdə isə bütöv bir peyk şəbəkəsi yaratmaq mümkün olacaq”, - deyə vitse-admiral vurğulayıb.

Bununla yanaşı, Con Hill əlavə edib ki, hazırda layihə üzərində rəqabət aparan üç özəl şirkət işləyir, onlardan yalnız biri və ya ikisi gələcək fəaliyyət üçün seçiləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.